Tofiq Yaqublu: “Müsavat başqanı üzərində qələmdən başqa heç nə gəzdirmir”
Müsavat Partiyasının başqanı İsa Qəmbər bildiriş əsasında bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) gəlib. Binaya daxil olanda onun üst-başı axtarılıb. Daha sonra partiya başqanı şahid qismində ifadə verib.
İ.Qəmbərin üst-başının polislər tərəfindən yoxlanılması partiya rəhbərliyində narazılığa səbəb olub. Partiya başqanının müavini Tofiq Yaqublu “Simsar.az”a bildirib ki, İ.Qəmbər sıradan bir insan deyil: “O, Ali Sovetin sədri olub. Prezident səlahiyyətlərini icra edib. Digər tərəfdən Bakı Şəhər Baş Polis İdarəsi elə bir strateji obyekt deyil ki, ora hər girib-çıxan şəxsin üst-başını yoxlasınlar. Məni mitinqlə bağlı bir-neçə dəfə İdarəyə çagırıblar, amma üst başımı yoxlamayıblar”.
T.Yaqublu bildirib ki, üzərində qələmdən başqa heç nə gəzdirməyən İ.Qəmbərin üst-başının yoxlanılması siyasi təzyiq vasitəsidir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi müavini Ehsan Zahidov Simsar.az-a deyib ki, təkcə BŞBPİ-nə deyil, bütün dövlət qurumlarına daxil olan kənar şəxslərin üst-başları və sənədləri yoxlanılır: “1993-cü ildən sonra Azərbaycanda ictimai sabitliyə və təhlükəsizliyə ən böyük zərbə vurmağa elə İsa Qəmbər cəhd edib. Hüquq mühafizə orqanları gecə-gündüz ictimai asayişi və vətəndaşların təhlükəsizliyini qoruyur, İsa Qəmbər isə bunu pozmağa cəhd edir. Onun üst-başı buna görə yoxlanılır. İsa Qəmbərin üzərində məxfi dinləmə, foto-video qurğuları ola bilərdi. Nəzərə almaq lazımdır ki, radikal müxalifətin Azərbaycanı istəməyən xarici qüvvələrlə sıx əməkdaşlığı var”.
RAMİL