"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) avtomobil yollarındakı vəziyyəti açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli TREND-ə bildirib ki, hazırda Bakı şəhərində "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında qeyri-sabit hava şəraiti ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə edilmir.
O qeyd edib ki, Cəmiyyətin duz-qum qarışığı səpən maşın-mexanizmləri ötən gün axşam saatlarından etibarən daha çox qar tutan və buzlaşan ərazilərə cəlb olunaraq həmin sahələr nəzarətə götürülüb:
"Gecə və səhər saatlarında buzlaşmış yollara duz-qum səpilməklə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. Axşam saatlarında yolların buzlaşma ehtimalı olduğundan maşın-mexanizmlər hazır vəziyyətdə saxlanılır, problemli ərazilər nəzarət altındadır. Görülən qabaqlayıcı tədbirlərlə yanaşı, sürücülər də bu cür hava şəraitində diqqətli olmalıdırlar. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinləri ilə təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Eyni zamanda, az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur".