Namazov: “Kitab yoxa çıxıb” - Cəlilov: “Əli Həsənov deyirsə ki, həmin sənədlər qalır, çox gözəl təqdim etsin”
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun səsləndiridiyi ittihamlarda adı çəkilən keçmiş təhsil naziri Firudin Cəlilov və eks dövlət müşaviri Eldar Namazov komitə sədrinin açıqlaması ilə bağlı Simsar.az-a fikirlərini bildiriblər.
Qeyd edək ki, Ə.Həsənov Qərbi Azərbaycan köçkünlərinin şəxsi mülkiyyəti haqqında sənədləri yandırması kimi iddialara aydınlıq gətirərkən bildirib ki, özlərini qəhrəman kimi göstərən E.Namazov və F.Cəlilov yalan danışıblar: “Həmin insanlara bildirmək istəyirəm ki, mən həmin qaçqınların sənədlərini kitab halında çap etdirib, tarixə verdim, arxiv yaratdım. Bəs siz nə etmisiniz? Həmin insanlar illərlə yataqxanalarda çürüdükləri halda, heç bir tədbir görmədiniz. Amma mən onların mənzillə təmin olunması üçün əlimdən gələni etmişəm. O siz, bu da mən”.
Ə.Həsənova görə, E.Namazov və F.Cəlilovun məqsədləri var ki, Qərbi Azərbaycanlıları qızışdırıb, dövlətə qarşı çıxarmaq: “Odur ki, mən də bu ehtimalı əsas tutaraq, iftira dolu çıxışlarına görə həmin şəxslər və məlumatı dəqiqləşdirmədən yayan mətbuat orqanları barəsində MTN-ə və DİN-ə müraciət hazırlayıram. Həmin qurumlar özləri bunu araşdırıb, həmin şəxslər barəsində qərar versinlər”.
Ə. Həsənov E. Namazovu saman altından su yeridən insan kimi təqdim edərək, bu şəxslərin əməllərinin cinayət xarakterli olduğunu qeyd edib.
Məsələ ilə bağlı Simsar.az-ın müraciət etdiyi Azərbaycan Naminə İctimai Forumun sədri E. Namazov Ə.Həsənovun açıqlamasını gülüşlə qarşıladı: “Yaxşı olardı ki, Əli Həsəsnov həmin sənədləri icrimaiyyətə təqdim etsin. Deyəsən, o, sənədləri ictimaiyyətə təqdim etmək əvəzinə MTN-ə müraciət etməyə üstünlük veriri. Digər tərəfdən, həmin sənədlər Əli Həsənovda olmayıb. Sənədlər qaçqınlar cəmiyyətində olub. Komitə isə həmin sənədləri kitab halına salıb. Məsələ burasındadır ki, kitab yoxa çıxıb”.
Eks nazir F.Cəlilov isə Simsar.az-a bildirib ki, o, sənədlərin yandırıldığını əminliklə bildirməyib: “Mən demişəm ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitə yaranandan sonra onun arxivi yaradılmayım, Ermənistandan olan qaçqınların sənədləri barədə məlumat yoxdur. İndi əgər Əli Həsənov deyirsə ki, həmin sənədlər qalır, çox gözəl. O zaman sənədləri ictimaiyyətə təqdim etsin. Biz də həmin sənədlər əsasında məhkəməyə müraciət edək”.
RUSLAN