Simsar.az saytı bayramla bağlı jurnalistlər arasında sorğu keçirib. Görəsən bu il jurnalistlərin bayram əhval-ruhiyyəsi necədir? Maraqlı cavablarla siz də tanış olun.
Modern.az saytının redaktoru Əfqan Qafarlı: "Sözün düzü, Yeni il bayramına əvvəllər də, indi də xüsusi bir əhval ruhiyyədə, təmtəraqla hazırlaşmamışam. Düzdür, bayramqabağı ərəfədə hansısa özəl məclislərə dəvət ediblər, dostlar, yoldaşlarla şənlənmişik. Bayram gecəsi isə uşaqlara görə evdə daha zəngin süfrə açmağa çalışmışıq. Amma mənin ən xoşladığım bayram həmişə Novruz olub və çalışmışam ki, 20-21-22 mart tarixlərində əhvalım pozulmasın. Builki bayram ərəfəsində isə sadə təbəqədən olan bütün insanlar kimi mən də əvvəlki əhval-ruhiyyədə deyiləm. Əslində heç vaxt şikayətlənməyin tərəfdarı olmamışam, amma indi ətrafımızda cərəyan edən hadisələrdən dolayı vəziyyətin pisləşməsi buna məcbur edir. Devalvasiya, manatın dəyərdən düşməsi, bunların fonunda ərzaq da daxil hər şeyin bahalaşması vətəndaş olaraq bizim də ümumi əhval-ruhiyyəmizə, dolanışığımıza mənfi təsir göstərib. Bununla paralel, ətrafa baxırsan ki, dostlar, yoldaşlar, qohumlardan kimlərsə iş yerini itirib, ailəsi çox çətin durumla üzləşib ya da iş yerində əməkhaqqısı aylardır gecikdirilər, borc-xərcə düşüb... Üstəlik də əhaliyə verilən elektrik enerjisi və təbii qazın qiymətinin artırılması da bir yandan... Bütün bunlar insanda ovqatı aşağı salan amillərdir. Nə qədər xoş əhval-ruhiyyədə olmasam da, arzu edirəm bu problemlər 2016-da qalsın, 2017 Azərbaycana uğur gətirsin, xalqımızın güzəranı yaxşılaşsın, torpaqlarımızın işğaldan azad edilməsinə nail ola bilək".
Simsar.az saytının baş redaktoru İradə Nurəddinqızı: "Uşaqlıqdan sevdiyim bayram olsa da get-gedə bu bayramda əhval-ruhiyyə aşağı düşür. Müşahidə edirəm bu təkcə məndə belə deyil. İnsanların çoxunda bayram əhval-ruhiyyəsi yoxdur. Kimin borcu yoxdursa, bayram onların evindədir. Ümid edək ki, yeni il yüksək əhval-ruhiyyə gətirəcək".
Lent.az saytının redaktoru Səbuhi Məmmədli: "Heç bir bayram əhval- ruhiyyəsi yoxdur. Şad olmağa bircə əsas səbəb var, 2 yaşlı qızıma dovşan libası almışam, yeni ildə geyinsin. Ona baxıb sevinəcəm. Vəssalam".
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov: "Bayram əhval ruhiyyəmizin yaxşı yaxud pis olması özümüzdən qismən asılıdır. Burada kənar amillər vacib rol oynayır. Ölkədə əksər insanların əhval-ruhiyyəsi necədirsə məndə də elədir. Bizə indi ən böyük bayram hədiyyəsi neftin qiymətinin yüksəlib, dolların manata nisbətdə qiymətinin ucuzlaşması olar"
Qafqazinfo.az saytının əməkdaşı Nigar Məmmədli: "Yeni ilin gəlişi özü yeni əhval- ruhiyyədir. İnşaallah 2017-ci ilin hərtərəfli düşərli olacağına ümid edirəm. Elnən gələn toy-bayram olur, deyirler. Bu bayramlarda elnən gələn adətlərimizdəndir. Hər şeyi pisə kökləmək olmaz. Bayram adından da göründüyü kimi bayramdır. 5 gün tətilin özü elə ayrı bir əhval-ruhiyyədir. Şərt deyil ki, süfrəni neçə cür yeməklərlə bəzəyəsən və buna görə özünü xərcə salasan, əsas olan bayramı canımız sağ ailələrimizlə, övladlarımızla birgə salamat qeyd etməkdir. Hamınızı təbrik edirəm!
Trend.az -ın əməkdaşı Vüqar İmanov: "Ümumiyyətlə, istər "Yeni il" olsun, yaxud başqa bayram insan hər gününə görə Allaha şükr etməlidir. Əgər can saglığı varsa, ailəni dolandıra bilirsənsə, əmin- amanlıq varsa, deməli, bayramdır. Mənim sevdiyim bayramlar isə Novruz, Ramazan və Qurban bayramlarıdır".
Simsar.az