Nizami Cəfərov: “Bu qanun Azərbaycan folklorunun qorunmasına və inkişafına yönələn qanunlar siyahısında birinci olacaq”
Rafael Hüseynov: “Muğam təkcə yaradıcılıq deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin mühüm faktoru, bütün dünyada azərbaycanlıları birləşdirən dəyərdir”
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin iclasında “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi hazırlandığını deyib. Qanun layihəsi dörd fəsildən və doqquz maddədən ibarətdir.
Simsar.az-ın məlumatına görə, qanun layihəsi Azərbaycan muğamının ictimai əlaqələr sistemində yerini və hüquqi vəziyyətini müəyyən edəcək.
N.Cəfərov bildirib ki, qanun layihəsi muğamın hüquqi əsasda qorunmasına yönəlib: “Bu qanun Azərbaycan folklorunun qorunmasına və inkişafına yönələn qanunlar siyahısında birinci olacaq”.
Komitənin iclasında çıxış edən deputat Rafael Hüseynov muğamın təkcə yaradıcılıq deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin mühüm faktoru, bütün dünyada azərbaycanlıları birləşdirən dəyər olduğunu diqqətə çatdırıb.
Hüseynov Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan muğamının qorunmasında və təbliğində, Azərbaycan muğamının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində böyük rolunu qeyd edib.
Aynurə