“ƏLEYHİMƏ ÇIXANLARI HƏTTA HƏYAT YOLDAŞLARI QINADI”
“Xaricdə yaşayan soydaşlarımız da təsdiqləyir ki, bizim telekanallara baxmaq olmur”
Xalqa lazım olduqlarını bilə-bilə kənarda qalmağa məcbur olan görkəmli şəxsiyyətlərin sayı artır. Onlardan biri də 2005-ci il parlament seçkisində deputat seçilən, hazırda isə yaradıcılıqla və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hüseyn Abdullayevdi.
Etiraf edirik ki, onun qədər səmimi birisini görməmişik. İlk dəfə idi Hüseyn Abdullayevlə görüşürdük. Çox məmnunuq. Nə qədər böyük səslənsə də şişirtmə deyil: Onun varlığı Azərbaycan xalqının möhtəşəmliyinə daha bir sübutdu.
Belə şəxslər çoxdu. Simsar.az “Onlar həmişə var”
layihəsində onların qapısını döyəcək. Növbəti ünvan Elmira Rəhimovadı.
-Dörd ilə yaxındı görünmürsüz..
-Ola bilər sizlərə görünmürəm. Varam, yaradıcılıq və sahibkarlıq fəaliyyəti ilə məşğulam.
- Mətbuat Sizi çox axtarıb. Tapa bilmirdik və belə qənaətə gəldik ki, jurnalistlərlə təmas qurmaq istəmirsiz.
-Təmas qurmaq deyəndə ki, deyəcək bir sözüm yoxdu. İşimlə, yaradıcılığımla məşğulam. Əvvəlki Hüseyn Abdullayevəm.
- Özünüzü görə biməsək də, fikirlərinizə mətbuat səhifələrində rast gəlməsək də, televiziyalarda ara-sıra bəstələrinzi dinləyirik.
-Deməli, özünüz də təsdiq edirsiz ki, heç yerə getməmişəm. 10-a yaxın mahnı üzərində işləyirəm. Hər mahnının hazırlanmasına bir-iki ay vaxt sərf olunur.
-Sizin bəstələriniz dinləyicilərin həmişə zövqünü oxşayıb. Bu gün isə efirdə bayağı musiqilər şahlıq edir. Yeni mahnılarınızın bu eybəcər səs-küyün içərisində görünməmək ehtimalı çoxdu. Sizcə dinləyicilər belə olmasını istəyir, yoxsa televiziyalar dinləyiciləri zövqsüzlük dərəcəsinə yuvarladır?
-Məncə dinləyici zövqünü televiziyalar formalaşdırır. Düşünülmüş şəkildə zövqü korlamaq xətti tutublar. İnsan ilk informasiyanı yaddaşında saxlamağa meyillidir. Həmin informasiya doğru çıxmadıqda onun düşüncəsinə zərbə dəymiş olur. Əlbəttə zövqlər müzakirə olunmaz. Amma yaxşı musiqini pis kimi qəbul etmək də mümkün deyil. Yaxşı hər yerdə, hər dinləyici üçün yaxşıdı.
-Ümumiyyətlə Azərbaycan televiziyalarını izləyirsiz?
-Bizim televiziyalarda baxılası nə var ki?..
-İzlədiyiniz bir veriliş belə yoxdur?
-Rusiya və Türkiyə ilə müqayisə etsək bizim verilişlərdə intellektual səviyyəni görmək olmur. Orda insana maraqlı gələn heç nə tapmırsan. Bunun səbəbini mən yaxşı bilirəm, amma açıqlayanda ona siyasi don geyindirirlər. Təkcə mən yox, xaricdə yaşayan soydaşlarımız da təsdiqləyir ki, bizim telekanallara baxmaq olmur. Musuqiləri də elə günə salıblar ki, istəmərəm mənim musiqilərim o şəkildə təqdim olunsun. Ondansa tamaşaçı aşağı səviyyəli mahnıları dinləsə yaxşıdır. Bu mahnılarda nə fikir, nə söz, nə bir uyğunluq var. Kim nə istəyir yazır, pozur.
- Ziyalı olaraq bu çatımazlıqları aradan qaldırmağa yönəlik təkliflə çıxış etmək istərsizmi?
- Mənə elə gəlir ki, üzərimə düşən borcumu yerinə yetirmişəm. Bu gün iş adamı və bəstəkar kimi yaxınlarımın çevrəsində xalqıma xidmət edirəm.
- 2010-cu il parlament seçkilərində əvvəlcə iştiraka qərar verdiz, sonradan bu istəyinizdə geri çəkildiz. Heç olmasa 6 ay keçəndən sonra səbəblərini mətbuata deyə bilərsiz?
-Əslində növbəti dəfə deputatlığa namizəd olmam seçicilərmin təşəbbüsü idi. Amma deputat olsam da, olmasam da həmişə onların yanındayam. Bu, mənim üçün borcdur. Bəstəkar olanda adam insanların fikrini ruhən daha yaxşı hiss edir. Mən millətimi
sevirəm. Hamımız xalqı, vətəni sevməliyik. Bəzi millətlərə baxıram, onlar özlərinı daha yaxşı tanıdır, təqdim edirlər. Tarixi olmayan ermənilər süni tarix yradaırlar. Bizdə hər sahədə savadlı, bacarıqlı insanlar var, amma onları təqdim edən yoxdur. Məsələn, cavanlarımız muğama elə çalarlar verdilər ki, onu hər millət başa düşər.
- Yeniliyin və müasirliyin tərəfdarısız. Xəbər saytlarını izləyirsiz?
-Hərdən baxıram. Daha çox xəbər saytlarına baxıram, təəssüf mənasızlıqlar çoxdur. Bilirsiz, mənim üçün bəstəkarlıq deputatlıqdan daha maraqlıdır. İndi müğənnini deputatdan çox tanıyırlar. Xalqla ünsiyyətdə olan kimdirsə o insanlara daha yaxın olur.
- Maraqlıdır ki, bizdə deputatın fanatı yoxdur, müğənninin isə var.
-Depuatat olmaq gözəldir. Amma əsl deputat olmaq çətindir.
-Sizin mandatınız indi nədir?
- Həmişə olduğum yerdəyəm. Mandatım iş adamı kimi xeyriyyəçilik və bəstəkarlıqdır.
-Milli Məclisin üzvü olanda dostluq etdiyiniz deputatlar olubmu?
- Hadisə baş verməmişdən əvvəl parlamentin 90 faiz deputatı mənimlə ünsiyyətdə idi. Onalar mənə şikayət edirdilər ki, fəaliyyət göstərə bilmirik, məmurlar bizi qapıdan qovur. Mən də dost kimi, bu fikirlərə ürək yanğısı ilə yanaşırdım. İnanmırdım ki, onalar mənə qarşı qaldırılan cinayət işində biganə olarlar. Doğrudur, həbsimə etiraz edənlər tapıldı, amma əksəriyyəti iki əlli “hə” dedilər. Həmin insanlarla bir yerdə çörək kəsmişdik.
- Ağır məqamlarında Sizə sığınan insanlarla...
-Onalara dost kimi, həm mənəvi həm maddı dəstək olurdum. Onların hərəkətinə təəccüblənmədim, təəsüfləndim.
-O məşhur hadisə niyə məhz baş nazirin hesabatı vaxtı oldu?
- Bəs nə vaxt olmalıydı? Nazirlər həmin vaxt parlamentə toplanır. Sözümüzü də onlara deməliyik də... Rusiya, Türkiyə, Ukrayna, lap elə Avropa parlamentlərində nələr baş verir. Onuncün insanları həbs edirlərmi? Mən nə demişdim ki, öz fikrimdən başqa...
-Heç onu da sona qədər deyə bilmədiz...
-İmkan verdilər ki...
- Nə demək istəyirdiz?
-Bütövlükdə reallığı çatdırmaq istəyirdim.
- Reallıq nədən ibarət idi?
- Reallıq siz gördüklərinizdən, yaşadıqlarınızdan ibarətdir. Namizəd olanda seçicilərin mənə münasibəti çox yaxşı idi. Bəziləri soruşurdu ki, sən də o biri deputatlar kimi olmayacaqsan? Əlbəttə “yox” cavabı verirdim. Amma bunu deputat kimi də göstərməliydim. Parlamentə gəldiyim gün dedim, nəsə etməliyəm. Hələ də başa düşmürəm niyə seçicilərimin adından çıxış etməyimə siyasi don geyindirdilər, cinayət hadisəsi damğası vurdular. Möhtərəm prezident İlham Əliyev də yaxşı bilir ki, bu dövlətçiliyin yaranmasında mən də iştirak etmişəm.
- “Böyük dayaq” filmində necə deyilir: “Ay oğul, iyidin dayağı dağ olsun gərək. Eşitməmisən, deyirlər, dayağı dağ olanın başı göylərə çatar...”
- Bu film bugünkü dövrə aiddir.
- Ola bilməz ki, dostluq etdiyiniz deputatlar indi həqiqətən sizdən uzaq durmaq istəyirlər. Bəlkə də ehtiyat edirlər. Bir vaxt məcburən tutduqları mövqedən çəkinirlər.
-Bilmirəm. Bəlkə də haqlısız. Onların bəzilər ilə ailəvi yaxın idik, hətta eşitdim ki, mövqelərinə görə həyat yoldaşları da onları qınayıb. Bəzən Azərbaycan qadınları çox obyektiv olur. Onlar hadisələrdəki lirikanı duya bilirlər, musiqidə duyduqları kimi. Hərdən soruşurlar ki, niyə çox lirik mahnılar yazırsan? Lirika insanların qəlbini rahatladır, düşündürür. Əlbəttə ritmik mahnılarım da az deyil, amma lirika bizə yaraşır.
- Müsahibələrinin birində Habil Əliyev deyir ki, xalq seygahı daha çox dərk edir, çünki azərbaycanlılar iniltini sevir. Güman ki, lirikaya bağlılıq da bundan irəli gəlir.
- Ritmik musiqi elektronikdir. Onu yazmaq daha asandır. Amma melodik mahnı düşüncənin məhsuludur. Qadınlar musiqiyə qulaq asanda ağlayırsa, demək orda özünü görür.
Bu gün müğənnilər də etiraf edir ki, musiqi böhranına düşüblər.
-Yeni mahnılarınızı kimlər ifa edəcək?
- Musiqini yazanda onu kimin oxuyacağını hiss edirəm. Sizə eksklüziv informasiya verim. Zülfiyyə Xanbabayevanın oxuduğu “Azərbaycan” mahnısının davamı olacaq, “Bizim bayraq”. Mahnı Türkiyə və Azərbaycana aiddir. Məncə hər iki qardaş ölkənin bir-birinə münasibətində soyuqluq var. Qanımda türkçülük çoxdur və bu mənim üçün ağrılı mövzudur. Biz türk düşüncəsi ilə böyüdük, belə də yaşayırıq. Millətini sevməyən insan “qurban olum Azərbaycan” yazmaz. Türkiyəyə də sevgim Azərbaycana olduğu qədərdir.
-Yəqin xəbəriniz var: Azərbaycan “Evrovizion”un qalibi oldu. Sevinməmiş olmazsız...
-Qalibiyyətimizə sevindim. Elə musiqi təqdim etməyimizə kədərləndim. Hər musiqidə kanta, yəni musiqi quruluşu deyilən anlam var. O mahnıdasa kanta demək olar ki, yox idi.
- Sizə bu yarışma üçün musiqi yazmaq təklifi verilibmi?
- Avropa səviyyəsində musiqi yazmaq mümkündür. Amma müraciət etsələr də yazmaq istəməzdim. Bu ilki müsabiqədə Azərbaycan təmsilçilərinə mahnını Norveçli bəstəkar yazıb. Bax bu yanaşmanı anlamıram.
-Maraqlısı odur ki, ifaçıların təqdimatında, geyimlərində, performanslarında ümümiyyətlə Azərbaycana aid heç nə yox idi.
-Bundan əvvəlki müsabiqədə çıxış edən Ermənistan təmsilçisi Kanadada yaşasa belə, ifasında ölkəsini göstərməyə çalışırdı. Onlar olmayan özlərini dünyaya göstərirlər, biz varlığımızı dünyadan gizlətməyə çalışırıq. Baxmayaraq ki, bütün dünya şərq musiqisinə üstünlük verir.
- Belə nə qədər çəkəcək?
- Deyirlər, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Allah hər şeyi görür, yaxşı olacaq.
- Geci- tezi var, sadəcə, səbr etmək lazımdır.
- Mənə elə gəlir ki, tezi var, geci yoxdur.
Hazırladı: Arifə Mikayılova