İsa Qəmbərin təyin etdiyi vaxt çoxdan bitib
Bu ilin yanvar ayında hakimiyyətə təkrar parlament seçkiləri keçirmək üçün iki ay vaxt verən İctimai Palata ciddi planlar üzərində işləyir. Ən ciddi plan 28 May Respublika Günündə Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etməkdir.
“Hakimiyyətə mesajımız odur ki, sən onsuz da gedəcəksən, sadəcə yolu seç ki, nə cür gedəcəksən... bəlkə iki aydan sonra hakimiyyət yalvaracaq ki, gəlin parlamenti buraxaq” deyə, İ.Qəmbər İctimai Palatanın ilk sessiyasında bildirmişdi.
İndi həmin açıqlamadan nə az-nə çox 5 ay keçir. Və 5 aydan sonra cənab Qəmbər bildirir: «Yaxın müddət ərzində İctimai Palatanın bir neçə tədbiri olacaq. Onlardan biri 28 May Respublika Günündə Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsininin ziyarətidir».
Məntiqlə iki ay bundan qabaq hakimiyyət müxalifətə «gəlin təkrar parlament seçkiləri keçirək» deyə yalvarmalı idi.
Amma biz bunun əksinin şahidi oluruq. İki atımlıq barıtı olan İctimai Palata ötən 5 ay ərzində böyük iddiadan əl çəkmək zorunda qaldı. Və ənənəvi ziyarəti - 28 Mayda Novxanıya getməyi İctimai Palatanın fəvliyyət planı kimi ictimaiyyətə təqdim edir.
Onsuz da müxalifət nümayəndələri hər il 28 Mayda Novxanıya gedib Rəsulzadənin qəbrini ziyarət edib. Axı bu siyasi mübarizə, hakimiyyətə gəlmək taktikası deyil...
Məmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadimdir. Onun qəbrini ziyarət etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. İctimai Palata Rəsulzadənin qəbrinin ziyarətini mövcudluğunu təsdiq etmək, mübarizə görüntüsü yaratmaq məqsədilə edirsə, bu onun iflasa uğradığını göstərir.
Yeri gəlmişkən Klassik Xalq Cəbhəsi Partiyasının sədri İctimai Palatanı İctimai Palatka adlandırmışdı. Adətən ziyarətlər, yas mərasimləri ictimai palatkalarda keçirilir. Allah ölənlərə rəhmət eləsin!
FAMİL