"16 yaşlı uşağın əlinə anasını öldürmək üçün silah verənlər, bu işi gizlədənlərə insan deməyə belə dilim gəlmir". Simsar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Zabrat qəsəbəsində ananın oğlu tərəfindən qətlə yetirilməsinə münasibət bildirərək öz facebook səhifəsində yazıb. O, bildirib ki, bu dəhşətli qətli, vəhşiliyi törədən adamların, bu cür ruh sahiblərinin bizim aramızda rahatca gəzməsini düşünmək belə insanı dəhşətə gətirir:
“Bunlar harada böyüyür, necə tərbiyə alır, nə yeyirlər, nə içirlər ki, belə vəhşiyə dönürlər… 16 yaşlı uşağın əlinə anasını öldürmək üçün silah vermək dəhşətli bir faciədir və bunu edənin vicdan anlayışı yoxdur. Belələrinə qarşı qanunlar və məhkəmələr çox sərt olmalıdır ki, layiq olduqları cəzanı alsınlar və bu başqaları üçün də ciddi dərs olsun. Nə qədər qadın, ana qətli ilə bağlı xəbər olar! Artıq mənən ciddi yorulmuşuq və uca bir səslə “yetər” deyirik. Bu hadisələr bir daha göstərir ki, cəmiyyətimizdə ailədaxili münasibətlər, zorakılıqla mübarizəyə qarşı maarifləndirmədən tutmuş lazımi bütün addımlar atılmalıdır. Televiziyalarımız çalıb-oynamaq, kim-kimə nə söz atdı, necə təhqir etdi, niyə boşandı verlişlərindən başlarını qaldırıb, cəmiyyət üçün bu istiqamətdə ciddi maarifləndirici verlişlərə başlamalıdırlar. Daha nə qədər qadın, ana qətl edilməlidir ki, bu barədə SOS duyulsun? Bu xəbəri oxuyana qədər çox ağrı çəkdim. 16 yaşlı uşağın əlinə anasını öldürmək üçün silah verənlər, bu işi bilib gizlədənlər, allah hamınızın cəzasını versin. Sizə insan deməyə belə dilim gəlmir”.
Qeyd edək ki, Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Mədinə Qurbanova dekabrın 18-də yaşadığı yataqxanada 16 yaşlı oğlu Maarif Əliyev tərəfindən güllələnərək qətlə yetirilib.