Aleksandr Fomenkov: “Rusiyanın Ermənistan rəhbərliyi ilə münasibətlərinə görə, bir vətəndaş olaraq özümü təhqir olunmuş hesab edirəm”
Qafar Əliyev: “Fomenkova təşəkkür edirəm, qəlbimin dərinliyində ona məhəbbətim var»
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üzrə Rusiya ziyalılarından ibarət təşəbbüs qrupunun üzvü, şair-publisist Aleksandr Fomenkov Bakıdadır. Dağlıq Qarabağ münaqişəsini araşdıran və ermənilərin cinayət əməllərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rolu olan A.Fomenkovun Azərbaycana diqqət göstərməsinin maraqlı tarixçəsi var.
Rusiyalı yazıçının Azərbaycanla bağlı fəaliyyətinin əhəmiyyəti barədə danışan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev Simsar.az-a açıqlamasında bildirib ki, A.Fomenkov Azərbaycan üçün olduqca dəyərli şəxsdir: «Taleh elə gətirib ki, Aleksandr Fomenkov Azərbaycanda qəza törədib. Qəzada iki azərbaycanlı həlak olub, Fomenkovun özü isə yaralanıb. Azərbaycanlılar böyüklük nümayiş etdiriblər, Fomenkova yardım göstəriblər. Bundan sonra o, həyatını və fəaliyyətini Azərbaycana bağlayıb. Rusiyanın Rostov vilayətinin Toqonrov şəhərində yaşayan Aleksandr Fomenkov Azərbaycanın milli adət-ənənəsini, tarixini öyrənib».
Q.Əliyevə görə, həm də yaradıcı şəxs olan Fomenkov Qız Qalası, muğam, ümummilli lider Heydər Əliyev haqqında şeirlər yazıb: «O, araşdırmasında Dağlıq Qarabağ münaqişəsinin yaranmasında Mixail Qorboçovun günahkar olduğunu, Xocalı faciəsinə görə, Köçəryan və Sərkisyanın cinayət məsuliyyəti daşıdığını müəyyən edib. Fomenkov elə insandır ki, öz fikirini Moskvada açıq şəkildə bildirir. Bu da bizdən ötrü çox dəyərlidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı ilə bağlı Beyləqan rayonunda keçirilən tədbirdə Fomenkov çıxış edərək belə dedi: «Qarabağ torpağı Azərbaycanın olub, Azərbaycanındır, Azərbaycanın da olacaq. Vəssalam”. Onun «vəssalam» sözünü Azərbaycan dilində deməsi oradakı qaçqın və məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılandı. İndi biz türklük bayramını qeyd edirik. Amma bu tək türklərin bayramı deyil. Türkləri sevənlərin də bayramıdır. Bu mənada mən Fomenkova təşəkkür edirəm, qəlbimin dərinliyində ona məhəbbətim var»».
A.Famenkov isə Simsar.az-a açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsində baş verənlərə görə, Ermənistan prezidentləri cinayət məsuliyyətinə cəlb olunmalıdırlar: «Köçəryan və Sərkisyan siyasi meyitdirlər və biz onların cani olduğunu sübut edəcəyik. Bu insanlar o vaxt terror şəbəkəsinin rəhbərlərindən olublar. Sübut da yetərincədir”.
Fomenkovun sözlərinə görə, bu insanların Xocalıda törətdiyi vəhşiliklərə bariz nümunə kimi Serj Sərkisyanın Tomas de Vaala verdiyi müsahibəni qeyd etmək olar. Həmin müsahibədə Sərkisyan deyib: “Qarabağ müharibəsində ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcəkləri barədə stereotipləri dağıdıblar”.
A.Fomenkov hesab edir ki, Sərkisyan cəzalandırılmayana qədər barışıq istiqamətində hər hansı dönüş ola bilməz: “İlk növbədə onu cəzalandırmaq lazımdır. Rusiya da Medvedevin simasında onunla əl sıxmağa son verməlidir. Rusiyanın Ermənistan rəhbərliyi ilə münasibətlərinə görə, bir vətəndaş olaraq mən özümü təhqir olunmuş hesab edirəm”.
RUSLAN