Sabir Rüstəmxanlı: “Şəxsən mən Rövnəq Abdullayevin fəaliyyətinin araşdırmamışam”
İlyas İsmayılov: “Qüdrət Həsənquliyevin ittihamlarına görə biz yox, özü məsuliyyət daşıyır”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti deputat Rövnəq Abdullayevin ünvanına işlətdiyi sonuncu ittiham mətbuatın gündəmidən düşmür.
Bir müddət öncə ARDNŞ rəhbərliyindəki şəxsləri sərt tənqid edən, bu qurumun özəlləşdirilməsi təklifini verən Q.Həsənquliyev parlamentin sonuncu iclasında R.Abdullayevi “donqili” şirkətlərlə əməkdaşlıqda ittihamlayıb.
O, ARDNŞ-nin müqavilə bağladığı Uqe-Lanser PTİ. LTD şirkətinin qondarma olduğunu bildirib: “Maraq üçün internetdə axtarış verdim, amma heç bir məlumat çıxmadı. Azərbaycanda əlinə bir dəfə mikrofon alan müğənninin də saytı var, amma bu boyda şirkətin yoxdur. Xahiş edərdim ki, jurnalistlər də bunu araşdırsın”.
Q.Həsənquliyev xatırladıb ki, vaxtilə Pənah Hüseyn də Dubayda qeydiyyatda olduğu iddia edilən “Bahar enerji” adlı şirkət haqda araşdırma aparmışdı. Məlum olmuşdu ki, belə bir hüquqi şəxs yoxdur: “Naxçıvanda belə saxta şeyləri “donqili” adlandırırlar”.
BAXCP sədri partiyanın mətbuat xidmətinə müsahibəsində isə R.Abdullayevə daha sərt ittiham irəli sürərərk, onu prezidenti müdafiə etməməkdə qınayıb: “Pənah Hüseyn Milli Məclisdə prezidentin istefası barədə danışanda mən onu haqsız saydığımdan kəskin tənqid etdim. Bu zaman Rövnəq Abdullayev sakitcə prosesləri seyr edirdi. Onun Pənah Hüseynlə eyni düşərgədə təmsil olunduğu heç kimə sirr olmayan insanlara etdiyi köməklər barədə də məlumatlıyam; amma bundan qətiyyən narahat deyiləm”.
Q.Həsənquliyev parlament müxalifət qrupunun üzvüdür. Onun ittihamlarını parlamentdəki digər müxalifət deputatları bölüşürmü?
Parlament müxalifət qrupunun üzvü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sdəri Sabir Rüstəmxanlı Simsar.az-a açıqlamasında bildirib ki, həmkarının tənqidi fikirləri onun şəxsi mövqeyidir: “Qüdrət Həsənquliyevin ARDNŞ rəhbərliyinin ünvanına səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir, araşdırılmalıdır. Şəxsən mən Rövnəq Abdullayevin fəaliyyətinin araşdırmamışam. Ona görə də heç nə deyə bilmərəm. Gərək araşdırım ondan sonra ARDNŞ-in fəaliyyətinə qiymət verə bilərəm”.
Parlament müxalifət qrupunun digər üzvü, Ədalət Partiyasının sədri İlyas İsmayılov da Simsar.az-a deyib ki, R.Abdullayevin ünvanına səslənən ittihamlar Q.Həsənquliyevin şəxsi mövqeyidir: “Parlament müxalifət qrupu ARDNŞ-in fəaliyyətini araşdırmayıb. Ona görə də heç nə deyə bilmərəm. Qüdrət Həsənquliyevin ittihamlarına görə biz yox, özü məsuliyyət daşıyır”.
İ.İsmayılov həmçinin bildirib ki, o, bu günə qədər hansısa dövlət qurumunun fəaliyyətini araşdırmayıb.
RUSLAN