Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

“RADİO İŞÇİLƏRİNİN 60-70 FAİZİ YERİNDƏ OLMAYAN ADAMLARDI” -MÜSAHİBƏ

Emin Musavi: “Peşəkarlar nəyəsə görə sınır, inciyib bu sferadan uzaqlaşırlar”

106.3 FM radiosunun direktoru, aparıcı Emin Musəvi Simsar.az saytının suallarını cavablandırır 


- Radio və televiziyanın bu günkü vəziyyətini necə xarakterizə edərdiniz?

- Daha yaxşı ola bilərdi.

- Məsələn, necə?..

- Verilişlərin keyfiyyətini nəzərdə tuturam. Təbii ki, media aləmində peşəkarlar çoxdur. Lakin düşünürəm ki, teleməkandakı vəziyyət daha yaxşı ola bilərdi.

- Qədimdən bir fikir var: televizya cəmiyyətin aynasıdır. Bizim televiziyalar bu funksiyanın öhdəsindən gələ bilirmi?

- Televiziya cəmiyyyətin güzgüsü sayılır, amma televiziyanın bir başqa vacib rolu var. Əgər sən başqa əcnəbi bir ölkəyə getmisənsə, ilk öncə oteldə televizoru açırsan və yerli kanllara baxırsan. Artıq o görüntülərdən, efirdə görünən insanlardan, verilişlərin səviyyəsindən insanda ölkə haqqında müəyyən fikir formalaşır. Bizimçün də bu vacibdir ki, hansısa əcnəbi vətəndaş yerli telekanallarımızı izləyəndə, rəng, görüntü və səviyyə yaxşı olsun. İlk növbədə isə, bu ele yerli tamaşaçılar üçün vacibdir.

- Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda həll olunası vacib problemlər hansılardı?

- Bu gün öz işini bilən radio və televiziya işçiləri var, amma bilməyənlər daha çoxdu. Radio və televiziyada kadr problemi var. Bəzi adamlar öz yerlərində deyillər, peşəkar radio və televiziya aparıcıları isə nəyəsə görə sınır, inciyib bu sferadan uzaqlaşır və öz yerlərini qeyri- peşəkarlara verirlər.

- Media aləmində danışırlar ki, istedadlı olmağından asılı deyil, tapşırıqsız televiziyada fəaliyyət göstərmək mümkün deyil. Lap sovet dövründə olduğu kimi. Bəs sizin işlədiyiniz ATV-də necədi?..

- Belə məqamlar olub: kimsə zəng edib, xahiş edib, tapşırıb, amma tapşırılanın istedadı yoxdursa, bu sahəyə uyğun deyilsə, işləyə bilməz. Bizim radio və televiziyada şəxsi tanışlıq, qohumluq və hansısa səviyyədə tapşırıqlar heç bir rol oynamır. İşçiləri müsabiqə yolu ilə işə qəbul edirik.

- Hətta televiziyada keçirilən müsabiqələrin ədalətli olmadığını deyirlər....

- 106.3 FM radiousu 2004-cü ildən FM-də fəaliyyət göstərir. Bizim işçilərin demək olar hamısı müsabiqə yolu ilə qəbul olunublar. Tələbələr, insanlar bizim elan etdiyimiz müsabiqələrə gəlirlərsə, istedadlıdırlarsa və hiss edəndə ki, bu insanda nəsə alına bilər, o zaman həmin şəxs sınaq müddətindən sonra işə qəbul olunur.

- Azərbaycanın ümumilikdə radio və televiziya aparıcılarının dilinə bir sıra ictimai-siyasi xadimlər, millət vəkilləri, sadə vətəndaşlar Teleradio və Yayım Şurası dəfələrlə tənqidlə yanaşıb. Amma hələ də bu sahədə vəziyyət dəyişməyib. Əksər aparıcıların ciddi şəkildə, dil, intonasiya, savad problemi var. Niyə belədir?

- Həqiqətən də bu sahədə problemlər var. Bu, təkcə radio və televiziya ilə bağlı deyil. Əlbəttə, radio və televiziya cəmiyyətin hər bir təbəqəsi üçün nümunə olmalıdır. Radio və televiziyanın səlis, təmiz dili bir növ köməkçi rolunu daşımalıdır. Təəssüflə qeyd eləmək lazımdır ki, biz Azərbaycan dilində lazimi səviyyədə danışmırıq.

- Efirdə danışmaq əvəzinə, qışqıran aparcılar da var. Onlara “qışqırma” deyən yoxdur?

- Bəzi aparıcılar şou yaratmaq istəyir. Bu normaldır. Lakin bu aşağı səviyyədə alınanda, tamaşaçını qıcıqlandırır və yaxşı nəticə vermir. Qışqıran və qeyri-adi nəsə etmək istəyən adamda heç nə alınmırsa, sabah o efirdən uzaqlaşanda kimsə onu yada salmayacaq. Aparıcının gərək özəl tərəfləri olsun, seçilməyi bacarsın. Elə aparıcılar var ki, məsələn Rafiq Hüseynov, Nərgiz Cəlilova onlar efirdə gec-gec görsənirlər, hətta son vaxtlar ümumiyyətlə görsənmirlər, amma tamaşaçı gözü onları həmişə axtarır.. Sual versələr ki, indi Azərbaycanda aparıcı aparıcılar kimlərdi? O zaman peşəkar aparıcıların adı çəkiləcək, digərləri isə bu gün var, sabah unudulacaqlar.

- Peşəkarlıqla populyarlığı eyniləşdirmək olar?

- Populyar insanla peşəkar olmaq həmişə üst-üstə düşmür. Populyar çox istedadsız və öz işini bilməyən biri ola bilər. Televiziya həmin insanı çox göstərir və nəticədə o populyarlaşır. Peşəkar insan isə o demək deyil ki, hər dəfə efirdə görsənsin. Peşəkarlıq daxildən gəlir və öz üzərində işləməyin nəticəsində yaranır.

- Görünən budur ki, bizim aparıcılarda səmimiyyət çatışmır. Doğru təəssüratdı, yoxsa daha vacib səsbəb var?

- Britaniyanın, Amerikanın və Rusiyanın aparıcılıq məktəbinə diqqət yetirsək, görərik orada xəbərlər proqramlarını orta yaşlı və yaxud yaşlı insanlar aparır. İnsan nə qədər yaşlı olarsa, bir o qədər də inandırıcı görsənir. Bizdə isə belə bir streotip var ki, sənin yaşın 40-dan çox oldu, gərək efirdən gedəsən. İnsan müdrikdirsə, hansısa xəbəri deyəndə tamaşaçı da ona inanır. Mən özüm şahidi olmuşam ki, cavan bir qız efirdə xəbər aparır, sel daşqınından danışır və bu xəbəri təəbbəsümlə təqdim edir. Həmin aparıcı özünə görə sevinir ki, bu saat onu efirdə göstərirlər.

- Siz dediyiniz prizmadan baxsaq, Az TV məktəb hesab oluna bilərmi?

- Az TV həm dövlət kanalı olaraq, həm də bir televiziya kimi təbii ki, məktəbdir. Onlardan çox şey öyrənmək olar. Bu televiziyanın danışıq dili xeyli səlisdi. Az TV-dən verilən xəbərləri tamaşaçı ciddi qəbul edir. Düşünür ki, dövlət kanalıdır, məsuliyyəti çox böyükdür.

- Radio və televiziyalarda əksər verilişlər bir-birinin təkrarıdı. Əsasən də şou verilişləri. Belə seçim rəhbərliyin göstərişindən qaynaqlanır, yoxsa azərbaycanlı tamaşaçının zövqü nəzərə alınır?

- Xüsusi beynəlxalq səviyyəli şirkətlər var ki, onlar verilişlərin reytinqini ölçürlər. 400-dən çox ailədə pıplmetr quraşdırılıb. Dediyiniz o şou verilişlər, hansılar ki, bir çoxlarını qıcıqlandırır, onlar reytinqli verilişlər hesab olunur. Telekanallar da şou və müğənillərlə bağlı verilişlər etməyə məcburdular. Fərqi yoxdur, keyfiyyətli-keyfiyyətsiz, maraqlı- marasız, reytinqi yüksəkdirsə, yerli və xarici şirkətlər də həmin verilişlərdə reklam yerləşdirir. Buna görə də bəzi kanallar nəyisə təkrarlamağa məcburdurlar. Standart verilişlər var ki, o təkrarçılıq deyil. Kimsə birinci başlayıb, kimsə ikinci... Özəl kanallar dolanmalıdırlar və bu da tənzimlənməlidir.

- Necə tənzimlənməlidir?

- Bu yaxınlarda Nuşirəvan Məhrrəmli ilə görüşdüm, bu barədə danışdıq. Məncə televiziyalar özləri yığışıb, fikirləşməlidir, təbiiki Milli Televiziya və Yayım Şurasının iştirakı ilə.

- Sizcə hansı xətt tutatn radiolar daha çox dinlənilir?


- Azərbaycanda xeyli radio var. Onlardan yalnız üçü, dördü dinləniləndi, qalanları belə də...Sabah onlar olmasa, heç kim deməyəcək ki, belə bir radio var idi axı... Çünki insanlar öz işlərini lazımı səviyyədə görmürlər. Əgər sən işini bəyənmirsənsə, pula, yaxud nəyəsə görə, özünü məcbur edirsənsə, işləməsən, kiminsə yerini tutmasan yaxşıdı. Məcburiyyət qarşısında qalıb işləyənləri başa düşmürəm.

- 106.3 FM radiosunun priroritet götürdüyü sahə deyəsən musiqidi. Yanılmırıq ki?

- Dinləyici üçün lazımsız danışıqdansa, musiqinin efirə getməyi daha yaxşıdır. Biz 80 faiz hallarda dinləyici ilə musiqi ilə ünsiyyət qururuq. Az danışırıq ki, heç kimi qıcıqlandırmayaq.

- Sizin radionun efirindən eşitmişdim ki, bir saatdan artıq musiqi dinləmək insanı depressiyaya sala bilər. Verdiyiniz xəbərin mahiyyətinə özünüz əməl edə bilirsiz?

- Radio televiziya kimi deyil. Məsələn, nahar vaxtı kimsə oturub restoranda nahar edir, fonda isə musiqi gedir. Radio fondu, o həm var, eyni zamanda yoxdu, yəni o bizə mane olmur. Həmin vaxt sevdiyimiz mahnı olanda qulaq asırıq, olmayanda da yenə bu bizi qıcıqlandırmır. Səhər işə nəqliyyatla gedəndə maksimum 20, 30 dəqiqə musiqiyə qulaq asa bilərik. Sonra başqa iş, güc, istər-istəməz fasilə yaranır.


- Bəs səhər səhər , insanların işə gedən vaxt radio dalğalarında məsələn ağır əhval yaradan “Bəlalım” mahnısının səslənməsini necə qiymətləndirirsiniz?

- Belə mahnının səhər saatlarında efirə verilməsi qeyri- peşəkarlıqdı. Bizdə səhər 12-yə kimi lirik mahnılar olmur. Bu vaxt ərzində 12-yə kimi templi mahnılar səslənir. Təəssüflər olsun ki, radiolarda işçilərin 60, 70 faizi öz yerlərində olmayan, öz işləri ilə məşğul olmayan adamlardı. Ona görə də belə bir vəziyyət yaranır.

- İslam dininin qəbul etmədiyi falçıların efirdə təbliğinə necə baxırsınız?

- Onlar müəyyən verilişlərə reytinq gətirir ona görə də çox görsənirlər. Belə təbliğat məncə günahdı. Əgər anlamırıqsa, artıq bu, ciddi problemdi.

- Naşılıqlardan danışmışkən səhər tezdən televiziyada xəstəliklərdən bəhs edən verilişlərin yayımına münasibətiniz necədi?

- Tamaşaçı kimi deyə bilərəm ki, səhər-səhər kimsə xəstəlikdən danışanda mənə pis təsir edir. Bəzən bu kimi verilişlərdə, elə xəstəliklərdən, elə dioqnozlardan danışırlar ki, düşünürəm, bunu danışamaq olmaz.

- Radioya aparıcısını hansı kriteriyalara görə seçirlər?

- Radio aparıcısı Azərbaycan dilini yaxşı bilməlidir, intelektual səviyyəsi, səs tembri, danışıq tərzi yaxşı, özü sərbəst olmalıdır. Yaxşı olar ki, elə bir insan kimi də yaxşı insan olsun. Çünkü bu radioda hiss olunur. İdeal axtarmaq bir az çətindi.

- Radio və televiziyada işləyən xanımlar haqqında həmişə dedi-qodular yayılır. Xanım üçün televiziya sahəsində çalışmaq çətindir?..

- Hər şey xanımın özündən asılıdır. Elə insanlar var ki, kişi, qadın fərqi yoxdur, onlar efirə çıxmaqadan ötrü hər şeyi qurban verə bilərlər. Onlar daxilən problemli adamlardı. Onların ataları, anaları, qardaşları da yazıq insanlardı. İnsan televizorda görsənmək üçün hər şeydən keçməməlidir. İnsan düşünməlidir ki, bu gün efir var, sabah yoxdur. Əgər kimsə səni küçədə barmaqla göstərirsə, bu, o demək deyil ki, səni sevirlər. Hər hansı bir əşyanı da barmaqla göstərər bilərlər.

- Televiziyada işləyən jurnalistlər orada hansı intriqaların olduğunu yaxşı bilir. Bəs radio belə “oyunlar”dan xalidir?

- İntriqalar hər yerdə var. Həyat mübarizədir və bu da normaldı. Elə şeylər var ki, biz o barədə danışmırıq, amma gündəlik həyatımızda rastlaşırıq. Əgər intriqa edən insan başqalarının həyatını korlayırsa, sən onun qarşısına çıxmalısan. İnsan özünü iş yerində elə təqdim etməlidir ki, ona hörmət etsinlər və hesablaşsınlar. Fərqi yoxdur, siravi işçisən, yaxud müdirsən...

- Konkret sizin rəhbərlik etdiyiniz radioya hansı səpkidə layihə təqdim edilsə qəbul olunar?

- Əsas o adam özü həmin layihəyə uyğun olmalıdır, həmçinin ya aparıcı, produser ya da redaktor kimi özü bu layihədə iştirak etməlidir. Əgər bacarmırsa, həmin layihə qəbul olunmur. Bəzi insanlar deyir ki, mən belə bir ideya irəli sürdüm, sonra eşitdim ki, bu ideyamı oğurlayıblar. O ideyanı heç kim oğurlamır, sadacə olaraq, elə ideyalar var ki, bir nəfərin beyninə gəlirsə, deməli, başqalarının da beyninə gəlir. Əsas ideyadı və onun reallaşdırmaqdı. Yaxşı ideyası olan layihələri tədqim edənlər, onun icrasını da düşünməlidir.

- Bir qədər də dəqiqləşdirə bilərsiniz?

- Çoxları düşünür ki, radioda işləməyə nə var ki... Əslində isə asan deyil. Mütləq deyil, ağır, qəliz və çətin bir layihə olsun. Radioda çətin, qəliz danışıqlar olmamalıdır. Çünki radio insanı yormamalıdır. Həm də radioda bir layihəni bir-iki ay davam etdikdən sonra dayandırmaq olmaz. Bizdə də olub ki, bir neçə ay həvəslə proqram ya rubrika hazırlanıb, sonra icraçılar görüblər ki çətindi layihəni dayandırıblar.

P.S. Emin Musəvi müsahibə verməyi xoşlamır. Səbəb cavablarının təhrif olunmasıdır. Bizimlə sual-cavaba ona görə razı oldu ki, təhrif etməyi bacarmadığımızı Simsar.az saytının öncə götürdüyümüz müsahibələrin müəllifləri tərəfindən razılıqla qarşılandığını diqqətinə arqumentlərlə çatdırdıq.
1 saata yaxın söhbət etməyimizə baxmayaraq, Emin bəy müsahibəni daha qısa formada yazmağımızı xahiş etdi. Çünki radio və televiziya barədə uzun-uzadı, ağıllı-ağıllı danışmağı sevmir.



Aynurə Həsənova






16 May, 2011  17:01 Baxılıb: 7701 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16