Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

“AZAD O İNSANDIR Kİ, İSTƏYİNİN ƏSARƏTİNDƏN QURTULSUN” -MÜSAHİBƏ-FOTOSESSİYA

Hacı Şahin: “İnkişaf etmiş ölkə nümunəsi tanımıram”

“Bu mövzuda hətta peyğəmbərin sözü belə, əsas ola bilməz”

“Müsəlman olmağın mənası o deyil ki, fərdi ibadətlərə qapılasan, ictimai məsuliyyətdən kənarda durasan və başqalarını unudasan. Müsəlman o şəxsdir ki, cəmiyyətə başqalarından daha çox fayda verə bilir. Başqalarına fayda insan üstünlüyünün meyarıdır”.


Bu gün Azərbaycan cəmiyyətinin məntiqlə deyilən fikirlərə böyük ehtiyacı var. Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli ilə məhz bu həqiqətdən çıxış edərək görüşdük. Yenə Simsar.az saytının oxucularına maraqlı müsahibə təqdim edirik.

- Ceyhun Musaoğlu: Dünyada yaşanan proseslərin prizmasından boylananda sanki hər yerdə dinsizliyin hökm sürdüyünü görürük. Hər halda jurnalistlərin əksəriyyəti belə dərk edir. Siz dinin bizlərdən daha çox bilicisisiz. Gördüklərimiz yanlış deyil ki?

- Hacı Şahin Həsənli: Ola bilsin ilk təəssürat sizdə belə ovqat yaradıb. Mənsə fərqli düşünürəm. Yaşadığımız bu əsr insanların mənəvi dəyərlərə üz tutduğu, inancın intibahı əsridir. Hətta bir çox siyasətçilər artıq etiraf edirlər ki, yanaşmalarında yanlışlığa yol veriblər. Məsələn, Madlen Olbrayt kitabında yazır ki, onlar dünya siyasətində dinin rolunu indiyə qədər düzgün qiymətləndirməyib. Həmin kitabdan oxuyuruq: “Sekulyarizmi, dünyaviliyi dini səhnədən çıxartmağa çalışmışıq və artıq bu siyasətin səhv olduğunu anlayırıq. Başa düşürük ki, din lazımsız ayaqqabı deyil ki, onu kənara atmaq olsun”. Sovet dövründə dinlərin yox olcağı tezisi vardı. Deyirdilər ki, elm, daha dəqiqi texnologiya inkişaf etdikcə din dövrü bitəcək. Amma əksi oldu. Hadisələr göstərir ki, din aktuallaşır. Buna görə də belə bir fikir var ki, dinə olan münasibətə fərqli düşüncəylə qiymət verilməlidir.

-İradə Nürəddinqızı: Razılaşırsızmı, dinə qayıdış prosesi başlasa da, konkret İslam dini ciddi hədəf altındadı?

-H.Ş: Görünən bir mənzərə də var. Din ona ayrılmış yerlə kifayətlənmək istəmir. O daha geniş müstəviyə çıxmağa çalışır. Dini bütün ictimai proseslərdən kənarlaşdrıb, bir küncə sıxmaqla problemi həll etmək mümkün deyil. Bu reallığı anlayan insanların sayı çoxalır və təəccüblü deyil ki, dünyada konfliktlər dini zəmində baş verir. İllər boyu inanca qarşı aparılmış siyasət dünya miqyasında əks reaksiya doğurmağa başlayıb və bəzən arzu olunmaz şəkildə təzahür edir. Cəmiyyətin ruhu inacsız yaşaya bilməz. İstənilən xalqın mədəniyyətində inancın rolu əvəzsizdir. Gələcəkdə dinin rolu daha da artacaq. Dini aşağılamaq məqsədilə tarix boyu müxtəlif vasitələrə əl atıldı. Məsələn, inancdan insanları çəkindirmək üçün dinin qorxunc siması yaradılıdı. “Taliban”, “İslam terrorizmi” kimi adlar taparaq dində terorçu obrazı formalaşdırmağa başladılar. Sadə dillə desək, dindən “xoxan” yaratmaq siyasəti həyata keçirilirdi. Artıq yalançı təbliğat dövrü ömrünü başa vurmağa doğru gedir. Avropa ölkələrində İslama maraq artır. Nəyisə həddən artıq gözdən salmağa çalışanda insanlarda ona qarşı maraq yaranır. Artıq dinlərarası dialoq haqqında danışmağa başlayıblar. Qlobal anlamda din siyasəti iflasa uğrayıb və bu məsələlərə yenidən baxmaq zərurəti yaranıb. Yeni bir dövrün astanasındayıq. İnanc tədricən insanların təfəkküründə və ictimai proseslərdə öz layiqli yerini tutacaq.

- C.Musaoğlu: Dinlər arasında təfriqələr kifayət qədər şaxələnib. Təbii ki, parçalanma heç vaxt mübarək hadisə ola bilməz. Vəziyyətin bu həddə çatması düşünülmüş siyasətdir, yoxsa cəmiyyətlərin dərk etməsinin səviyyəsində problem var?

- H.Ş: Bir zaman dini təsübkeşliyin qarşısını almaq üçün Avropada plüralizm ideyası ortaya atıldı. Plüralizm həqiqətin nisbiliyinə əsaslanan nəzəriyyədir. Dinlərarası münaqişənin qarşısını alamaq üçün, müxtəlif inanca sahib insanlar rasında konfliktlərin baş verməməsi üçün belə bir fikir ortaya atıldı ki, həqiqət nisbidir. Hər hansı insan nəyisə özünə haq olaraq qəbul edirsə bu, onun haqqıdır, Ortaya fikirlər atıldı ki, həqiqət hər insanın öz seçimidir. İslam dini isə insanların hansı seçim etməsindən asılı olmayaraq, həqiqətin mütləq olduğuna əsaslanır. İslamın tezisi belədir ki, hər bir insan ağla malikdir və haqqı seçə bilər. Haqq dinlərin sonuncusu olan İslam dinidir. Bu digər peyğəmbərləri inkar etmək anlamına gəlmir. Bütün dinlərin aparıcı pyğəmbərlərini biz ən dəyərli şəxsiyyətlər kimi qəbul edirk. Quran başqa peyğəmbərlərə də İslam peyğəmbəri kimi eyni sayğı və hörmətlə yanaşır. Sadəcə olaraq bəşəriyyət inkişaf etdikcə dinlər də insanların səviyyəsinə uyğun olaraq təkminləşib və sonuncu din olan İslamı bəxş edib. Quranın da vəd etdiyi kimi, insanalar bir gün kamilləşəcək və eyni həqiqətə doğru istiqamətlənib, eyni dəyərlər ətrafında birləşəcək.

- C. M: Sonuncu olmaq üstün olmaqdırmı?


- H.Ş: Əlbəttə yox. “Mən müsəlmanamsa kimdənsə üstünəm” şəklində düşünmək ziyanlıdı. İslam deyir ki, insan fərd olaraq özünü kimdənsə üstün bilməməlidir. 5-ci sinfin proqramı ilə 10-cu sinfin proqramı arasında fərq var. Sinifdən sinfə keçdikcə əvvəlki dərsləri daha mükəmməl öyrənirsən. Ən nəhayət son sinfdə artıq lazım olan biliklərə yiyələnmək imkanı qzanırsan. İslam dini və Quran barəsində də “onlar sonuncudu” deyənfə bu prizmadan yanaşmaq lazımdır. İnsanlıq inkişaf etdikcə sonradan gələn əvvəlkindən daha təkmildir və onu oxuyanların daha kamil olmasına xidmət edir. Bütün insanlığın ehtiyaclarını nəzərə alan kitab Qurandır. Quranda deyilir ki, bütün insanlıq eyni dəyərlər ətrafında birləşəcək. Əslində bütün peyğəmbərlər eyni sözü deyiblər. Sadəcə, deyilənlər onların yaşadıqları dövrdəki insanların şüur səviyyəsinə uyğun düşünülüb. Amma bütün peyğəmbərlərin həqiqət eynidir.

-İ.N: Niyə çoxluq bu həqiqətləri dərk etmədən dini dözümsüzlük göstərirlər?


-H.Ş: Dözümsüzlük daha çox düşünülmüş aksiyadır. Təbbi ki, vəziyyətin bu şəkil almasında siyasətin rolu az deyil. İnsanlar anlamalıdır ki, heç bir din düşmənçilik aşılamır, hətta digər dinə sitayiş edən insanlara qarşı da dözümlü yanaşmağı tövsiyyə edir. Bu yaxınlarda keçirilən Münhen konfransında Britaniyanın baş naziri dedi ki, multikulturalizmdən, çoxmədəniyyətlikdən imtina etməliyik. Çoxmədəniyyətlik gələcəkdə Avropa mədəniyyətinin məhvinə səbəb olcaq. Dünyada demoqrafik vəziyyət müsəlmanların xeyrinə dəyişir. Burdan belə aydın olur ki, 100 ildən sonra Avropa xalqları fiziki baxımdam həzm olunma təhlükəsi ilə qarşılaşıb və təbliğ etdiklərə dəyərlərə yenidən baxmağa məcburdurlar. Məsələn, Fransada bir çox dini atrubutlara, İsveçrədə minarələrin tikintisinə qadağa göstərir ki, artıq dözümsüzlük mühiti yaranır və bu olduqca təhlükəlidir. Müasir dünya bir zamanlar özünün bəyan etdiyi dəyərlərdən imtina edir.

-C.M:Çıxış yolu nədir?

-H.Ş: İnsanlığın yeganə çıxış yolu mədəniyyətlərin dialoqudur. Bu konsepsiya üzərində işləmək lazımdır. Dinlərarası münaqişə qaçılmazdır. Düzdür, heç kəs açıq demir ki, məsələn, islamla mübarizə aparır, amma İslam terorizmi adı qouylur. Dinlər arasında təmas nöqtələri tapmaq çox rahatdır və heç bir din digərinə qarşı zorakılığı təbliğ etmir. Quranda bir ayə belə tapmazsız ki, kimlərəsə qarşı dözümsüzlüyə səsləsin. Sadəcə sizinlə vuruşanlara qarşı vuruşun deyir, bu da sadə bir məntiqdir. İstənilən xalq təcavüzə məruz qalırsa, silaha əl atıb özünü qorumalıdır. Amma mədəni, dini dəyərlər arasında birlik zərurudir. Mədəniyyətlərin dialoqu konsepsiayası günü-gündən aktuallaşmalı və insanla bu barədə düşünməlidir.

- İ. N: Hər halda dinin öz içərisində parçalanma varsa, təbii ki, ona qarşı inamsızlıq artacaq. Peyğəmbərin vəfatından sonra İslam dini daxilində xoşagəlməz hadisələr yaşandı. Vəziyyət nəinki düzəlmək üzrədir, əksinə, cərəyanların sayı artır...


- H.Ş: İslamda yaşanan bölücülüyü təbii hesab edirəm. İstənilən halda insanların dinə müxtəlif yanaşması var. Burda təbliğatın da təsiri az deyil. Fikir ayrılıqlarını hansısa qarşıdurmaya, ixtilafa çevirmək olmaz. Ağıllı insanlar fərqli düşünsələr də, konkret bir dəyər tapıb onun ətrafında birləşərlər. Məhzəb fərqlərini yalnız Qurani- Kərimə tapınaraq aradan götürmək mümkündü. Quran nəinki bir din daxilindəki təfriqələrin aradan qalxmasında, hətta dinlərarası münaqişələrin bitməsində ortaq dəyərdi. Quranın müxtəlif yozumları olsa belə, onun təməl prinsipləri bütün müsəlmanlar üçün eynidir.

- İ.N: Müsəlman olmaq üçün şiə, sünni və nurçu olmaq mütləqdirmi? Mən niyə sünni və ya şiə olmalıyam. Tuataq ki, müsəlman ölkəsində yaşamıram, amma İslam dinini qəbul etmək istəyirəm. Şiə, sünni, yoxsa nurçu olum?

- N.Ş: Hər bir insan özünü müsəlman hesab edir, lakin müsəlmançılığa yanaşma fərqlidir. Müəlman deyəndə şiə bunu şiə olmaq, sünni isə sünni olmaq kimi qəbul edir. Biz deyə bilmərik hər iki yanaşma düzdür və ya səhvdir. İnsanın həqiqəti, haqqı tapması üçün Allah ona “ağıl” adlı nemət verib. İnsanların dinə rassional yanaşması zəruridir. Bu gün çalışmalıyıq fərqlər itsin. Problemi ondadır ki, məntiqi dəlillərə əsaslanmış təlimləri qəbul etmirlər. Ortada bir həqiqət varsa və dəlillərlə əsaslanırsa, nəticədə insan haqqı qəbul etmirsə, bu, onun nöqsanıdır. Quranda da işarə olunur, bəzilərinə haqqa gəl dedikdə, cavab veriblər ki, bizim ata babalarımız başqa inanclı olub. Məhzəblər arasında fərq var, bunu araşdırmaq lazımdır. Din başqasının tənqidi üzərində təbliğ olunmamalıdır. Hər bir insan haqq bildiyini təbliğ edə bilər, eyni zamanda başa düşmək lazımdır ki, özün haqqlı olsan belə, nahaq hesab etdiyin insanalara da dözümlü yanaşmaq lazımdır. Burada ən gözəl nümunə Peyğəmbərin özüdür. Bütpərəstlərin arasında yaşadığı bir dönəmdə ona qarşı tənqidlərin olduğu halda hər zaman “Allahım qövmümü hidayət elə” deyirdi. Onlara nifrətlə yanaşmır, bədd dua etmirdi. Bu gün onun toplumu fərqli düşüncəyə bu qədər dözümsüz yanaşırsa bu, inancın, imanın, dinə yanaşmanın nöqsanlarından irəli gəlir.

- C.M: Sizdən namazı necə qılmalı olduğunu soruşana hansı yolu göstərərsiz?

- H.Ş: İnsan ibadətdə özünün düz hesab etdiyini edir. Mən hansısa məzhəbin ardıcılıyamsa, bunun doğru olduğunu hesab edirəm və təbii ki, doğruluğunu əsaslandırmağa çalışaram. Ibadət edən insana öz seçimimi təqdim edərəm. Amma onu qəbul etdirmək məsələsi var. İnsanlara kor-koranə məhz bunun doğru olduğunu təqdim etməkdənsə, dəlillə danışmaq daha yaxşıdır. Bir insan mənim sözümlə qane olmayıb, başqa seçim etdisə, bunu rahat qəbul edərəm, onu “səhv”, “batil” adlandırmaram. Təəssüf ki, fərqli seçimə son dərəcə dözümsüz yanaşan cərəyanlar var. Məncə bu, faciəvidir. Bir müsəlman digər bir müsəlmanın ibadət etdiyi məscidi “Allahu əkbər” şüarı ilə partladır. Bu, cahilliyin son həddidir. Bu gün ortaq bir məzhəb yaratmaq istəyini də utopiya hesab edirəm. Heç kim bu məzhəbi yarada bilməyəcək. İslamın tarixində kifayət qədər belə nümunələ var. İslamın gücləndiyi ərazilərdə qeyri-dinlərə qarşı son dərəcə humanist münasibət vardı, İslam başqa mədəniyyətləri qoruyurdu. Peyğəmbərimizin Mədinə müqaviləsi var, bu gün də mütərəqqi hadisə hesab edilir. Hətta o müqavilə Mədinədə olan yəhudilərə, dini azlıqlara qarşı bəşər tarixində ilk Konstitusiya hesab edilir. Orda müddəalar var ki, İslam dövləti Mədinədə qurulub, vəzifəsi burda yaşayan yahidilərin hüquqlarını, onların sərbəst yaşamaq azadlığını qorumaqdır. O dövrədə peyğəmbərin belə bir dözümlülük göstərməsi bizlər üçün nümunə olmalıdır. İlahiyyatçıları insanlarala bilavasitə təmasda olanda üzərlərinə böyük vəzifə düşür və sağlam fikri onlar formalaşdırmalıdır. Dəfələrlə şahidi olmuşam ki, məscidə gələn insan dinin təbliğinə başqasının tənqidindən başlayır. Birmənalı şəkildə belə münasibət olmaz.

- C.M: Bəzi filosofların insanlara aşıladığı bir düşüncə var: sənə necə rahatdırsa elə yaşa. Sizcə adam ona rahatlıq gətirən nəsnəni necə tapmalıdır. Bu rahatlığa dinlə çatmaq mümkündürmü?

- Ş.H: Dinlərin ali məqsədi insanın rahat yaşamasıdır. Obyektiv seçim etmək istəyən insan mütləq maarifli olmalıdı. Bəzən bizim üçün xoş olan şeyləri seçməyə tələsməməliyik. İlk baxışdan yaxşı görünən elə nəsnələr var ki, din ona yaxınlaşmamağı tövsiyyə edir. Burda ağlın seçimi əsasdır. Quran buyurur ki, insanları hikmət və gözəl nəsihətlə haqqa doğru çağır. Dediyiniz sözləri əqli, məntiqi dəlillərlə əsaslandırın. Hər bir məzhəb öz dəlillərini irəli sürə bilər. Demokratik cəmiyyət odur ki, istənilən əqidənin daşıyıcısı olan insan öz əqidəsini əsaslandırıb təqdim etsin. Buna təhlükəli baxmıram. Sərbəst mühit varsa, inanc azad olarsa insan ağlı aldığı dərəcədə qəbul edər. Bu gün dindarların ziyalılaşmasına ehtiyac var. Dini kimlərinsə inhisarından çıxarmaq lazımdır. Din və elm qarşıdurmasını aradan qaldırmaq vacibdir. Çünki din və elm bir-birini tamamalayan dəyərdir. Bəşəriyyət nə zaman bu iki dəyərdən eyni anda yapışarsa, o zaman saadətə çatar. Elm dinə qarşı mövqedə olursa, bu faciələlərlə qarşılanır. Həqiqi din elmin heç bir müddəasına qarşı deyil. İslam dini gəldiyi ilk gündən insanları elmə dəvət edir. Hər hansı bir sübut olunmuş elmi nəzəriyyə dinlə ziddiyyət təşkil edə bilməz. Təsadüfi deyil ki, Quran “öyrənin” sözü ilə başlayır.

- C.M: Sizin üçün məntiq birincidir, ya fakt?

- H.Ş: Bəzi hadisələr var ki, onları faktla sübut etmək mümkün deyil. Bu yerdə məntiq önəmlidir. Amma fakt ortada olduğu zaman hansısa mücərrəd dəlil gətirmək yersiz olar. Fakt təkzibedilməzdir. Bəzən ona yanaşmada fərqlilik meydana gəlirsə, məntiq insanın köməyinə çatır. Dində daha çox məntiqi yanaşma önəmlidir. Çünki din keçmişlə bağlı məktəbdir və o zamana yanaşma fərqlidir. Şübhəsiz ki insanların düşüncəsinə, məntiqinə daha çox ehtiyac var.

- C.M: Rahatlıq daha vacibdir, yoxsa azadlıq?

- H.Ş: Mənim üçün azadlıq rahatlığın müqəddiməsidir. Bu gün “azadlıq” ən çox səslənən kəlmələrdəndir. Hamı azadlıq iddiasındadı, bəzən azadlıq özü məqsədə çevrilir. Azadlıq məqsəd deyil, məqsədə çatdıran vasitədir. İnsan azadlığı vasitəsilə mənəvi rahatlığa qovuşur. Azadlığa müxtəlif yanaşmalar var. Bəzilərinin fikirncə, insanın istədiyini etməsi azadlıqdır və azadlığın sərhəddi başqasının azadlığını məhdudlaşdırmağa qədərdir. Amma dində yanaşma fəqlidir. Din insanın hər istədiyini etməməsini azadlıq sayır. Yəni islami yanaşmaya görə, azad o insandır ki, istəyinin əsarətindən azad olsun. Ağlın hökmü ilə yaşayan insan azaddır. O insan ki, nə istəyir edir, əslində meyillərinin, istəklərinin əsiridir. Məhdudiyyəti keçirsənsə azad ola bilməzsən. Özünə “olmaz” deyə bilirsənsə, tam azadsan. Belə azadlıq insanı rahatlığa qovuşdurur.

- C.M: Jurnalist yazmaqdan daha çox pozmağı bacarmalıdı. Yazının daha yaxşı alınması əslində pozulmağa, yəni fikirlərin redaktə olunaraq təqdim olunmasına borcludur. Azadlığın mahiyyətində də bu var.

- İ.N: Birmənalı qarşılanmayan faktorlardan biri də təqliddir. Bununla bağlı dəfələrlə mübahisəli mövzularda şəxsən iştirak etdiyimə görə, deyə bilərəm ki, daha çox şiə mənsəbində təqlidə xüsusi yer ayrılır. Niyə kimisə təqlid etməliyəm? Əgər hər hansı məsələdə üç alimin verdiyi qərar bir-birindən fərqlidirsə mənim seçimim necə olmalıdır?

- H.Ş: İnsanın əqidə məsələsində kimisə təqlid etməsi qadağandır. Demək olmaz ki, Allahın varlığına ona görə inanıram, onu filan alim deyib. Bu, yolverilməzdir. İslam əxlaq, əqidə və şəriətdən ibarətdir. Əqidə məsələsi insanın öz seçimi olmalıdır, ağılla qəbul edilməlidir, kiminsə sözü ilə yox. Bu mövzuda hətta peyğəmbərin sözü belə, əsas ola bilməz. Əxlaq da insan üçün daxili məsələdir. Məsələn insan ibadət etmək istəyir və hər bir sahədə olduğu kimi mütəxəssiə müraciət edir. Onunla razılaşmıram ki, təqlid təkcə şiə məzhəbindədir. Bəziləri deyir ki, mən təqlid qəbul etmirəm, amma faktiki təqlid edirlər. Soruşursan “sən namazı niyə belə qılırsan?”. Cavab verir ki, filan kitabda belə oxumuşam. Təqlid faktını qəbul etmir, amma unudur ki, həmin kitabın müəllifini təqlid etmiş oldu. Təqlid bilməyənin bilənə müraciət etməsidirsə, bu, hər elmdə var. Bu gün İslam alimləri içərisində ən çox səsləndirilən fikir budur: vacib deyil, insan bir alimin dediklərindən yararlansın, müxtəlif alimlərin yazdığına müraciət edilə bilər.
İstənilən elmdə fikir ixtilafı var. Hər kəsin fərqli yanaşma haqqı tanınmalıdır. İnsan ya mütəxəsis olmalı ya da mütəxəssisə müraciət etməlidir. Bu, sırf şəriət məsələlərinə aiddir. Amma inanc, imana bağlı olan məsələlərdə təqlid yolverilməzdir. Quran təqlidin əleyhinə çıxır. Ata, babaya təqlidi, nüfuzlu şəxsin fikirnə kor-koranə itaəti İslam qəbul etmir.

- C.M: Sizinçün inkişaf etmiş ölkə modeli necə olmalıdı?

- H.Ş: İnkişaf etmiş ölkə elmi tərəqqinin mənəvi təkamüllə tamamlandığı ölkədir. Təəssüf belə ölkə nümunəsi tanımıram. Amma bir şeyin reallıqda mövcud olmaması heç də o fikirin səhv olduğuna dəlalət eləmir. Bu, Quranın da irəli sürdüyü tezisdir. İnsanlıq o zaman qızıl dövrə qədəm qoyacaq ki, elmi tərəqqi mənəvi təkamüllə tamamlansın. Tarix boyu müxtəlif xalqların timsalında biz bunların birinin digərinə üstün gəlməsinin görmüşük. Artıq Qərbdə mənəvi böhran hiss olunur. Qadın kişi bərabərliyi nəzəriyyəsi əsasında qadının kişiyə bərabər olmasını İslam qəbul, edir amma onların arasında müəyyən fərqlərin olduğunu da vurğulayır. Amma qadının kişiylə tam eyniləşməsi nəticəsində Avropada ailə institutu dağılmaqdadır və orda qadın uşaq tərbiyə etməyi özünə nöqsan hesab edir. Bu, insanın fitrətindən azması deməkdir və mənəvi böhrana gətirib çıxarır. Cəmiyyətin özəyi ailədir, o dağılırsa, cəmiyyətin tərəqqisindən söhbət gedə bilməz. Avropa elmi inkişafna baxmayaraq, dirəndiyi dalandan çıxış yolu axtarır.

-İ.N: İslam ölkələrində inkişaf yoxdu. Onlarda nə çatmır?
-İslam ölkələrində az-çox inanc qorunub saxlanıb, amma oralarda elmi inkişadan əsər-əlamət yoxdu, həmişə şagird rolunda çıxış edirlər. Qərb diqtə etdiyi dəyərləri məcburən sırınır. Bir tərəfdənelmi inkişaf etmiş Qərb, başqa tərəfdə bəzi mənəvi dəyərlərini qorumuş, lakin elmi baxımdan inkişaf etməmiş Şərq dünyasını görürük. Məncə bu ikisinin birləşməsi ideal variantdır. Allah dini nazil edəndə elm və inanca əhəmiyyət verir. Dini hədislərdə qeyd olunub ki, insan elmə və mənəviyyata sahib olarsa, kamilləşər. Elmsiz mənəviyyat insanlığa təhlükə yaradır. Tarixdə Xəfariz məzhəbi mövcud olub. Həzrəti Əlinin qatili də bu məzhəbdən idi. Onun daşıyıcıları elmdən kənar, gecə-gündüz ibadətlə məşğul idilər. Elmdən uzaq düşdüklərinə görə səhvlə düzü ayıra bilmirdilər. Gecə səhərə qədər ibadət edən, səhərdən axşama qədər oruc tutan bu toplumdan qatil çıxdı və Həzrəti Əlini “inanclı” şəxs qətlə yetirdi. Deyirlər, imansız insanın əlində elm sərxoş adamın əlində silah bənzəyir. Mən Qərbi mənəviyyatsız hesab etmirəm. Qərb böyük mədəniyyətin mərkəzidir, bunu heç kəs dana biləməz. Təəssüf ki, müsəlman ölkələri Qərbin özünün imtina etməyə çalışdığı dəyərlərin arxasınca gedir. Amma “bu, mənim dinimdə deyil” yanaşması ilə bütün dəyərlərindən imtina etmək də doğru sayılmır. Bərabər mübadilə aparılmalıdır. Hər bir xalq özünəməxsusluğunu qoruyub, dünyaya inteqrasiya etməlidir.

- İ.N: Azərbaycanda qızların məktəbə hicabla getməsinə qadağa qoyuldu və ciddi təpkilərlə qarşılandı. Əksər valideynlər qadağaya cavab olaraq, azyaşlı qızlarının başlarını açmasınlar deyə, məktəbdən saxladılar. Bu mənzərəni necə xarakterizə edərdiz?


-H.Ş: Çox mübahisəli məsələyə toxunduz. Orta məktəbdə hicab qadağasının tam əleyhinəyəm. Bunu vicdan azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirəm. Bəzilər deyir ki, uşaqlar hicab vacibliyini anlamır, amma həddi buluğa çatana qədər onun əqidəsini valideyinlər müəyyən edir. Həddi buluğa çatandan sonra uşaq öz seçimini edə bilər. “Uşağı nəyəsə məcbur etmək olmaz” fikrini qəbul etmirəm, o zaman uşağı dərs oxumağa da məcbur edə bilmərik. Istər-istəməz tərbiyyə prosesində məcburiyyət olur. İnkişaf etmiş ölklərin qanunvericiliyində də var ki, valideynlər inanclarını yetkinlik yaşına çatana qədər uşağa vadar edə bilər.
Bir məqam da var: bəzən birinci sinifdə oxuyan uşalqara hicab geyindirilir və bu yanaşma mübahisə yaradır. Qız uşağı üçün yetkinlik yaşı 9 yaş qəbul olunur, dövrün dəyişməsiylə bağlı alimlər 13 yaş da hesab edirlər. Hər halda, hicab dinin vacib hökmüdür. Elm öyrənmək də vacibdir. İki vacib hökmün arasında seçim etmək olduqcq çətindi. İslam alimlərindən bəziləri iddia edir ki, elm vacib olduğundan məcburiyyət qarşısında məktəbə hicabsız getmək olar. İstəməzdim ki, dövlətçilik məsələləri dinlə qarşı-qarşıya qoyulsun. Bu uşaq psixologiyasına zərbədir. O, düşünür ki, bu dövlətdə mənə yad yanaşma var.

- İ.N: Maraqlıdır, uşaq özü hicab bağlamaq istəyirmi?


- H.Ş: Şəxsən şahidi olmuşam bir çox hallarda valideyinin iradəsinin əksinə olaraq uşaq hicab geyməyi tələb edib, eyni zamanda dərslərini əla oxuyur. Təsəvvür edin hicablı xanım dərs oxumaq istəyir və bir gün dövlət onu təhsil almaq hüququndan məhrum edir. Psixologiyaya ciddi zərbə dəyir. Düşünürəm ki, məsələ həllini tapacaq. Dövlət quruculuğu prosesində belə problemlərin olamsı təbiidir. Əsas məsələ dinlə dövlət arasında ucurumun yaranmamasıdır. Dövlət çalışmalıdır ki, inanclı insanları küsdürməsin, çünki xaricdə də maraqlı qüvvələr var ki, vətəndaşın gözündə onun dövlətini düşmən kimi qəbul etdirmək istəyirlər. Bu cür qadağalar bizim dilimizi qısa edir.

- C.M: Hicab, yoxsa təhsil seçimi qarşısında qalan insanlara nə məsləhət görərdiz?


- H.Ş: Problemin həllinə çalışmaq lazımdır. Hamı başını açıb məktəbə getsin-problemin gündəmdən bu cür çıxarılmasının tərəfdarı deyiləm. Məsələ hüquq müstəvisində çözülməlidir.

- İ.N: Amma haqlarının tapdandığını düşünənlər Təhsil Nazirliyi qarşısında piket keçirir və aksiya kobudluqla dağıdılır.

-H.Ş: Daha sivil üsullara əl atmaq lazımdır. İctimai müzakirələr olmalı, valideynlər disskusiyalara qoşulmalıdır. Məhz orda hicabı elmə, yoxsa elmi hicaba qurban verilməsinin cavabı tapılmalıdır.

- C.M: Bu müddətdə uşaqlar xeyli dərs buraxmış oldu. Belə çıxır ki, cavab tapılıb: elm hicaba qurban gedir.

-H.Ş: İndiki məqamda məsuliyyəti Təhsil Nazirliyi daşıyır.

- İ.N: Nə olsun?.. Zərbə uşağa, onun gələcəyinə dəyir...

- H.Ş: Mən də hesab edirəm ki, uşaq təhsildən uzaq qalmamalıdır. Sadəcə din adamları “hicabıdan imtina olunmalıdır” məsuliyyətini boyunlarına götürə bilmirlər. “Hicab, yoxsa elm” sualına cavab verməyə çətinlik çəkirəm.

- C.M: Niyə müsəlman xanım başını bağlamalıdır?

- H.Ş: B,u təkcə müsəlmanalar aid deyil. Baş bağlamaq bütün dinlərdə olub. Hicab qadının cinsi baxımdan yalnız öz həyat yoldaşına məxsus olmasından gündəmə gəlib. İslama görə qadın zinətlərini yalnız bir şəxsə göstərməlidir. Amma qadının intellektindən, bacarıqlarından cəmiyyət maksimum yaralanmalıdır. Bəzən deyirlər ki, hicab qadınların hüququnu məhdudlaşdırır. Mənsə deyərdim əksinə, hicab taxmayanda kişilərin hüquqları məhdudlaşdırır. İslam kişilərə istədiyinə baxmaq səlahiyyəti vermir. Hicabsa qadına dəyər vermək üçündür. Hicab qadının azadlığının göstəricisidir. İnsanın özünə qəbul etdirdiyi məhdudiyyət onun daxilən azad olmasına zəmin yaradır. Qadınla kişi arasında müəyyən yaradılış fərqi var. Qadın kişi hüquqlarının bərabərliyi heç də cəmiyyətin bir-birənə qarışıq olması demək deyil. Müəyyən sərhəddin olmasının tərəfdarıyam. Bəzənsə bu sərhəd həddən artıq dərin olur, adət ənənədən gəlir ki, qadın evdə oturmalıdır, təcrid olunmalıdır bunların İslamla heç bir əlaqəsi yoxdur. Bəzənsə qadın kişiyə həddən artıq qarışır ki, orda artıq qadının da dəyəri azalır. İslam orta yolu göstərmək üçün örtünmə məsələsini ortaya gətirib. Yəni qadınla kişi arasında bir baryer olsun, eyni zamanda ünsiyyətə də şərait yaransın.

- C.M: Niyə məz saçlar gizlədilməlidir? Qadının gözləri, dodaqları və başqa əzaları da cəzbedici sayılır...

- H.Ş: Onu dəqiq deyə bilmərəm. Belə dəlil gətirilər ki, saç daha çox zinət hesab olunur və qadının gözəlliyini qabarıq şəkildə göstərir. Ümumilikdə isə söhbət müəyyən məhdudiyyətdən gedir.”

- C.M: Daha iki dəlil var. Birinciyə görə, xanım saçlarındakı biotoklar ətrafdan mənfi enerjini daha tez özündə toplayır. Qadınsa ana olduğu üçün cisminin zəhərlənməsi dünyaya gətirəcək insanda fəsad yarada bilər. Bu isə cəmiyyəti məhvə aparan hadisədir.

-H.Ş: Bu barədə mən də oxumuşam. Hətta Qərbdə də tədqiqat aparıblar ki, hicab geymək fizioloji baxımdan qadına xeyirdir.”

- İ.N: Deməli, hicabın vacibliyi elm baxımdan da təsdiq edilib.

- H.Ş: Əlbəttə. Maraqlıdır Ceyhun bəy, ikinci dəlil hansıdır?

-C.M: Rəssam dostumun emalatxanasında olanada mənə yeni çəkdiyi bir şəkli göstərdi. Doğrusu bəyənmədim. Növbəti dəfə onunla görüşəndə çərçivəyə salınan həmin şəkli divardan asılı gördüm və çox bəyəndim. Niyə belə olduğunu rəssamla müzakirə edəndə belə nəticəyə gəldik ki, çərçivə hər məhfumu daha baxımlı, gözəl, səliqəli edir. Məncə hicab da xanımın üzünü saldığı çərçivədir ki, belə də onun nəcibliyi daha səliqəli şəkildə diqqət çəkir. Hətta kişilər də saqqallarına xətt qoyanda mərd görkəm alırlar.
Və bu qənaəti sonda belə formalaşdırmışdım: Azadlıq çərçivələrdə gözəldir.


-H.Ş: Olduqca maraqlı və məntiqli yanaşmadı. Belə qənaətə gəldik ki, hicaba qadağa qoymaq olduqca ziyanlıdır və fəlsəfi nöqteyi-nəzərdən gözəlliyə qarşı çıxmaqdır. 


- C.M: “Bir hədisdə oxumuşam ki, cənnətə düşməyin ən qısa yolunu Məhəmməd peyğəmbərdən soruşanlara o belə cavab verib: “Çalışın ətrafınızdakılar səndən razı qalsınlar”. Belə yaşamaqla cənnət qazanmaq mümkündürmü.  

- H.Ş: Sualın sonuncu hissəsinə cavab verə biləməyəcəm ona görə ki, kimin hara düşəcəyini Yaradan bilir. Ancaq peyğəmbərdən onu da soruşublar ki, insanlardan ən xeyirlisi hansıdır? O buyurur: “Cəmiyyətə daha çox faydalı olanı”. Müsəlman olmağın mənası o deyil ki, fərdi ibadətlərə qapılasan, ictimai məsuliyyətdən kənarda durasan və başqalarını unudasan. Müsəlman o şəxsdir ki, cəmiyyətə başqalarından daha çox fayda verə bilir. Başqalarına fayda insan üstünlüyünün meyarıdır.


Hazırladı: Arifə Mikayılova






3 İyun, 2011  15:38 Baxılıb: 3300 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16