Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə-kolleclərə qəbul yeni qaydalar əsasında həyata keçiriləcək.
APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu yeniliklər yalnız 9 illik bazada təhsil alan şagirdlərə şamil olunacaq. O deyib ki, buraxılış imtahanlarının nəticələri məzunlara imkan verəcək ki, IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd versinlər: “Təbii ki, bunlar kolleclərə qəbul olmaq üçün yeni qaydalar və normativ sənədlərdir. Bunun üzərində işləmişik. Sadəcə attestasiyaya aid olan normativ hüququ sənəd qəbul olunmalı idi ki, bu attestasiyanın əsasında hansı texnikumlara qəbulun necə aparılmasına dair sənəd hazırlansın. Gələn həftə bu sənədi müvafiq qurumlara təqdim edəcəyik. Bu məsələ Təhsil Nazirliyi ilə müzakirə olunub. Orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları Nazirlər Kabinetinə təqdim olunacaq”.
M. Abbaszadə əlavə edib ki, bu il də IX sinif bazasından kolleclərə qəbul olmaq istəyənlər üçün buraxılış imtahanında toplanılan bal onun üçün müsabiqə balı hesab ediləcək: “IX sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək. IX sinif şagirdləri attestat almaq üçün mütləq buraxılış imtahanında iştirak etməlidirlər. Amma attestatdakı yeniliklər XI sinif şagirdlərinə aid edilməyəcək. Belə ki, XI siniflər növbəti 2 il ərzində köhnə qayda ilə attestat alacaqlar".