Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

ƏFLATUN AMAŞOV: “JURNALİSTLƏRİ AC GÖRMƏK İSTƏYƏNLƏR VAR”- Müsahibə

“İstəyirlər onların problemləri elə həddə olsun ki, hakimiyyətə qarşı üsyan püskürsünlər” 

“100-ə yaxın jurnalistin mənzil probleminin həllindən sonra Mətbuat Şurası yenidən təşəbbüs qaldırmağı planlaşdırır”


Mətbuat Şurasının sədri Əflatun Amaşov Simsar.az saytının suallarına cavab verir.


- Dünyada yeni jurnalistika növü fəaliyyətə başlayıb. Buna üçüncü jurnalistika və ya internet jurnalistikası da deyillər. Qərb dövlətlərində bu sahə jurnalistikaya aid edilsə də, Rusiya və Azərbaycan kimi ölkələrdə jurnalistika sahəsi kimi qəbul olunmur. Bu da insanların internetə çıxışı ilə bağlı olan məsələlərdir. Rəsmi məlumatlara görə, Azərbaycanda əhalinin 45 faizdən çoxunun internetə çıxışı var. İnternet portallarını jurnalistika sahəsi kimi qəbul edənlərin sayı durmadan çoxalır. Klassik jurnalistikanın informasiya hazırlayıb ötürmək hegemonluğuna son qoyulur. Mütəxəssislər hesab edir ki, internet mediası inkişaf edirsə, klassik medianın missiyası nisbətən dəyişir. Klassik jurnalistika daha çox araşdırmaya, təhlilə fikir verməlidir. Bu sahədə diskussiyalar gedir. Jurnalistika artıq fərdiləşib. Hansı insanlar hansı sahə ilə maraqlanırsa, həmin sahlər üzrə nəşrlər, portallar yaradır və onlara həmin sahə ilə bağlı informasiyalar ötürülür. Mən düşünrəm ki, Azərbaycan bu inkişafdan kənqarda qala bilməz. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 400 min nəfərə yaxındır. Blogger kimi 20 min insan qeydiyyatdan keçib. Məndə olan məlumatlara görə, fəal bloggerlərin sayı minə yaxındır. Lap fəal bloggerlərin sayı 100-ə yaxındır. İnternet media hətta televiziya və radiolara da təsir edir. Artıq Avropada 50 milyona yaxın insan informasiyaları internet televiziyalardan, radiolardan alırlar. Azərbaycanda 10-ya yaxın internet televiziyası və ondan bir qədər çox internet radioları fəaliyyət göstərir. Bu sahədəki inkişaf meyllərini göstərmək üçün Mətbuat Şurası mayda ümumrespublika konfransı keçirmək fikrindədir. Həmin tədbirə Avropadan da sahə üzrə ekspertlərin dəvət olunması nəzərdə tutulur. ATƏT bu məsələdə bizə yardımçı olacaq.

- Bunu Mətbuat Şurası internet mediasını da nəzarətə götürmək istəyir kimi başa düşmək olarmı?

- İnternet jurnalistikasında provayderlər kifayət qədər müstəqildir. Portalların sahibləri onları xaricdən də idarə edə bilirlər. Dünyanın hər hansı nöqtəsində olduğu kimi, Azərbaycanda da bu sahəyə nəzarət yoxdur. Qadağalar texniki baxımdan mümkün deyil. Bizim üçün önəmlisi odur ki, real vəziyyəti müəyyənləşdirək. Texniki təchizat necədir? Bir növ internert resurslarının idarəolunması ilə bağlı maarifləndirmə işləri aparmaq fikrindəyik.

- Portallardakı yazılarla bağlı Mətbuat Şurasına şikayətlər olrmu?

- Bəli, bəzi portallarla bağlı bizə şikayətlər edilib. Biz o şikayətlərə baxırıq. “Jurnalistlərin peşə davranışı qaydaları”nı pozan portallara bağlı Mətbuat Şurası ictimai qınaq təşkil edə bilər. Bu da formal xarakter daşıyır.

- Müşahidələr göstərir ki, son vaxtlar medada kriminal xəbərlərə daha çox yer ayrılır. Bəzi portallar hətta açıq-saçıq görüntülər yaymaqla oxucuların diqqətini cəlb etməyə çalışır.

- Avropada və Rusiyanın özün də də belə nəşrlər var. «Speedinfo» istənilən xəbəri verir, amma «Nezavisimaya qazeta» xəbərlərində seçim edir. Kütləvi və keyfiyyətli nəşrlər məsələsi var. Azərbaycanda hələ müəyyənləşdirə bilməmişik ki, hansı qəzet ciddidir, hansı qeyri-ciddi. Əgər qəzet, portal qeyri-ciddidirsə Aygün Kazımovanın qızı haqqında yaza bilər. Aygün Kazımovanın qızının görüntülərinin yayılması jurnalistikanın etik qaydalarına sığmır. Dünyanın hər bir yerində insanlar kriminal, şou xəbərlərə üstünlük verirlər. Mətbuat Şurası bu kimi məsələlərə müdaxilə edə bilmir.

- İnternet medianın inkişafı qəzetlərin fəaliyyətini kölgədə qoymurmu?

- Qəzetlərin tirajları bütün ölkələrdə aşağı düşür. Hətta «New York Times”, “Vaşinqton Post” kimi qəzetlər səhiflərini azaldır. Avropanın bir sıra qəzetlərində bu tendensiya müşahidə olunur. Araşdırmalar göstərib ki, 30 yaşına qədər olan insanlar məlumatları İnternet vasitəsilə almağa üstünlük verirlər. Bu tendensiya durmadan artır. Yaponiyada artıq qəzetləri elektron üsulla buraxırlar. Yəni abunə olunmaqla mobil telefonlarda qəzetləri oxumaq mümkündür. İdmanla məşğul olanlara idman, siyasətlə maraqlananlara siyasi, mədəniyyətlə maraqlananlara isə mədəniyyət xəbərləri göndərilir. Jurnalistikada artıq konvergensiya prosesi gedir. Yəni eyni bir quruma məxsus televiziya, radio, jurnal, sayıt və qəzet fəaliyyət göstərir. Bunun bir sıra üstünlükləri var. İdarəçilik, informasiya qıtlığını aradan qaldırmaq və məlumatları daha geniş oxucu kütləsinə çatdırmaq baxımından bu yenilik daha sərfəlidir.

- Sizə elə gəlmirmi, dövlət artıq satılmayan, oxunmayan qəzetlərə maliyyə yardımlarını dayandırmalıdır?

- Qəzetlərə maliyyə ayırılması KİV-in İnkişafına Dövlət Dəstəyi konsepsiyası əsasında həyata keçirilir. Konsepsiya və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sənədləri Mətbuat Şurasında hazırlanıb. Finlandiyada qəzetlərə maliyyə yardımı ayrılmasa, onlar çıxa bilməz. İsveç, Avstrya və başqa ölkələrdə qəzetlərə dövlətdən maliyyə yardımı edilir. Maliyyənin ayrılmasında məqsəd qəzetlərin maddi-texniki bazasını artırmaqdır. Kimsə maliyyədən istifadə edib tirajını artıra bilirsə, bu, normaldır.

- Əgər ayrılan vəsaitlər bəzi baş redaktorların şəxsi maddi bazasının zənginləşməsinə yönəlirsə...
- Belə hallara yol verən qəzetlər və onların rəhbərləri gələcəklərini düşünmürlər. Onlara maliyyə yardımı ayrılmasa fəaliyyətlərini dayandıracaqlar. Redaksiyanın rəhbəri çalışmalıdır ki, maliyyədən istifadə edib yazıların keyfiyyətini artırsınlar.

- Bu prosesə Mətbuat Şurası nə dərəcədə nəzarət edə bilir?

- Bu məsələlər birbaşa KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda öz həllini tapır. Ayrılan vəsaitlərin səmərəli xərclənməsinə Fondun Müşahidə Şurası tərəfindən nəzarət olunur. Mən də Müşahidə Şurasının üzvüyəm.

- Maliyyə yardımının nəticəsində qəzetlər arasında rəqabət azalıb. Mətbuat Şurası bunun fərqindədi?

- Proses getdikcə təkmilləşir. Əvvəl jurnallara, agentliklərə, qəzetlərə yardım ayrılırdı. Bu da layihələrin icrasında müəyyən problem yaradırdı. Sonradan maliyyə yardımı yalnız qəzetlərə ayrıldı ki, onlar inkişaf etsin. Əgər portallar inkişaf edirsə, bir çox hallarda qəzetləri geridə qoyursa, gələcəkdə onlar da dövlət dəstəyindən faydalana bilərlər.
Qəzetlərə ayrılan 2 milyon manat kifayət qədər az puldur. Yəqin ki, gələcəkdə bu məbləğ artacaq. Yəqin ki, başqa üsullardan da istifadə olunacaq ki, ayrılan pul peşəkarlığın artmasına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət etsin. Mətbuatın 135 illiyində Mətbuat Şurasında cənab prezidentlə bizim görüşümüz oldu. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşması məsələsi gündəmə gəldi və biz təklif etdik ki, onlar mənzillə təmin olunsunlar. Həmin görüşdə müsbət cavab aldıq. Artıq yer ayrılıb, eskizlər hazırdır. Yaxın günlərdə təməlqoyma olacaq. Cəmiyyətdə bununla bağlı müxtəlif fikirlər var. Bir qrup hökümətin mənzil yardımını dəstəkləyir, bir qrup isə əksini düşünür. Əksini düşünənlərin çoxu jurnalist deyil.

- Sıravi müxbirlər çox narahatdır. Hətta onların əksəriyyəti ümidlərini üzüblər. Belə qənaət formalaşır ki, mənzillər qəzetlərin baş redaktorlarına və ya onların yaxın qohumlarına paylanacaq.

- Şəffaflıq olmasa, kimə gəldi mənzillər paylansa, cəmiyyətdə bu işi görənlərə inam azalacaq. Hansı jurnalistlərin mənzilə ehtiyacı varsa, onlar mənzillə təmin olunacaqlar. 100-ə yaxın jurnalistin mənzil probleminin həllindən sonra Mətbuat Şurası yenidən təşəbbüs qaldırmağı planlaşdırır.
O ki qaldı, kimlərin mənzillə təmin olunması hələ bu qaydalar hazır deyil. Mən adamlar tanıyıram ki, gəlin gətirir, qız köçürür ama evləri yoxdur. İstəyirik bu məsələ davamlı şəkildə öz həllini tapsın. Bəzi insanlar jurnalistləri ac görmək istəyirlər. Jurnalistin evi, pulu olmasın, problemləri çox olsun və hakimiyyətə qarşı amansız olsun. Qədim Romada canavarları uzun müddət ac saxlayırdılar və sonra qladiatorlarla üz-üzə qoyurdular. İstəyirlər jurnalistlərin problemləri o həddə olsun ki, hakimiyyətə qarşı üsyan püskürsünlər. Hər halda o adamların özləri jurnalistlərdən yaxşı dolanırlar.

- Son vaxtlar «Azadlıq» qəzetinin iki jurnalisti naməlum şəxslərin fizki təzyiqlərinə məruz qalıb. Mətbuat Şurasının sədri kimi hadisə ilə bağlı nə düşünürsüz?

- Seymur Həziyevin oğurlanmasının səhəri gün mən «Azadlıq» qəzetində oldum, nazir Ramil Usubovla görüşdük. Kimlər tərəfindən döyülmələrindən asılı olmayaraq, bu məsələlər Azərbaycan dövlətçiliyinə qarşı yönəlib. Mətbuat Şurası israrlıdır ki, həmin şəxslər tapılsın.

- Bir qayda olaraq bu günə qədər jurnalistlərə əl qaldıranlar nəinki həbs olunmayıblar, hətta onların kim olduqları belə hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilməyib.

- Çox təəssüf. Əgər qarşısını ala bilmiriksə, bu sayaq hallar artacaq. Belə hallar Azərbaycanın adına xələl gətirəcək, jurnalistlərdə daxili senzura yaradacaq.

- Jurnalistlərin daha bir şiakayəti mitinqləri işıqlandırmaq üçün onlara şərait yaradılmaması ilə bağlıdır. Aksiyalar zamanı jurnalistlərin reportaj hazırlamasının təşkili məqsədi ilə Mətbuat Şurası hansı addımlar atmaq fikrindədir?

- Mətbuat Şurasının Monitorinq Qrupu fəaliyyətini bərpa edib. Jurnalistlərin mitinqlərdəki fəaliyyətinin monitorinqini aparırıq. Əgər jurnalistlər mitinqi işıqlandırmaq istəyirsə, bizim onlara verdiyimiz gödəkçələri geyinsinlər. Məqsədimiz odur ki, jurnalistlərin olaya müdaxilə etmədən məlumatları ölkə ictimaiyyətinə çatdırmalarını təmin edək. Təəssüflər olsun ki, jurnalistlər bir sıra hallarda siyasi xadimlər, partiya üzvləri kimi özlərini aparırlar. Son zamanlar bu tendensiya kifayət qədər azalıb. Aksiyalarda saxlanılan jurnalistlər bizim gödəkçələrdə olmayıb. Onu da deyim ki, ATƏT-in dəstəyilə biz yaxın günlərdə «Diffamasiya haqqında» qanunu müzakirəyə çıxaracağıq. Çalışacağıq ki, payız aylarında bu qanunun qəbuluna nail olaq.

Ruslan Xəlil






14 Aprel, 2011  20:07 Baxılıb: 2211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16