“Mən heç kimi axtarmıram”
Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov APA-ya müsahibəsində Akademik Dram Teatrında işləməkdən imtina səbəblərinə aydınlıq gətirərkən teatrın drektoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib.
Rejissor deyib: “Teatrda islahatlar adı altında baş verənləri qəbul edə bilmədim. İslahat o demək deyil ki, kimisə işdən xaric edəsən. İndiki islahat proqramında da bu şeylər vardı və görünür cənab direktor islahatı məhz bunda görür. İsrafil müəllim o teatrın direktorudur və heç bir teatrda direktor yaradıcılıq işlərinə qarışmır. İsrafil İsrafilov teatrın sadəcə direktorudur, o teatrın bədii rəhbəri deyil, baş rejissoru deyil”.
İttiham tərəfi kulis.az saytına açıqlama verərərək barəsindəki fikirlərə aydınlıq gətirib. İ.İsrafilov da öz növbəsində B.Osmanovu tənqid edib:
“Guya mən teatra baş rejissor axtarıram, özü də rejissuradan uzaq olan adamlar arasında axtarıram. Mən heç kimi axtarmıram, teatra baş rejissor lazım olub olmadığını Mədəniyyət və Turizm nazirliyi həll edir. Nazirlik lazım bilsə o işə kimisə göndərəcək, bilməsə yox. Hər iki halda mənim fikrim bir rol oynamır. Deyir ki, Azərbaycan rejissurasında adları olmayan adamlara tamaşa verir. Düz deyil, mən Nicat Kazımova tamaşa həvalə etmişəm. O, ötən il ən yaxşı rejissor işi nominasiyasında “Zirvə” mükafatı alıb. Mikayıl Mikayılov Novosibirskdə rejissor işləyir, ordan dəvət etmişəm. Kamran Şahmərdan Finlandiyadan dəvət olunub. Gümrah Ömər Gəncə teatrının baş rejissorudur. Adil İsgəndərov rejissor işləyəndə 28 yaşı vardı. O cümlədən Tofiq Kazımov.
Mən Bəhramın istedadını şübhə altına almıram, dilim quruyar, amma ayıbdır e. Çağırdım ki, gəl tamaşalarını bərpa elə dedi küsmüşəm, müəllim, incimə gəlmək istəmirəm. Bəs, bu qarayaxmalar nədir. Mənim ona etdiyim yaxşılıqları vicdanın qarşısında unudubsa, özü bilər. Onun baş rejissor olmaq arzusu var, buna da təbii baxıram, amma yenə deyirəm mənim əlimdə deyil.”
Anar