Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Azərbaycan sevdalı Adana

(Yaxın günlərdə oxuyucuların ixtiyarına veriləcək “Qənirə Paşayeva ilə adddım-addım Türkiyə” kitabından Adana ilə bağlı 2-ci yazı)

TÜKDƏN XƏFİF OLURAM MƏN BÖYLƏ SABAHLARDA...

Sabahı Adanada açıram. Orxan Vəli Qanıqın ruhunca köklənmişəm. Otel önündəki ağaca, gülə, çiçəyə açıram qəlbimdə nə var. Orxan bəyin diliylə konuşuram hər biriylə:

“Gəl, mənim canım, gəl yanıma”:

Tükdən xəfif oluram böylə sabahları,

Qarşı damda bir günəş parçası.

İçimdə quş civiltiləri, şərqilər.

Bağıra-çığıra düşürəm yollara,

Dönər-dönər durur başım havlarda.

Sanıram ki, günlər həm gözəl keçəcək...

Adanada Orta Doğunun ən böyük camisi olan Hacı Ömər Sabançı camisi ətrafını gəzib-dolandığım məqamlarda bu nikbin düşüncələrdən bir an da olsun belə ayrıla bilmirəm. Nikbinəm, inamlıyam. Azərbaycan-Türkiyə qardaşlığının yeni, çağdaş mərhələsi xüsusi bir özəlliklə inamlı olmağa götürür məni. Bu əzəmətli camidə dualar oxuyuruq bu yolda canından keçənlərə, ömrünü fəda edənlərə...

Bu düşüncələrimi Adanaya qədəm qoyduğumuz ilk andan böyük bir sayğı və diqqətə bizimlə bir arada olan, bizi könül xoşluğu ilə qarşılayan görkəmli aktyor, Azərbaycanın əməkdar artisti, Çuxurova Universitetinin professoru Cahangir Novruzovla bölüşürəm. Sakit axımlı Ceyhan nəhri boyunca Adana gözəlliklərinə tamaşa edirik Azərbaycan və Türkiyədən olan dostlarla birlikdə. Bu yerdə Ceyhan nəhri bizim Sabirabad rayonu ərazisində Kürlə-Arazın qovuşaraq bir məcrada göy Xəzərə can atdıqları durumu xatırlaıdır. Sanki layla çalır ruha, fikirə... Bilmirəm, nədənsə Ceyhana baxa-baxa doğma vətənimi ikiyə bölən Arazı düşünür, anıram elə...

Düşünürəm, yaxın onilliklərə qədər şerimizin, sözümüzün ağrıyan yeri Araz, Təbriz, Göyçə, Vedi, Mehri mövzuları idi... İndi üstünə Xocalı, Şuşa, Xankəndi, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan ağrıları gəlib. İndi sözümüzün ağlar yerləri bir deyil, beş deyil...

Dəyərli sənətçimiz , bəyük aktyor Cahangir Novruzovla bu barədə fikirlərimizi bölüşürük. Təkcə coğrafi itkilərimizin yox, mənəvi aşınmaların nədənliyi üzərində dayanırıq. Eləcə də görkəmli xalq artisti olan anası, unudulmaz “qayınana”mız Nəsibə Zeynalova ilə bağlı xatirələr dil açır. Cahangir bəyin bu mövzudakı söhbəti təkcə bir ana-bala, övlad-valideyn çərçivəsinə qapanıb qalmır. Daha çox sənətkar haqqında sənətkar mövqeyi, baxışı ortadadı. Baxıram ki, səfər yoldaşım Sərvaz Hüseynoğlu bircə sözü, kəlməni də qaçırmır, adəti üzrə qeyd dəftərçəsinə köçürür. Tam arxayınam ki, deyilən hər söz yadigar olaraq qalacaq. Bu gözəl sənətkar hələ də anası, görkəmli xalq artisti Nəsibə xanım Zeynalovanın kinoda özünü layiqincə, sahib olduğu istedad çərçivəsində tapa bilməməsinin ağrısını çəkir. Nəsiıbə xanımın öz böyük istedadı səviyyəsində açıla bilməməsini kinomuzun kəsiri hesab edir. Onun başqalaşmaq məharəti bir məktəb idi. Onun iç dünyasında möhtəşəm bir polemika, dram var idi və rejissorlar bu dramı aça bilmədilər. Biz də Nəsibə xanımla bağlı unudulmaz xatirələrimizi bölüşüb, ruhuna rəhmət oxuduq. Cahangir bəy Nəsibə xanımla bağlı söhbətini davam etdirərək ümummilli lider Heydər Əliyevin Azərbaycan teatr sənətinin inkişafına göstərdiyi böyük qayğıdan, verdipyi töhfələrdən söz açır: “Heydər Əliyevin mədəniyyətimizə olan münasibəti əbədi bir örnəkdi. “Qaynana” onun şəxsi göstərişilə çəkilmişdi. Nəsibə xanım bu etimadı böyük minnətdarlıqla yad edərdi... Ümumiyyətlə, teatr millətin taleyində böyük rol oynayan bir mədəniyyət hadisəsidir. Atatürk haqlı söyləmiş ki, teatr bir millətin mədəniyyət səviyyəsini ayna kimi əks etdirir...”

BURDA AZƏRBAYCANA

BÖYÜK SEVGİ VAR

Bu sözləri də böyük könül xoşluğu ilə Cahangir bəy söyləyir. Sovetlər İttifaqının ən gənc rejissoru olmasından dərin bir qürur hissilə söz açır. 1987-ci ildə Mirzə Fətəlinin “Müsyo Jordan və Dərviş Məstəli şah” pyesini tamaşaya qoyduğu zamana qayıdır. “Ramiz Rövşənin sözlərinə Cavanşir Quliyev mənim təklifimlə “Novruz gəlir, yaz gəlir” mahnısını bəstələmişdi. Az qala himn kimi səslənirdi. Milli adət-ənənələrimizin himni kimi...” Əsərin Moskva tamaşasının uğurundan danışır. Təklifi ilə Adanada tikdirilən teatr binasından, adını verdiyi Arifə Jalə adına teatr salonundan, bir il ərzində hazırladığı 4 tamaşadan ürək dolusu söz açır. “Yeni layihəmiz var-deyir: – “İctimaiy­yət, teatrı araşdırma və uyğulama” mərkəzinin açılmasına qərarlıyıq. Məqsəd sosial-psixoloji durumu, dəyərləri araşdırmaq, çağdaş həyat yaşamını səhnəyə gətirməkdir”.

Cahangir bəyin Adanada sənət adına gördüyü işləri, çoxlu sayda tələbələr yetişdirməsini adanalılar çox yüksək qiymətləndirir və dəstəkləyirlər. Biz də bir həmyerlimizin qardaş ölkədə qazandığı uğurları və hörməti gördükdə çox şad olur, qürur hissi keçiririk.

Sabançı camisi ilə üzbəüzük... Seyhan nəhri sahilində... Qarşımızda abad bir park var. Cahangir bəy qürur hissi ilə “Xocalı anım kompleksi burada olacaq. Sizin də, mənim də Adananın mərkəzində belə bir kompleksin olması ilə bağlı təklifimiz, inşallah, yaxın zamanlarda bu parkda reallığa çevriləcək” – deyə qarşı səmti göstərir. Həmən də əlavə edir: “Bura Adananın mərkəzinin ən gözəl yeridir. Belə yerdə Xocalı Soyqırımı abidəsinin qoyulmasının xüsusi əhəmiyyəti var”. Cahangir bəy bizi Xocalı Soyqırımı abidəsinin eskizi ilə tanış edir, mən də, “inşallah, gələn Xocalı tədbirini bu abidənin önündə keçirərik” deyirəm. Sonra Seyhan nəhri sahilində davam edən söhbətimizdə hər il martın 27-də Adanada keçirilən Uluslararası Beynəlxalq Teatr günündən söz açır Cahangir bəy: “Çox istəyirəm ki, bizimkilər də bu möhtəşəm bayramda iştirak etsinlər. Bir ay müddətində hər gün 2 tamaşa göstərilir. Hər yerdən axışıb gəlirlər”.

GƏLİN TANIŞ OLAQ...

Söhbət edə-edə Ramazanoğlu qonaq evinin çevrəsindən keçirik. Sultan Süleymanın Adanaya səfəri münasibətilə yapıldığı bilinir. Adanaya yolu düşənlər bu gözəl qonaq evini ziyarət etməmiş dönməsinlər...

Bu, Hacı Ömər Sabancı Mədəniyyət Mərkəzidi...

Bu, Ulucami məhəlləsi...

Ağca məscidi bu səmt­dədi... Ulucaminin 1541-ci ilin abidəsi olduğu kitabəsindən nişan verir özünü. Uçur göyərçinlər önündə sıx-sıx.

Bu, Bayan məscididi... Bu Kiçik məscid... Yer alıb Ulu cami külliyyəsində. Kitabəsində yazılanlar belə bəyan etməkdədi: “Bu mübarək məscidi 898-ci ildə Recep ayında cənab Allahın qulu və köləsi, cənnətməkan və Garsi (xeyirli işlər yapan) Ramazanoğlu Hacı Xəlil yapdırdı”.

Sonra gəlir Ramazanoğlu mədrəsəsi. Beş addımlığında da Türk-İslam mədəniyyət mərkəzi.

Səlcuqlu, Memlük və Osmanlı memarlıq üslubunda inşa edilən Ulu cami öz bənzərsiz durumu ilə XVI yüzilin olmuşlarına şahidlik edir. Ziyarət edib, dualar oxuyuruq şəhidlərimizə.

Ramazanoğlu türbəsinin sağ səmtində böyük şair və Adana valisi Ziya Paşanın məzarüstü abidəsi çəkir nəzərimi qeyri-iradi... 1825-1880-ci illərdə yaşayıb-yaradıb və şeirləri bu gün də sevilərək oxunur:

 

Akşam olur, güneş gider şimdi buradan;

Garip garip kaval çalar çoban dereden.

Pek körpesin, esirgesin seni yaradan,

Gir sürüye kurt kapmasın, gel kuzucağım;

Sonra yardan ayrılırsın, ah yavrucağım! .

Çünkü mevlam kul eyledi sana özümü,

Bastığın yerlere sürsem yüzümü;

Uyma ağyarın fendine, dinle sözümü.

Gel sürüye kurt kapmasın, gel kuzucağım;

Sonra yardan ayrılırsın, ah yavrucağım! .

Dağları duman bürüdü, ağyar seçilmez;

Avcı kurmuş tuzağını yare geçilmez,

Vefasızın meclisinde bade içilmez.

Gel sürüye kurt kapmasın, gel kuzucağım;

Sonra yardan ayrılırsın, ah yavrucağım! .

Ruhuna fatehə verib keçirik.

Paşabazarı çevrəsi səmti öz müasirliyi, abadlığı ilə diqqəti çəkir. Demetevlər, Yeniməhəllə, Qazi məşhəlləsi səmtləri də elə! Sağ yanda Koruma Körpü tikilir. Silviqapı (qala divarlar) burda. Zeytunburnu Anadolu liseyi, Tahir Əfəndi məzarlığı burda...

SULTANIN BÖYÜK PORTRETİ

Ramazanoğlu bəyliyi Saray Salamlığını ziyarət edirik. İri salonun yuxarı başında Qanuni Sultan Süleymanın böyük portreti yer alıb. 150 illik tarixi zərif ilmələrində yaşadan xalça bütün görünüşüylə “gəl çıx sinəm üstə yeri” istəyini ürpədir hər yelənində. Figer Doranın hədiyyəsi olduğu hələ də bilinir alt yazısından.

“YURDDA SÜLH, CAHANDA SÜLH!”

Bax bu da böyük Atatürkün heykəl abidəsi: “Yurdda sülh, cahanda sülh” səslənişi etməyindən qalmır hələ də! Ruhuna dualar oxuyuruq böyük Qazinin. Üzbəüz səmtdədi Adana Sinema mərkəzi... Sonra gəlir Terebag Anadolu İmam Hatun liseyi.

Çevrilib böyük İbn Sinanın heykəli səmtə baxırıq. Dahi alimin ruhu o səmtə çəkir bizi. Xatirəsini anır, ruhuna dualar oxuyuruq. Məhz bu anda Ulu Caminin minbərindən ucalan əzan səsi izləyir sonacan dualarımızı. Sabançı Mərkəz Camisinin giriş qapısında ayaq saxlayır, ziyarət edib, dualar oxuyuruq. Önü gözəl parkdı, güllükdü. Solda saat qülləsi... Tam ekzotik bir aləmdi. Sitrus ağacları ruhu, düşüncəni oyadır burda.

Ziya Paşa bulvarı boyunca gəzə-gəzə tarixi birlik, qardaşlıq dəyərlərimizdən söz açırıq.

Bir azdan ihlamur yarpağıyla dəmlənmiş çaydan içə-içə Türk ədəbiyyatı, mədəniyyəti gəlişmələrindən, tarixi ədəbi-mədəni əlaqələrdən söhbət edirik.

Bütün bunlar öz yerində. Ancaq o ağrı ki, bizi yenidən Adanayacan çəkib gətirib, o dərd ki, qövr edir ürəyimizdə – başlıca mövzu olaraq elə hey təzələnir: Qarabağ dərdi, Xocalı nisgili, qəmidi bu yaşananların adı. Əslində söhbətin başqa məcraya, gündəlik həyatla bağlı məqamlara çəkilməsi bu böyük kədərin, ağrının qəlb parçalayan ağır yükündən azacıq da olsa kənarda dayana bilmək çabası idi. Lakin bu üzdə belə görünə bilərdi. Hər kəsin iç dünyası isə bu böyük, ümummilli faciənin dərin kədər hissi altında sınıb-tökülməkdə idi. Ümumi bir dildə qaysağı qopur, yenə qan verirdi yaralar elə:

Dağlar dağımdı mənim,

Qəm ortağımdı mənim.

Dindirsən qan ağlaram,

Yaman çağımdı mənim...

Bu tarixi acıların könül ağrısı Adanada, abad Ziya Paşa bulvarı boyunca düşüncələrimizi sarmışdı.

“ADANANIN YOLLARI DAŞLI...”

Belə bir mahnı var Adana insanlarının dilində. Sevincli gündə də, qəmli gündə də alıb könülləri aparır elə... Qarşılığı kimi yadıma düşür gözəlim Azərbaycanın bir unudulmaz xalq mahnısı:

Təbrizin yolları daşlı,

Mənim yarım qələm qaşlı...

Yarın qələm qaşı, süzgün gözləri öz yerində! Şerin, nəğmənin əzəli yoludu ki, aşiqin halnı yara yetirsin. Ancaq minilliklər boyu şerin-sözün bir aparıcı xətti, amalı olub ki, dövrün-zamanın gedişini, ətrafda, cəmiyyətdə baş verənləri sadə insanlar, daha çox da tarix üçün açıqlasın, lazım gələndə həyəcan təbili çala bilsin.

(ardı var)






5 Oktyabr, 2015  15:32 Baxılıb: 1954 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16