BDU-nun mətbuat xidmətinin rəhbəri: “Cavid Mehrəliyev universitetdən 158 saat qaibə və smestr imtahanlarındakı kəsirlərə görə xaric edilib”
Tələbə: “Dərsdə iştirak edə-edə mənə qaib yazdılar”
Bakı Dövlət Universiteti Tarix fakültəsinin 3-cü kurs tələbəsi, Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Cavid Mehrəliyev universitetdən 158 saat qaibə və smestr imtahanlarındakı kəsirlərə görə xaric edilib”. Bunu mətbuata açıqlamasında BDU mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib.
P.İbrahimovanın sözlərinə görə, C.Mehrəliyev problemli tələbə olub. O, əvvəllər də universitetdən xaric edilib.
C.Mehrəliyev Simsar.az saytına açıqlamasında iki dəfə universitetdən xaric olunduğunu belə əsaslandırır: "Kürd əsilli tələbələrin yaratdıqları problemə qarşı çıxdığım üçün bir dəfə rektorun əmrilə universitetdən qovuldum. Səbəb kimi, dərslərdə iştirak etməməyim göstərilsə də, problemi mediada işıqlandırdıqdan sonra əmr ləğv olundu. Dərsə buraxılmadığım müddətdə 5 imtahanda iştirak edə bilmədim. Bu kəsir sayılmır. Qanunla 3 kəsirlə tələbə universitetdən xaric olunmalıdır. Mətbuatın və millət vəkili Sabir Rüstəmxanlının köməyilə problem həll olundu. Yayda isə universitetə ödəniş etmək üçün mənə blank vermədilər. Yenə də məsələni mətbuatda işıqlandırdım. 2010-cu il oktyabrın 28-dən sonra məni dərsə buraxdılar. Amma üçüncü kursda saxlanılmışdım”.
C.Mehrəliyev deyir ki, martın 11-i və 12-də keçirilən aksiyalarla bağlı universitetin rəhbərliyi ona xəbərdarlıq edib: "Halbuki, həmin günlər mən aksiyalarda iştirak etməmişəm. Xəstə olmuşam. Aprelin 2-də keçirilən aksiyada iştirak etdim və həbs olundum. 2 gündən sonra sərbəst buraxıldım və dərsdə iştirak etdim. Dərsdə iştirak edə-edə mənə qaib yazdılar. Qrupumuzun uşaqları bunu təsdiqləyə bilərlər. Artıq qrup yoldaşlarım mənim dərsdə iştirak etməyimlə bağlı akt tərtib ediblər. Mən Bakı Dövlət Universitetini məhkəməyə verməyə hazırlaşıram".
C.Mehrəliyevin universitetdən xaric edilməsinin qanunsuz olması barədə deyilənlərə münasibət öyrənmək üçün tarix fakültəsinin dekanı Sani Hacıyevlə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz uğursuz oldu. S.hacıyev telefon zəngimizə cavab vermədi.
RAMİL