Mağarda ehsan verənlərə polis müdaxilə edəcək
Bu gündən yolun hərəkət hissəsində mərasimlərin keçirilməsi üçün çadırların qurulmasına qadağa qoyulur. Qadağaya əməl etməyən fiziki şəxslər 40-50, vəzifəli şəxslər 250-300, hüquqi şəxslər isə 500-600 manat cərimə olunacaq.
Bu barədə Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov anspress.com saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" qanunun 12-ci maddəsində göstərilib ki, yol yalnız xüsusi hallarda bağlana bilər. Özü də səlahiyyətli şəxsin xüsusi əmri ilə. Qanundan irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsinə əsasən bu halda həmin şəxsləri pul cəriməsi gözləyir.
Bundan sonra vətəndaşlar yollarda çadır qurulması ilə əlaqədar mütləq Dövlət Yol Polis İdarəsinə məlumat verməlidir.
Məsələyə Qafqaz Müsəlmanları İdarəsi də aydınlıq gətirib. İdarənin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib ki, Quran oxunan yerdə halallıq olmalıdır: “Adamların ümumi yolunu bağlayıb, orada məclis keçirtmək düz deyil. Yas mərasimlərinin keçirilməsi üçün zallar fəaliyyət göstərir”.
M. Seyidzadə onu da deyir ki, kimisə həmin zallarda mərasim keçirməyə məcbur etmək düz deyil. Çünki bu, maddi imkan baxımından əlverişsiz ola bilər.
Qeyd edək ki, Təzə Pir məscidinin tərkibində mərasim zalları fəaliyyət göstərir. 50-1000 nəfərlik zallarda yas mərasimlərini keçirmək mümkündür. “Standart menyu” ilə masanın hər biri 12 manat dəyərindədi.
Günel Səfərova