Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

“XARİCDƏ ELƏ AZƏRBAYCANLILAR VAR Kİ, AD GÜNÜNƏ 100 MİN DOLLAR PUL XƏRCLƏYİR” -MÜSAHİBƏ

Qafar Əliyev: “Biz onları başa salırıq ki...

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyevin Simsar.az-a müsahibəsi 
- Azərbaycan diasporunun mövcud durumu barədə nə deyə bilərsiz? Diaspor fəaliyyəti hazırda hansı mərhələdədi?
- Azərbaycanda diaspor fəalyyətinin tarixi cox qədim zamanlara gedib çıxır. Bilirsiz ki, Azərbaycan xalqı az təsadüf edilən xalqlardandı kı, iki yerə parçalanıb, müxtəlif illərdə deportasiyaya, soyqırıma məruz qalıb, ata-baba torpaqlarını tərk edərək bir yerdən başqa yerə köçüblər, dəyişiklik ediblər və dünyanın müxtəlif yerlərinə səpələniblər. Azərbaycan xalqı dünyanın bir neçə yerinə yayılıb. Onlar orada öz milli adət-ənənlərini yaşadıblar. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra özünün müstəqil diaspor siyasətini yürütməyə başladı. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra diaspor fəaliyyəti sistem halına salınıb. 2001 və 2006-cı illərdə Bakı şəhərində dünya azərbaycanlılarının qurultayları keçirildi.Qısa müddət ərzində ölkədə diaspor quruculuğuna start verildi. Diaspor quruculuğu sahəsində inkişaf etmiş ölkələrin 100 ildə getdiyi yolu Azərbaycan 20 ildə qət edə bildi.
- Diasporumuzun qarşısında duran əsas vəzifələr nələrdən ibarətdi?
- Azərbaycan diasporunun qarşısında duran vəzifələr Dağlıq Qarabağ həqiqətlərini dünyaya çatdırmaqla bərabər, dövlətin iqtisadi, mədəni siyasətinin mahiyyətini, milli adən-ənənələri təbliğ etməkdir. 21-ci əsrdə, yeni siyasət düzənində Azərbaycanın demokratik inkişafını, demokratiyaya baxışını beynəlxalq aləmdə təbliğ etmək də qarşımızda duran vəzifələrdəndi. Biz demokratiya yolunda inkişaf edən, iqtisadi cəhətdən günü-gündən güclənən bir dövlət olduğumuzu dünya ictimaiyyətinə çatdırırıq. Bundan ötrü xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun, diplomatik korpusların, imkanlı soydaşlarımızın gücündən istifadə edirik. Həmçinin vaxtilə Azərbaycanda yaşamış, bu və ya digər formada ölkəmizlə bağlılığı olan rus, yəhudi, alman, tatar və s. əsilli həmyerlilərimizin imkanlarından da yararlanırıq. Məsələn, Baybakov, Lütvizadə kimi məşhurlar var ki, diaspor fəaliyyətində onlardan da yararlanırıq. Son dövrlər Azərbaycan diasporunun qarşısında duran ən mühüm vəzifələrdən biri Xocalı soyqırımının mahiyyətinin dünya ictimaiyyətinə çatdırmaqdı. Bilirsiz ki, ilbəil bu xüsusdan olan tədbirlərin sayı, miqyası, iştirakçıların sayı yüksələn xətt üzrə artır. 2011-ci ilin fevral ayında biz dünyanın 50-dən çox ölkəsində “Xocalıya ədalət” adlı genişmiqyaslı kampaniya keçirdik. Artıq bütün dünya Azərbaycanın dərdlərindən, problemlərindən məlumatlıdı. Azərbaycanın əleyhinə çıxarılan qərarların kökündə bir çox hallarda məlumatsızlıq, informasiya qıtlığı durur. Tarixi təcrübə göstərir ki, biz vaxtında informasiya qıtlığını aradan qaldıranda Azərbaycana yönəli planların qarşısını ala bilirik.
- Azərbaycan diasporu erməni diasporu ilə rəqabətdə üstünlük əldə etmək üçün hansı maneələri aşmalıdı?
- Bəli, bu gün bizim qarşımızdakı ən böyük, ciddi maneə erməni diasporudu. Onlar bizi addım-addım izləyir, tədbirlərimizə mane olmağa çalışırlar. Özlərinin işğalçı mahiyyətini pərdələmək üçün yalançı təbliğat kampaniyası aparırılar, dünya ictimaiyətini aldadırlar, bizə qarşı kontur tədbirlər keçirirlər. Heç kəsə sirr deyil ki, erməni diasporu dünyanın müxtəlif ölkələrindəki vəzifəli şəxsləri, senatorları, konqresmenləri ələ alırlar, onların Azərbaycanla bağlı fikirlərini dəyişməyə çalışırlar. Bizim ən böyük problemlərdən biri də, Azərbaycanın müstəqilliyini istəməyən bəzi ölkələrin xarici kəşfiyyat orqanlarının planlardı kı, bunlar da bizim işimizə ciddi maneə yaradır. Bunlar Azərbaycanın regionda günü-gündən inkişaf etməsindən narahat olurlar, bizə qarşı problem yaradırlar. Bizim özümüzün də nöqsanlarımız var. Dünyanın inkişaf etmiş ölkələrində gecə-gündüz işəyən diaspor qurumlarımızla yanaşı, zəif, pərakəndə fəaliyyət göstərən, parçalanmış, bir-birilərinin əleyhinə iş aparan dasporlamız da var. Yaxud da ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən biznesmenlər öz aralarındakı problemləri ümummilli məsələ səviyyəsinə gətirib çıxarmaq istəyirlər.
- Yaxın aylarda, ən böyük daspor qurumlarımızdan sayılan Dünya Azərbaycanlıları Konqresinin Bakıda qurultayı keçiriləcək. Amma bu qurum bir neçə yerə parçalanıb. Onların birləşməsi üçün dövlət hansı addımar atır?
- Diaspor fəaliyyətini biz iki istiqamətdə qururuq. Dövlət və qeyri-dövlət xəttilə. Qeyri-dövlət qurumlarından ən böyüyü Dünya Azərbaycanlıları Konqresidi. Konqres 1997-ci ildə Los Ancelesdə qeydiyyatdan keçib, ilk qurultayını keçirib. Qurumun qurultayları əsasən İsveçrədə, son qurultayı isə Almaniyada keçirilib. Diaspor fəaliyyətimizin güclənməsində Dünya Azərbaycanlıları Konqresinin böyük rolu olub. Təəssüflər olsun ki, son üç ildə konqres bir neçə yerə parçalanıb. Onların birləşməsinin qarşısını alan ciddi səbəb yoxdu. Şəxsi münasibətlərdəki problemlərə görə bir masa arxasında əyləşə bilmirlər. Biz parçalanmış Dünya Azərbaycanlıları Konqresinin bir araya gətirilməsi istiqamətində fəaliyyət göstəririk. Çox güman ki, bu yay keçiriləcək qurultayda DAK-ın birləşməsinə nail olacağıq. Bakıda keçiriləcək qurultaya mindən artıq qonaq dəvət olunub. Onların əksəriyyəti xaricdə yaşayan məşhur azərbaycanlılardı. İki gün davam edəcək qurultayda dünya azərbaycanlıları ilə bağlı kitabın təqdimatı keçiriləcək. Həmçinin qurultayda Azərbaycan diasporunun keçdiyi yolu özündə əks etdirən film nümayiş olunacaq. Qurultay gözəl vaxta təsadüf edir. İyul ayı Bakının gözəl vaxtlarıdı. Həm Azərbaycanda dadlı yerli meyvələr yetişir, həm də çimərlik mövsümü başlayır. Xaricdə yaşayan azərbaycanlılar Bakıya gəlib vətən torpağında yetişən meyvələrdən yeyib, Xəzər dənizinin sahillərində istirahət edəcəklər.
- Beynəlxalq təşkilatlar Azərbaycanda demokratik durumla bağlı tənqidi hesabatlar hazırlayır, bəyanatlar verirlər. Diaspor qurumları bu cur bəyanatların, hesabatların hazırlanmasının qarşısının alınması üçün də fəaliyyət göstərirlərmi?
- Bu istiqamətdə çox böyük işlər görürük. Hər bir ölkədə yaşayan azərbaycanlı çalışır ki, orada ölkəmizlə bağlı sağlam fikir formalaşsın. Siz də bilirsiz ki, hər bir ölkənin təşkilatın bəlli maraqları, niyyətləri var. Qeyd etdiyim kimi, güclü erməni diasporu hər yerdə Azərbaycanın əleyhinə təbliğat aparır. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, qurumlar bir çox hallarda Azərbaycanın əleyhinə qətnamalər, hesabatlar hazırlayırlar. Bizim ən zəif tərəfimiz müxtəlif ölkələrin parlamentlərində, konqreslərində təmsil olunmamağımızdı. Yəhudilərdən, ermənilərdən fərqli olaraq biz dövlət qurumlarında, beynəlxalq təşkilatlarda lazımınca təmsil olunub lobbiçilik fəaliyyətini tam qura bilmirik. Ona görə də müəyyən dövrlərdə əleyhimizə yönələn qərarlar qəbul olunur. Biz çalışırıq ki, belə qərarların qəbulunun qarşısını alaq və ya qəbul olunan qərarların effektivliyini azaldaq.
- Hesab edirsiz ki, Azərbaycanla bağlı qərarların böyük əksəriyyəti qərəzlidi?
- Yox hesab etmirəm ki, qərarlar qərəzlidi. Bunu sizə açıq deyirəm. ABŞ dünyadakı siyasi proseslərin önündə gedən ölkədi. ABŞ və ya Avropa Birliyinin qərarları Azərbaycana düşmənçilikdən irəli gəlmir. Qərarlar Azərbaycanda söz və mətbuat azadlığının, demokratiyanın inkişafına kömək üçün verilir. Amma burada informasiya qıtlığı var. Götürək 907-ci maddəni. 1992-ci ildə Azərbaycan yenicə müstəqillik qazandığı dövrdə ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı 907-ci düzəliş qəbul olundu. Bu ermənipərəst konqresmenlərin, erməni lobbisinin gücü ilə oldu. Bir tərəfdən torpaqlarımızı işğal etdilər, soyqırıma məruz qaldıq digər tərəfdən isə Ermənistanı guya blokadaya almağımızla bağlı adalətsiz qərarla üzləşdik. Dəfələrlə ABŞ senatorları, konqresmenləri və prezidenti bəyan ediblər ki, Azərbaycanla bağlı 907-ci düzəliş ədalətsizdi. Ötən 20 il ərzində Azərbaycan hərtərəfli inkişaf edib. Biz demokratiyaya doğru inkişaf edirik. İnsan haqlarının, demokratiyanın qorunması, inkişafı bizim siyasətimizin ana xəttini təşkil edir. Təəssüf ki, Qərbdə erməni lobbisinin təsiri altında Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən siyasətçilər, dövlət xadimləri var. Biz onlarla iş aparmalıyıq, Azərbaycanla bağlı daha çox məlumat verməliyik ki, onlar real vəziyyətin nədən ibarət olduğunu bilsinlər.
- Hesab edirsiniz ki, jurnalistlərə qarşı təzyiqlər, müxalifətin mitinqlərinin dağıdılması, fəalların həbsilə bağlı beynəlxalq qurumların hesabatlarındakı tənqidlər də yanlış informasiyaların nəticəsidi?
- Mən məsələyə başqa konteksdən yanaşmaq istəyirəm. Beynəlxalq qurumlar hesab edirlər ki, Gürcüstan demokratik ölkədi. Amma son günlər bu ölkədə keçirilən aksiyaların hansı yollarla dağıdıldığının şahidi olduz. Oradakı həbslər, tökülən qanlar, jurnalistlərin döyülməsi, insanların ölməsi və s. faktlar hər kəsə məlumdu. Bu məsələlərin demokratiya ilə bir başa bağlılığı yoxdu. Bu hakimiyyət uğrunda mübarizənini törətdiyi fəsadlardı. Siz bilirsiz ki, müxalifət 1993-cü ildə hakimiyyəti itirib və xalqın təkidli tələbilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlib. Ötən müddət ərzində Azərbaycanda hərtərəfli inkişaf gedib və bu gün də davam edir. Müxalifət hakimiyyətə gəlmək üçün ötən müddət ərzində xeyli birliklər yaradıb. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində işləyən şəxs kimi müxalifətin yaratmış olduqları birliklərin əksəriyyətinin adlarını yaddan çıxarmışam. İndi də İctimai Palata adlanan qurum yaradıblar. Onların keçirmək istədikləri aksiyalar heç də, demokratiya, insan haqları uğrunda mübarizə deyil. 1992-ci ildə indiki müxalifət hakimiyyətə gələndə kütləvi aksiyaların keçirilməsini ləğv etdilər, aksiya keçirmək istəyən Nemət Pənahlını həbsə aldılar və s. Yenə də qayıdıram Gürcüstana. Saakaşvilinin özü mitinq yolu ilə hakimiyyətə gəlib. Amma bu gün kütləvi aksiyaların qarşısını müxtəlif yolla alır, mitinqçiləri pis günə salır. Yenə də deyirəm ki, mən bu məsələlərə bir qədər fərqli yanaşıram. Bu məsələlərin söz azadlığı, demokratiya ilə birbaşa əlaqəsi yoxdu. Bütün bunlar iqtidar və müxalifətin hakimiyyət uğrunda mübarizəsidi. Müxalifət mitinq keçirən kimi, dərhal beynəlxalq təşkilatlara məlumat verir və özünə müəyyən dəstək alır. Bu da bizim diaspor fəaliyyətimizə mənfi təsir edir. Müxalifət bilməlidi ki, Azərbaycanın daxilində hakimiyyət uğrunda mübarizə, mitinq keçirməklə, beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı fikir formalaşdırmaq fərqli-fərqli məsələlərdi. Biz bu gün Avropa İttifaqında, ATƏT-də, AŞ PA-da Azərbaycanla bağlı mənfi fikir formalaşdırırıqsa, sabah onlardan Dağlıq Qarabağla bağlı necə ədalətli mövqe gözləyə bilərik. Biz onlardan ədalət tələb edəndə deyəcəklər ki, siz özünüz öz vətəndaşlarınızın hüquqlarını bu şəkildə kobudcasına pozursuzsa, ermənilərlə birlikdə necə yaşıyacaqsız? Biz sabah necə tələb edəcəyik ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanmasında bizə kömək edin və biz də Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının qorunmasına zəmanət verək. Belə olarsa, Azərbaycan xaricdən dəstək istəyə bilməyəcək. Onda onlar deyəcək ki, siz elə özünüz öz vətəndaşlarınızın hüquqi azadlıqlarını bu dərəcədə pozursuz, insanları günahsız yerə tutursuz, sizdə siyasi məhbuslar var. Ona görə də mən bütün Azərbaycan vətəndaşlarını və xüsusilə də müxalifətdə olanları siyasi hakimiyyətə gəlməkdən öncə vətənpərvər olmağa, öz vətənini sevməyə çağırıram, ondan sonra siyasi hakimiyyət uğrunda mübarizə aparsınlar.
- Sizcə 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsinə laqeyd yanaşan beynəkxalq təşkilatlar nədən siyasi proseslərə bu dərəcədə həssas yanaşırlar?
- Fariz Bədədlovun qətlə yetirilməsi faktını Azərbaycan hakimiyyəti kifayət qədər beynəlxaq ictimaiyyətə çatdırdı. Parlament məsələni müzakirəyə çıxardı. Amma bu məsələ ilə bağlı bir-iki günlük iş aparmamalıyıq. Bu qırxı, ili çıxdı məsələ bitdi, söhbəti olmamalıdı. Bu bizim daimi işimiz olmalıdı. Erməni hərbçilərinin hətta atəşkəs dövründə azərbaycanlılara qarşı törətdikləri haqsızlıqları dünyaya çatdırmalıyıq. 9 yaşlı uşağın nə günahı var ki, həyətdə oyanayan zaman qətlə yetirilir? Bu yalançı soyqırım iddiaları ilə çıxış edən ermənilərin mahiyyətindən xəbər verir. Bu məslədə iqtidar-müxalifət söhbəti olmamalıdı. Biz hər bir iclasda beynəlxalq təşkilatların diqqətinə bu faktı çatdırmalıyıq.
- Bəzən belə fikirlərə rast gəlinir ki, diaspor fəaliyyətinə antidemokratik ölkələr üstünlük verirlər. Yəni demokratik ölkələrin özlərini tanıtmaılarına ehtiyac yoxdu. Bu mənada Azərbaycan nə vaxtsa diaspor fəaliyyətinə son qoya bilərmi?
- Demokratik cəmiyyətlərdə eyni cür fikirləşən insanlar birləşib öz ideyalarını təbliğ edir. Bir qrup yığışır kitab klubu yaradır, digər qrup təbiəti müdafiə edir. Dünyanın hansı ölkəsində azərbaycanlılar yaşayırlarsa onların birləşmək hüquqları tanınmalıdı. Amerikanın özünün də diaspor təşkilatları kifayət qədərdi. Amerikanın qeyri-hökumət təşkilatları var. Milli Demokratriya İnstitutu, Respublikaçılar İnstitutu, Beynəlxalq İnkişaf Agentliyi, SOROS Fondu, İREX diaspor siyasətinə xidmət edirlər.
ABŞ konqresindən maliyyələşən AzadlıqRadiosu diaspor qrumu deyil? Amerikanın dövlət siyasəti orada təbliğ olunur.
- Diaspor işinə biznes fəaliyyəti kimi baxanlar da var. Sifarişlə lobbiçilik edən diaspor qurumları mövcuddu. Azərbaycanın belə diaspor qurumları varmı?

- Diaspor işi biznes fəaliyyətilə birbaşa bağlıdı. Onları bir-birindən ayırmaq olmur. Maliyyə olmadan diaspor fəaliyyətinin təşkil etmək mümkün deyil. Biz həm dövlət vəsaiti hesabına diaspor işini qururuq, həm də ayrı-ayrı imkanlı şəxslərin hesabına. Azərbaycan dövlətinin maliyyə imkanları artdıqca diaspor quruculuğu işinə ayrılan vəsaitlərin həcmi də çoxalır. Ötən il cənab prezident tərəfindən Avropada azərbaycanlı gənclərin təhsil alması məqsədilə 2 milyon manat vəsait ayrılıb. Xarici ölkələrdəki Azərbaycan cəmiyyətlərinin güclənməsi üçün dövlət xəttilə maliyyə ayrılır. Qeyri dövlət xəttilə də diaspor fəaliyyətinə vəsait ayrılır. Elə imkanlı azərbaycanlılar var ki, onlar adicə ad gününün keçirilməsinə 100 min dollardan çox vəsait xərcləyirlər. Biz onları istiqamətləndirik. Başa salırıq ki, pullarını ad günlərinə deyil, Azərbaycan üçün əhəmiyyət kəsb edən tədbirlərin təşkilinə xərcləsinlər.

Ruslan XƏLİL






31 May, 2011  18:13 Baxılıb: 2564 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16