Nazir etiraf etdi
Azərbaycanın təhsil naziri Misir Mərdanov rayon (şəhər) təhsil şöbələrinin, nazirlik nəzdindəki lisey və gimnaziyaların direktorlarına istedadlı şagirdlərin aşkarlanmasına, onların yaradıcılıq potensiallarının inkişafına və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunmasına diqqəti artırmağı tapşırıb.
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, nazirin 2010-2011-ci tədris ilində keçirilmiş fənn olimpiadaların nəticələri barədə imzaladığı yeni əmrdə qeyd edilib ki, olimpiadanın yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayonlarının şagirdləri daha fəal iştirak edib.
Əvvəlki illərdə olduğu kimi, Azərbaycan -Türk Özəl liseylərinin şagirdləri daha yaxşı nəticə göstəriblər.
Olimpiadalarda Astara, Ağsu, Saatlı, Samux, Ağstafa, Qubadlı, Xocavənd, Ağdam, Xocalı, Laçın, Daşkəsən, Xızı, Zəngilan, Füzuli rayonlarının, Naftalan şəhərinin şagirdləri zəif nəticələr göstəriblər.
Həmin şəhər və rayonların təhsil şöbələrinin, orta məktəblərinin rəhbərləri istedadlı uşaqların fənn olimpiadalarına cəlbi sahəsində lazımi tədbirlər həyata keçirməyiblər.
Rayon (şəhər) mərhələlərində seçimin qeyri-obyektiv aparılması nəticəsində Azərbaycan dili və ədəbiyyat fənnindən Şamaxı, Tərtər rayonlarının, riyaziyyat fənnindən Laçın, Zəngilan, Ağdaş, Samux, Yevlax, Ağcabədi, Biləsuvar, Göyçay, Şamaxı, Yardımlı, Goranboy, Şəki, Oğuz, Lənkəran, Xızı, Kəlbəcər rayonlarının, fizika fənnindən Mingəçevir və Şirvan şəhərlərinin, Füzuli, Ağcabədi, Ağsu, Göygöl, Tərtər, Şamaxı, Ağdam, Ağdaş, Samux, Lerik, Şərur, Babək, Culfa rayonlarının, kimya fənnindən Lerik, Zəngilan, Gədəbəy, Samux, Biləsuvar, Masallı, Şəki rayonlarının şagirdləri respublika mərhələsində zəif (1-10 bal) nəticə göstərib.
İstedadlı uşaqlarla işin təşkilinə laqeyd münasibət bəsləndiyindən Ağstafa, Beyləqan, Qobustan, Daşkəsən, Zəngilan, Kəlbəcər, Goranboy, Laçın, Füzuli, Xocavənd, Şabran, Siyəzən rayonlarından fizika, riyaziyyat və kimyadan, Neftçala və Şabran rayonlarından isə riyaziyyatdan son illərdə olimpiadaların yekun turunda iştirakçı şagird olmayıb.
Əmrdə qeyd edilib ki, Şamaxı, Lənkəran, Ağstafa, Goranboy, Samux, Daşkəsən, Ağdam, Füzuli, Laçın, Qubadlı, Xocavənd, Zəngilan rayon, Naftalan şəhər təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi tədbirlər həyata keçirmədikləri həmin rayon (şəhər) təhsil şöbə müdirlərinin nəzərlərinə çatdırılsın.
Nazirin əmri ilə bu il keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlər də mükafatlandırılıb.
Məktəblilərin fənn olimpiadaları 3 mərhələdə təşkil olunub. Olimpiadaların 1-ci rayon (şəhər) mərhələsi ötən ilin dekabrında, 2-ci rayon (şəhər) mərhələsi bu ilin yanvarında, respublika mərhələsi isə martda keçirilib.
Respublika üzrə olimpiadada iştirak edən 347 052 nəfər IX-XI sinif şagirdindən 1 132 nəfəri (0,3 faiz) respublika turunda iştirak edib.