Azərbaycan prezidenti İlham Əliyev “Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Simsar.az-ın məlumatına görə, “Televiziya və radio yayımı haqqında” qanuna aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilib:
“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi
12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir”.