“Ölkə” qəzeti "SOCAR-ın tam məxfi əmrləri” yazısına görə, müzakirəyə çıxarılacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkəri (ARDNŞ) "Ölkə" qəzetilə bağlı Mətbuat Şurasına müraciət edib. Buna səbəb kimi qəzetin 05-11 may 2011-ci il tarixli sayında dərc olunmuş "SOCAR-ın tam məxfi əmrləri" sərlövhəli məqələ göstərilir.
Sözügedən məqalədə ARDNŞ-in hesabatlarının tam əhatəli olmamasından, qurumun fəaliyyəti barədə informasiya əldə etməyin çətinliyindən, SOCAR brendi altında xarici ölkələrdə qurulmuş biznes şəbəkəsi vasitəsilə əldə olunan gəlirlər barədə ictimaiyyətə məlumat verilməməsindən, eləcə də mənşəyi bəlli olmayan şirkətlərlə müqavilələr bağlanmasından bəhs olunub.
ARDNŞ-nin məktubunda qeyd olunur ki, şirkət və onun prezidenti cənab Rövnəq Abdullayevin fəaliyyəti ictimaiyyət üçün açıqdır və bu haqda şirkətin rəsmi saytından kifayət qədər informasiya almaq mümkündür.
ARDNŞ “Ölkə” qəzetinin "Kütləvi İnformasiya Vasitələri Haqqında" Qanunun 8-ci maddəsinə əməl etmədiyini əsas gətirərək nəşri qarşı tərəfin mövqeyini öyrənmədən məlumat yaymaqda ittiham edir.
“Ölkə” qəzeti isə ARDNŞ-nin Mətbuat Şurasına ünvanladığı müraciətə cavab olaraq açıqlama yayıb.
Açıqlamada bildirilir: “Biz "SOCAR-ın tam məxfi əməlləri" başlıqlı məqaləni hazırlamazdan 10 gün öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə informasiya sorğusu göndərmişik(Fax: 521 03 83). Lakin təəssüf ki, sorğumuza ARDNŞ tərəfindən cavab verilməyib. Bundan başqa, biz dəfələrlə şirkətin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə zəng etmişik(Tel: 521 01 29). Çoxsaylı cəhdlərimizə baxmayaraq zənglərimizə cavab verən olmayıb”.
RUSLAN