“Öz oğlun bir ay əsgərlikdə dözmədi, bizim uşaqları isə aldadıb həbsə göndərirsiz”
Ictimai Palatanın mitinqlərində iştirak etməklə yanaşı, davamlı olaraq dərs buraxmış tələbələrin universitetlərdən xaric olunması valideynlərin ciddi narazılığına səbəb olub.
Valideynləri övladlarının universitetlərdən xaric olunmasına görə, müxalifət partiyalarının rəhbərlərini ittiham ediblər. Bu barədə Simsar.az-a məlumat verən mənbənin sözlərinə görə, ali məktəblərdən xaric olunan müxalifətçi tələbələrin Avropadakı universitetlərində təhsillərini davam etdirəcəklərinə dair açıqlamalar verən müxalifət liderləri sonradan vədlərini pozublar.
Qeyd edək ki, universitetdən xaric olunan müxalifətçi tələbələrin xaricdə təhsillərini davam etdirə biləcəklərinə dair açıqlamanı Müsavat Partiyasının başqanı İsa Qəmbər vermişdi. Amma hazırda universitetlərdən xaric olunan tələbələr təhsillərini davam etdirə bilmirlər.
Məlumatlara görə, Bakı Dövlət Universitetindən qovulan Müsavat Gənclər Təşkilatının sədri, hazırda həbsdə olan Tural Abbaslının, KXCP Gənclər Təşkilatının üzvü Cavid Mehrəliyevin, AXCP Gənclər Komitəsinin üzvü, hazırda həbsdə olan Cabbar Savalanlının valideynləri narazılıqlarını bildirmək üçün İsa Qəmbərlə görüşüblər.
Valideynləri qəbul edən Müsavat başqanına xatırlanıb ki, o verdiyi sözə sahib çıxmayıb. Məhz bu iraddan sonra valideynlərlə İsa Qəmbər arasında mübahisə yaranıb.
İsa Qəmbəri övladlarını yolundan azdırıb həbsə düşmələrinə səbəb olmaqda, onları yalan vədlərlə aldatmaqda ittiham edən valideynlər hisslərini cilovlaya bilməyiblər. Hətta onlardan biri Müsavat başqanına xitabən “öz oğlun bir ay əsgərlikdə dözmədi, bizim uşaqları isə aldadıb həbsə göndərirsiz” deyə söyləyib.
Onu da deyək ki, bununla bağlı əməkdaşımızı məlumatlandıran mənbə söyləyib ki, Tural Abbaslının anası, Müsavat Məclisinin üzvü Başxanım Abbasova bir qədər fərqli mövqe nümayiş etdirib və İsa Qəmbərə dəstəkçi olub.
Müsavat başqanının müavini Tofiq Yaqublu Simsar.az-a açıqlamasında bildirib ki, onda ali məktəbdən xaric edilən tələbələrin valideynlərinin İsa Qəmbərlə görüşmələri və narazılıqlarını bildirmələri barədə hər hansı məlumat yoxdu: “Biz mitinqlərdə iştirak etdiklərinə görə, universitetlərdən xaric olunan tələbələrin hüqularını bu gün də müdafiə edirik. Gec-tez onların haqları bərpa olunacaq. Beynəlxalq təşkilatların hesabatlarında da onların siyasi amillərə görə universitetlərdən xaric olunduqları qeyd edilib”.
T.Yaqubli bildirib ki, bir sıra ölkələrdə siyasi amillərə görə unversitetlərdən xaric olunan tələbələrin Avropa universitetlərində təhsillərini davam etdirməsi məsələsi həllini tapıb: “Məsələn Belarusda mitinqlərdə iştirak etmiş tələbələrin hüquqları beynəlxalq təşkilatlar tərəfindən güclü müdafiə olunur. Bu istiqamətdə biz də çabalarımızı davam etdiririk”.
RAMİL