İctimai Palatada fikir ayrılığı var
Müxalifət partiyalarının təmsil olunduğu İctimai Palata aprelin 2-i və 17-də keçirdiyi aksiyalardan sonra növbəti addımlarla bağlı qərar verməkdə çətinlik çəkir. Hər iki aksiya razılaşdırılmadığından hüquq mühafizə orqanları tərəfindən dağıdıldı, fəallar həbs edildi. Bu da aksiyaların kütləviliyinə mənfi təsir göstərib.
İctimai Palatada hesab edirlər ki, bu şəkildə aksiyaları davam etdirmək olmaz. Mitinqlərə çıxan olmayacaq. Amma mitinqlərin keçirilib keçirilməməsilə bağlı İctimai Palatadakı partiyalar arasında fikir ayrılığı var.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Simsar.az-a açıqlamasında bildirib ki, Divanın iclasında mitinqlərin davam etdirilməsi vacib sayılıb: «Təklif olunub ki, mayın 15-də mitinq keçirilsin. Bu gün İctimai Palata Koordinasiya Şurasının toplantısı olacaq. Orada bu məsələyə baxılacaq. İctimai Palata hansı qərarı qəbul etsə, hörmətlə yanaşacağıq»
G.Aslanlıya görə, İctimai Palatada mitinq keçirilməsinin əleyhinə olanlar da var: «Onların da öz arqumentləri var. Hesab edirlər ki, indiki mərhələdə mitinq məqbul deyil».
Qeyd edək ki, İctimai Palatanın sonuncu sessiyasında AXCP-dən olan funksioner Fuad Qəhrəmanlı və Nurəddin Məmmədlinin mitinqin əleyhinə açıq çıxışları olub.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə mətbuata açıqlamasında bildirib ki, əgər mitinqlərin keçirilməməsi barədə qərar İctimai Palatanın üzvləri tərəfindən böyük səs üstünlüyü ilə qəbul olunubsa, artıq ona qarşı aparılan təbliğat palatanın nüfuzuna zərbə vurur: «Biz bir tərəfdən İP-in siyasi proseslərdə önə çıxması, fəal mübarizəsindən danışırıq, digər tərəfdən də qurumun nüfuzuna xələl gətirən, onun daxili münasibətlərinə zərbə vuran açıqlamalar verməklə əslində qarşıya qoyulmuş vəzifələrin gerçəkləşməsinə mane oluruq. Bu, çox təəssüf doğurur. Ona görə də bu cür aksiyaların dayandırılması zəruridir».
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Simsar.az-a açıqlamasında bildirib ki, o, mitinq deyil, gəzinti keçirilməsinin tərəfdarıdır: «Əgər mitinq keçirmək çətirdirsə, başqa variantlar üzərində düşünülməlidir. Onlardan biri də gəzintidir».
İctimai Palatanın Koordinasiya Şurasının rəhbəri Pənah hüseyn Simsar.az-a açıqlamasında deyib ki, Koordinasiya Şurasında ən müxtəlif məsələlər üzərində müzakirələr aparılır: «hətta mümkündür ki, İctimai Palata icazəli aksiya keçirsin. Müzakirələr davam edir. Qərarlarımız barədə mətbuatın da xəbəri olacaq».
RUSLAN