ABŞ səfiri bölgələrə səfərindən, təbiət mənzərələrindən təsirlənib
Azərbaycanın bölgələrinə səfər çərçivəsində ABŞ səfiri Metyu Brayza bu gün Daşkəsən rayonunda olub.
APA-nın səfiri müşayiət edən müxbirinin məlumatına görə, M. Brayza Daşkəsəndə ABŞ Sülh Korpusunun fəaliyyəti ilə tanış olub, İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə görüşüb. Ə. Abıyev M. Brayzanın təcrübəli diplomat olduğunu, Azərbaycan xalqının ona yaxşı münasibət bəslədiyini açıqlayıb. Səfirə Daşkəsənin sosial-iqtisadi inkişafı, dağ-mədən sənayesinin vəziyyəti barədə məlumat verilib. Səfir daha sonra Daşkəsəndəki Heydər Əliyev Muzeyində olub.
Jurnalistlərə açıqlamasında M. Brayza Azərbaycanın bölgələrinə səfərindən, təbiət mənzərələrindən təsirləndiyini deyib.
Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi haqda danışan səfir ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər iki tərəfi qane edən, ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək prinsiplərinin əks olunduğu sənəd hazırlamaq istiqamətində səylərini davam etdirdiklərini bildirib. M. Brayza Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqların faydasızlığı barədə fikirlərlə razı olmadığını açıqlayıb. Diplomatın sözlərinə görə, Minsk Qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke sonuncu dəfə ona danışıqlar prosesində irəliləyiş olduğunu deyib: “Bu irəliləyişin xüsusilə baza prinsiplərinin razılaşdırılması istiqamətində olduğu qeyd edildi”.
M. Brayza Daşkəsəndən Gəncəyə yola düşüb. Bununla, onun Azərbaycan bölgələrinə səfəri başa çatacaq.