Pənah Hüseyn: «Bundan sonra keçiriləcək aksiyaların formaları müəyyənləşəcək»
Siyavuş Novruzov: «Əgər səni istəyən varsa, Ərdəbilə getsən belə arxanca gələcək»
«İctimai Palatanın aksiyaları davam etdiriləcək. Bundan sonra keçiriləcək aksiyaların formaları müəyyənləşəcək. İctimai Palata hətta Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış yerlərdə aksiyalar da keçirə bilər. Məsələ qurum daxilində müzakirə ediləcək».
Bunu Simsar.az-a açıqlamasında İctimai Palata Koordinasiya Şurasının təmsilçisi Pənah Hüseyn deyib. P.Hüseynə görə, İctimai Palata qarşısına heç də yalnız Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məqsədəuyğun sayılmayan yerlərdə aksiya keçirmək qərarı verməyib: “İctimai Palatadan hər həftənin, ayın müəyyən günlərində avtomatik mitinq keçirmək gözləntiləri də doğru deyil. Demokratiya uğrunda mübarizəmiz müxtəlif formalarda, davamlı şəkildə olacaq».
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da «Bizim Yol»a müsahibəsində müxalifətə icazəli yerlərdə mitinq keçirməyi məsləhət görüb: «Müxalifətin icazəli yerlərdə mitinqlər keçirməməsi təəccüb doğurur. Axı, niyə Bibiheybət stadionuna getmirlər? «Sahil» metrosunun yanından həmin stadiona 10 dəqiqəlik yoldur. Hökumət yaxşı da yol çəkib. Şəhərin bütün marşurutları da oraya gedir. Əgər bunların sosial bazası varsa, gedib orada mitinqlərini keçirsinlər. Əgər səni istəyən varsa, Ərdəbilə getsən belə arxanca gələcək. Ancaq yaxşı bilirlər ki, arxalarında adamları yoxdur. Ona görə də çıxıb «Sahil» metrosunun qarşısında yığışırlar ki, oradan keçən insanların diqqətini cəlb etmək etsinlər. Görüntü yaransın ki, guya tərəfdarları var. Həm də «Sahil» elə bir yerdir ki, burada insanların istirahət hüququ var. Bu hüquqa hörmətlə yanaşmaq da hamının borcudur”.
RUSLAN