Şirkət prezidenti mənimsəmədə günahlandırıldı
“Texnikabank” ASC “A.M.A.Y.” şirkətinin rəhbəri Abdulla Abdullayevin ofisində keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə əlaqədar açıqlama yayıb.
Bankdan “APA-ECONOMICS”ə verilən məlumatda “A.M.A.Y.” və onunla əlaqəli olan bir neçə şirkətə “Texnikabank” tərəfindən həmin şirkətlərin genişləndirilməsi, inkişaf etdirilməsi və ticarət işlərinin aparılması üçün kreditlər verildiyi təsdiqlənib.
“Texnikabank” ASC bildirir ki, “A.M.A.Y.” şirkətinə məxsus inzibati binanın ayrı-ayrı hissələri həmin kreditlərin təminatı kimi müvafiq qaydada sənədləşdirilib: “Lakin sonradan aparılan monitorinqlər nəticəsində məlum olub ki, alınmış kredit resursları həmin şirkətlərin genişləndirilməsi və ticarət işlərinin aparılması üçün istifadə edilmək əvəzinə, “A.M.A.Y.” şirkətinə və onun rəhbəri A.Abdullayevə verilib. Kreditlərin vaxtının keçməsinə, dəfələrlə uzadılması və restrukturizasiya edilməsinə baxmayaraq, kreditlərin qaytarılması təmin edilməyib. Tərəfimizdən qanuna uyğun olaraq istintaq orqanlarına müraciət olunub və götürülmüş kreditlərin təyinatına uyğun istifadə edilmədiyi müəyyən edilib. Hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə istintaqı aparılır”.
“Texnikabank” bəyan edir ki, “A.M.A.Y.” şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir neçə insan kredit resurslarının təyinatına uyğun istifadə etməməklə müvafiq qaydada cinayət törədib: “Onlar törətdikləri cinayətləri başa düşür və cəzadan yüngül qurtarmaq üçün mətbuat konfransında yanlış məlumatlar verməklə törətdikləri cinayəti ört-basdır etmək, ictimaiyyətdə və bəzi mətbuat orqanlarında çaşqınlıq yaratmaq, istintaq və məhkəmə orqanlarına şər-böhtan ataraq onların işinə təsir göstərmək istəyirlər”.
A.Abdullayev mətbuat konfransında “A.M.A.Y.” şirkətlər qrupunun Sahibkarlığa Kömək Milli Fondundan, “Azərbaycan Sənaye Bankı”ndan, “Parex Leasing & Faktoring” şirkətindən və digər qurumlardan kredit və lizinq üzrə borclarının mövcudluğunu etiraf edib.
“Texnikabank” ASC “A.M.A.Y.” şirkətlər qrupunun rəhbərinə və cinayət işi üzrə istifadə etdiyi insanlara tövsiyə edir ki, şantaj xarakterli hərəkətlər və şər-böhtanlarla dövlət və qeyri-dövlət qurumlarını suçlamaqdansa, onların qarşısında öhdəliklərini yerinə yetirməsi üçün likvid aktivlərini səfərbər edərək konkret və əməli tədbirlər görsün.
Simsar.az