Latviya Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan muğam ifaçılarının Riqada konserti olacaq
Mayın 29-u Azərbaycanın Latviyadakı səfirliyi, Latviyanın Azərbaycandakı səfirliyi, Latviyadakı "Ocaq" Azərbaycan mədəniyyəti mərkəzi və Riqanın RSTA təşkilatının dəstəyi ilə Riqada Azərbaycanın simfonik muğamı təqdim ediləcək .
Latviya dinləyicisinə təqdim olunacaq "Azərbaycan simfomuğam"ı özündə muğam və simfonik musiqini birləşdirir. Bu, layihənin çox maraqlı və original aspektidir.
Bu cür konsert ənənəsinin əsası 2007-ci il may ayında Azərbaycan Dövlət Filarmoniyasında qoyulub. Konsert Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilib.
Respublika gününə həsr olunan və mayın 29- u Riqada keçiriləcək konsert, "Qarabağ” triosu və Latviya Simfonik Orkestri ilə birlikdə Azərbaycan muğamını və klassik əsərlərimizi təqdim edəcək.
Konsertin dirijoru Azərbaycanın Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur.
Üçlüyə Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov, Azərbaycanın əməkdar artisti, tar ifaçısı Elçin Həşimov və Azərbaycannın əməkdar artisti kamança ifaçısı Elnur Əhmədov daxildir.
Bu günə kimi Azərbaycan muğamının simfonik musiqi ilə sintezi İzmir, Minsk, Kiyev və Londonda səslənib.
"Qarabağ" triosu isə 20-dən çox dünya ölkəsində çıxış edib. Bunlardan bir neçəsi Türkiyə, İran, Qətər, Almaniya, Norveç və ABŞ-dır.
Konsertin sponsoru ölkəmizin aparıcı mobil rabitə operatoru “Azercell” və “airBaltic” avia şirkətidir.