“Tərxun”un tərkibində duşes konsentratı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Aslan” MMC-yə məxsus istehsalat sahəsində yoxlama aparılıb. Bu zaman “Düşes” və “Tərxun” alkoqolsuz içkilərinin, albalı və şaftalı meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edildiyi, habelə “Duşes” və “Tərxun” alkoqolsuz içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib.
Həmçinin aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal edilən “Tərxun” alkoqolsuz içkisinin etiketində tərkibinin düşes konsentratından ibarət olduğunun göstərildiyi məlum olub.
Qanun pozuntuları ilə əlaqədar, “Duşes” və “Tərxun” alkoqolsuz içkilərinin, albalı və şaftalı meyvə nektarlarının istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də müvafiq reseptura olmadan istehsal edilmiş 1587 litr sərinləşdirici içkilərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Aslan” MMC-yə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.
Simsar.az