Qeyri-sabit hava şəraiti ilə bağlı əlaqədar ötən gün axşam saatlarından etibarən "Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.
ASC-dən Simsar.az-a verilən məlumata görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
“Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
Qeyd edək ki, gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb.
Hazırda da yollarda vəziyyət normaldır.