27-29 noyabr tarixlərində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlanması və satışı məntəqələrində reydlər keçirilib.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən Simsar.az-a verilən məlumata görə, noyabrın 27-də Yevlax rayonunda keçirilmiş reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilib.Evin həyətində olan Nizami Kərimova məxsus 06 “Jiquli” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunub.Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrində salmonella typhi murium; (BÇQB), bağırsaq çöpləri qrupu bakteriyalar aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrinin keyfiyyətsiz olması, heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, nümunələrin 2-nin at, 4-nün isə iribuynuzlu heyvan əti və baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Yevlax rayonun Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətində aşkarlanan bakterioloji çirklənməyə məruz qalmış, insan sağlamlığı üçün təhlükəli olan, aqoniya və ya öldükdən sonra kəsilmiş at və iribuynuzlu heyvan cəmdəklərinin və dərilərinin zərərsizləşdirilməsinə qərar verilib.
Həmçinin noyabrın 27-də Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar olunub.
Soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilmişdir. Eləcə də həyətdə olan 05 ”Jiquli” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar edilib.Aşkar olunmuş heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrində və daxili orqanda bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə götürülən ət nümunələrinin və daxili orqanın iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Yevlax rayonun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində aşkarlanan heyvan cəmdəkləri, baş, ayaq, daxili orqanlar və heyvan dərilərinin zərərsizləşdirilməsinə qərar verilib.
Noyabrın 27-də davam etdirilən reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunub. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, mötəviyyatla dolu 6 ədəd atın qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkar edilib.
Təzə kəsilmiş atların arabada aşkar olunan məhsullarından (dəri, ayaq, skelet, qarın, bağırsaqlar və tam formalaşmamış döldən) nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib və yerdə qalan atların qalıq tullantıları maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına təhvil verilib.Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə (çürümə bakteriyaları, stafilakokkos aureus, göbələklər) aşkar edilib. Biokimyəvi müayinələrinin nəticəsində götürülən hər bir nümunənin keyfiyyətsiz olması, atların aqoniya və ya öldükdən sonra kəsilməsi məlum olub.Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində aşkarlanan təzə kəsilmiş at dəriləri, atın arxa və qabaq ayaqları, sümükdən ayrılmış skeletlər, mötəviyyatla dolu qarın və bağırsaqlar, eləcə də atın tam formalaşmamış balası (dölü) və qalıq tullantılarının zərərsizləşdirilməsinə qərar verilib.Aqoniya və ya öldükdən sonra kəsilmiş at ətlərinin kimə, haraya satılmasını müəyyən etmək mümkün olmayıb. Bildirək ki, Yevlax və Bərdə rayonlarında insan sağlamlığı üçün təhlükə törədən, ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş heyvan ətlərinin tədarükü və satışı ilə məşğul olanlar barəsində inzibati tədbirlərin görülməsi və əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub. Bundan başqa, noyabrın 28-i və 29-da Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik etdiyi ət kombinatından, həmin kombinatın “Azərət-süd İcarə Topdansatış Birliyi”nin soyuducu anbarlarında saxlanılan heyvan ətlərindən, eləcə də "Gəncliyə yardım fondu"na məxsus ətlərdən müayinə üçün nümunələr götürülüb. Onu da qeyd edək ki, bu obyektlərdən təkrar müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib və həmçinin araşdırmalar aparılır. Aparılan araşdırmaların və götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul edilərək tədbirlər görüləcək.