“Son zamanlar virtual məkanda qanunların pozulması halları daha çox müşahidə olunmaqdadır”
“İnternetdə Azərbaycan haqqında yalan informasiyaların yayılması narahatlıq doğurur.”
Simsar.az -ın məlumatına görə, bu fikirləri Bakıda keçirilən “Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış” mövzusunda konfransda çıxışı zamanı Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov deyib. Konfransda “Kiber təhlükələr və kibercinayətkarlıq üzərində nəzarət” mövzusunda məruzə edən departament rəhbəri virtual məkanda daha çox rast gəlinən qanun pozuntularının təsnifatını verib: “Son zamanlar virtual məkanda qanunların pozulması halları daha çox müşahidə olunmaqdadır. Bunlar təhlükəli proqramlar, DOS-hücumların təşkili, bank fırıldaqlarına dair cinayətlər, əsasən, qanunsuz elektron pul köçürmələri, internetdə dezinformasiyanın yayılması, pornoqrafik materialların yayımlanması, terrorçulara silahlanmasına dəstək məqsədilə saytların yaradılması və s. cinayətlərdir”.
Kərim Kərimovun sözlərinə görə, internetdə Azərbaycan haqqında yalan informasiyaların yayılması halları da narahatlıq doğurur: “Elektron ensiklopediyalarda, məsələn Vikipediyada Azərbaycan haqqında yalan informasiyaların yayılması faktları mövcuddur və bu, bizi ciddi narahat edir. Bu hal Azərbaycanın və Azərbaycan xalqının beynəlxalq səviyyədə imicinə neqativ təsir göstərir. Biz yəqin ki, bu istiqamətdə müəyyən addımlar atacağıq”.
MTN-nin departament rəhbəri çıxışında internetdə pornoqrafik materialların yayımlanması, terrorçuları dəstəkləyən saytların yaradılması ilə mübarizəyə də toxunub: “Bu kimi saytları bağladıqdan sonra onlar xarici ölkələrin serverində Azərbaycan dilində fəaliyyət göstərməyə başlayırlar. Buna görə də belə təzahürlərlə mübarizə üçün beynəlxalq səviyyədə tədbirlərin görülməsi zəruridir. Və bu kimi məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi öz növbəsində bu mübarizənin təşkilində digər dövlət strukturları və özəl sektorla aktiv əməkdaşlıq edir”.