Müxalifətçilər ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin fəaliyyətinə rəy verdi
2009-cu ilin aprelindən ATƏT-in Bakı ofisinə rəhbərlik edən Türkiyə vətəndaşı Əli Bilgə Cankorelin səlahiyyət müddəti gələn ayın sonlarında başa çatır.
Onun 3 il ərzində fəliyyətində yadda qalan məqamların olduğunu söyləmək çətindir. Hər halda cənab Cankorel bu müddət ərzində bir dəfə də olsun siyasi-partiyalar arasında dialoq təşkil edə bilməyib. Bəzi ekspertlər hesab edir ki, ATƏT bu müddət ərzində daha çox Azərbaycan hakimiyyətilə əməkdaşlığa üstünlük verib. Müxalifətlə münasibətlərində fasilə verən qurumun Bakı ofisinin rəhbəri yalnız siyasi dialoq təklifləri ilə yadda qalıb. Bu dialoqlar isə formal xarakter daşıyıb və nəticəsiz olub. Son bir ildə isə Cankorel hətta müxalifət və iqtidar nümayəndələrini dəyirmi masa ətrafına toplayıb, barışdıra bilmədi. Cankorelin bu kimi fəaliyyətinin nəticəsi olaraq bir çoxları düşündü ki, Qərb Azərbaycan müxalifətindən üz döndərib.
Siyasilər isə Cankorelin fəaliyyətini belə qiymətləndirir
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Bilgə Cankorelə uzun ömür can sağlığı arzulayır: “Ümumiyyətlə dünyada ATƏT-in nüfüzu aşağı düşüb, təsir imkanları tükənib. Bu gün ATƏT hansı gündədisə, Blgə Cankorel də o gündədi. Amma dialoqun baş tutmamasında tək o, günahkar deyil. Cankorel neyləsin ki, hakimiyyət nümayəndələri müxalifətlə görüşmək istəməyib. Bəli, Cankorelin təşkilatçılıq problemi olub. Ona bu problemi yaradan isə iqtidardı”.
Politoloq Zərdüşt Əlizadə düşünür ki, Cankorel olduqca mədəni diplomatdır: “Hər bir diplomat, siyasətci resurslarına arxalanıb addım atır. ATƏT-in isə güclü resursları yoxdur. Cankorel neyləsin ki, Azərbaycanda vətəndaş cəmiyyəti, siyasi partiyalar zəifdir, siyasi mədəniyyət aşağıdır. Cankorel deyir ki, siyasi partiyalar arasında dialoq olmalıdır. Amma siyasi partiyaların rəhbərləri dialoqa hazır deyillər, qarşılıqlı düşmən münasibətləri var”.
Z.Əlizadə hesab edir ki, ATƏT-in Bakı ofisinə gələcək yeni diplomat da vəziyyəti dəyişə bilməyəcək.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cankoreli diplomat-məmur adlandırdı: “O, mənə daha çox klassik diplomatları xatırladır. Cankorel hər şey haqqında şablon danışan biri kimi tanındı. Onun fəaliyyəti ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də aşağı səviyyədə olub: “Ümumiyyətlə, ATƏT dünyada lazımsız quruma çevrilməkdədir. Qərb dövlətləri onu saymır, artıq Azərbaycan kimi ölkələr də, istədikləri kimi hərəkət edirlər.Cankorel də bunun fərqindədir”.
S.Cəlaloğluna görə, Cankorelin iqtidar-müxalifət arasında dialoq yarada bilməməsi təşkilatçılığının zəifliyindən xəbər verir: “ATƏT kimi qurumun nümayəndəsi siyasətçiləri bir masa arxasına gətizdirib dialoq yarada bilmirsə, onun istefası qaçılmazdır. Cankorel səlahiyyət müddəti başa çatmadan Bakını tərk etməli idi”.
RUSLAN