“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışlarına 4 dalğıc gəmisi də cəlb olunub.Simsar.az xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.
Məlumata görə, dünən dalğıc gəmiləri hadisə yerinə yaxınlaşsalar da hava şəraiti ilə əlaqədar işə cəlb oluna bilməyiblər.
Hazırda dalğıc gəmiləri axtarışlarda iştirak edir və sualtı axtarışlara başlanılıb.Qeyd edək ki, ötən gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Dekabrın 15-də bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. Digər 9 neftçinin axtarışları həm gəmi, həm də helikopterlərlə davam etdirilir.