Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Akif Çovdarovun məhkəməsində zərərçəkmiş ifadə verib

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş “Süleyman Transport” MMC-nin təsisçisi Fikrət İbrahimov ifadə verib.

O, istintaqa ifadəsini təsdiq etdiyini söyləyib. Bu səbəbdən də məhkəmədə onun ifadəsi elan olunub.

F.Məmmədovun ifadəsində məlum olub ki, ləğv edilmiş MTN-in əməkdaşları tərəfindən külli miqdarda pulu əlindən alınıb.

F.İbrahimov ifadəsində deyib ki, dostu vasitəsilə tanıdığı Vidadi Hüseynova 300 min manat pul verərək, “Qala” MMC-yə məxsus Quba rayonu Vəlvələ çayında olan daş karxanasına şərik olub.

2014-cü ildə isə Qazaxıstanda olarkən ona gizli nömrədən zəng gəlib və özünü Mübariz kimi təqdim edən şəxs onu MTN-ə çağırıb: “MTN-ə getdim. Mübariz Akif Çovdarovun işçisi olduğunu dedi. Məndən “Süleyman Transport” və Qala MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında məlumat almağa başladı. Mübariz dedi ki, sizin xarici ölkələrdən yük daşımasında nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, həmçinin yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqqında mənə suallar verdi. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib, sonrakı fəaliyyətindən xəbərsizəm. Mübariz dedi ki, şirkətinin adını niyə “Süleyman Transport” qoymusan. Çox primitiv suallar verirdi. Mən başladım gülməyə. Əsəbləşdi, mənə dedi ki, “sən bilirsən, hansı təşkilata gəlmisən, sən MTN-in gücünü bilmirsən”. Təxminən 1 saatdan sonra Rəşadı da yanıma gətirib üzləşdirdi. Rəşad da mən deyənləri dedi. Mübariz kiməsə zəng edib otağa çağırdı”.

O deyib ki, söhbətin davamında Akif Əliyev otağa gəlib. Zərərçəkmiş Çovdarov tərəfindən hədə və şantaja məruz qaldığını da bildirib. “MTN-dən çıxanda Vidadi Hüseynova zəng etdim. O, Almaniyada olduğunu dedi. Dedim ki, MTN şirkətdə yoxlama aparır. O, heç nə demədi. Mübariz dalbadal 3 gün məni MTN-in binasına çağırdı və izahatlar aldı. Sonra məni nazirliyin yanındakı poliklinikanın yanında görüşə çağırdı. Getdim. Birbaşa olaraq məndən 30 min manat pul istədi. Bildirdi ki, pulu verməsəm, məni həbs edəcəklər. Onunla söhbət edib 12 minə razılaşdıq. Ordan çıxıb polis rəisi olmuş dostum Bəhramın yanına getdim. Xahiş etdim ki, pulu verməyə birlikdə gedək. Səhəri gün maşınımla MTN-in qabağındakı dayanacağa gəldim. Mübarizə zəng vurdum. Aşağı gəldi. 12 min manatı qəzetə bükülmüş şəkildə Mübarizə təqdim elədim”- deyə ifadədə yazılır.

Zərərçəkən şəxs ifadəsində MTN polkovniki Akif Əliyevin onu otağına çağırdığını da deyib. F.İbrahimov bildirib ki, Akif Əliyev otaqda onu hədələyib: “Akif otağa girən kimi üstümə düşdü. Dedi, “biz sənə tapşırmışdıq ki, bizə verdiyin pulun səsi çıxmasın, sən kimsən ki, bu söhbəti yayırsan?! Hələ MTN-in adından da istifadə edib dələduzluq edirsən?!” Akif Əliyev hətta Akif Çovdarovun məndən narazı olduğunu, bütün fəaliyyətimin yoxlanacağını və həbs ediləcəyimi dedi. Bir neçə gün keçdi. Akif Əliyev yenə məni MTN-ə çağırdı və belə dedi ki, Akif Çovdarovun məni bağışlaması üçün 100 min manat verməlisən. O qədər pulumun olmadığını dedim. 50 min manata razılaşdıq. Səhəri gün 40 min manatı birtəhər düzəltdim. Anara zəng elədim. Nazirliyin yanında olan 20 nömrəli məktəbin yaxınlığında görüşdük. 40 min verdim, dedim ki, 10 min əskikdir. Anar zəng edib, məsələni Akif Əliyevə dedi. 10 minə görə bir neçə gün vaxt verdilər. Üstündən 3-4 gün keçmiş Anar yenə zəng elədi, 10 min verməli olduğumu yadıma saldı. Səhər nazirliyin qabağına gələrək, qəzetə bükülmüş şəkildə 10 mini də verdim”.

F.İbrahimov suallara cavab verərkən deyib ki, Akif Çovdarovdan şikayətçi deyil. İstintaqa ifadəsində isə Akif Çovdarovun adını çəkməsini təkzib edib.

Məhkəmə prosesində fasilə elan olunub. Proses bir saatdan sonra davam etdiriləcək.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.






19 Dekabr, 2016  14:43 Baxılıb: 1707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55