43 ölkə arasında birinci yer tutmaq qaliblərlə yanaşı dövlətimizin və xalqımızın böyük uğurudur
Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala zəng edərək, onları Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Evrovision - 2011“ mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.
Simsar.az-ın xəbərinə görə, prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, prezident və xanımı gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulayıblar.
Eldar Qasımov və Nigar Camal təbrikə görə Azərbaycan prezidentinə və xanımına dərin minnətdarlıqlarını bildirib, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür ediblər.