|
ASİM MOLLAZADƏ: “SƏN GƏLƏNDƏN SONRA NƏ EDƏCƏKSƏN?..” - EKSKLÜZİV
“Onlar getsin, biz gələk” düsturu ilə işləyənlər məğlubiyyətə məhkumdur”
“Kiminsə evinin qarşısında keçirilən aksiya və ya küçədə şüşələrin sındırılması məndə təəssüf doğurur”
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Simsar.az saytının suallarına cavab verir.
- Ölkədə siyasi aktivlik müşahidə olunur. İctimai Palatanın keçirdiyi və keçirəcəyi mitinqlər gündəmin əsas mövzusudur. Bu prosesi necə dəyərləndirirsiz?
- Biz xüsusi siyasi aktivlik hiss etmirik. Bəzi siyasi qüvvələr sərbəst toplaşmaq azadlığı hüquqlarından istifadə edib, müəyyən tədbirlər keçirirlər. Təəssüf edirəm ki, bu vaxta qədər kütləvi tədbirlər keçirmək üçün müvafiq yerlər ayrılmayıb. Vətəndaşların və siyasi qüvvələrin sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Şəhərin mərkəzində icazəsiz aksiyanın keçiriliməsi, qarşıdurma olması, vətəndaşların rahatlığının pozulması bizi təəssüfləndirir.
- Aksiyalar üçün uyğun yerlər dedikdə haraları nəzərdə tutursuz?
- Bu məsələ siyasi partiya rəhbərləri arasında müzakirə olunmalı, hamını qane edən yerlər müəyyənləşməlidir. Aksiya üçün ayrılan şəhərətrafı yerləri uyğun hesab etmirəm. Bu məslənin üzərində ciddi iş aparılmalıdır.
- İctimai Palata aksiyalar üçün Nərimanov kinoteatrının qarşısını təklif edir. Sizcə bu yer uyğundur?
- Bir daha qeyd edirəm ki, bununla bağlı hər iki tərəf ciddi müzakirələr aparmalıdır.
- Aprelin 8-də 20-yə yaxın Qərb ölkəsinin diplomatik nümayəndələri İctimai Palatanın rəhbərliyində təmsil olunan şəxslərlə görüşüb. Bu görüşü necə qiymətləndirirsiz?
- Səfirlik nümayəndələrinin müxalifət partiyalarının rəhbərlər ilə görüşmələrini müxalifətə dəstək hesab etmirəm. Səfirlər, diplomatlar hər zaman müxalifət partiyalarının sədrləri ilə görüşürlər. Demokratik İslahatlar Partiyası mütəmadi olaraq belə görüşlər keçirir. Bu o demək deyil ki, onlar bizi dəstəkləyirlər. Görüşləri sadəcə diplomatların Azərbaycandakı ictimai-siyasi proseslərlə tanış olması kimi qiymətləndirirəm.
- Həmin görüş bəzi dairələrdə belə təəssürat formalaşdırıb ki, Qərb müxalifət olaraq İctimai Palata və orada təmsil olunan Müsavat Partiyası ilə AXCP-ni tanıyır. Bu təəssürat nə dərəcədə dolğundur?
- Qeydiyyatdan keçən bütün partiyalar ölkənin rəsmi partiyalardır. Bu, rəsmi proseduradır. Burada digər amilləri axtarmağı düzgün hesab etmirik. Başqa partiyaların fəaliyyətinə qiymət vermək istəməzdim. Mənim fikirlərim onların fəaliyyətinə xələl gətirə bilər. Ənənəvi olaraq, biz digər partiyaların fəaliyyətini şərh etmirik.
- Amma digər partiyalar, hətta ictimaiyyət sizi hakimiyyətyönlü partiya kimi qəbul edir. Parlamentdə müxalifət adından təmsil olunan partiyaları “cib müxalifəti” adlandıranlar da var.
- Belə bir faktın öz təsdiqini tapmasının şahidi olmamışam. Bu fikirləri bölüşmürəm.
- O zaman psevdomüxalifət anlayışı hansı partiyalara aiddir?
- Biz ikimiz də fərqli məlumatlara malikik. Hər kəs müxtəlif cür düşünə bilər. Amma mənə fərqli fikirlər bəllidir. Biz inkişafın tərəfdarıyıq. Cəmiyyətin böyük hissəsinin mitinqlərə çıxmaması göstərir ki, onlar da inkişafın tərəfdarlarıdır. Qarşıdurmanı, zorakılığı qəbul edənlər çox azdır. Siyasi mübarizədə bolşevik damğalarını, bolşevik sayağı çamuratmaları qəbul etmirik. Tənqid xətrinə tənqid etmək olmaz. Konkret təkliflər olmalıdır. Hər şeyi qara və ya ağ görmək düzgün deyil. “Onlar getsin, biz gələk” düsturu ilə işləyənlər məğlubiyyətə məhkumdur. Sən gələndən sonra nə edəcəksən, nə təklif edirsən suallarına cavab verilməlidir.
- Hansı hadisə baş versə, rəhbərlik etdiyiniz partiya aksiya keçirər?
- Müstəqilliyimizə xələl gəlsə, müdaxilə olsa hətta siyasi itaətsizlik belə göstərərik. Amma hələlik belə bir təhlükə yoxdur. Mövcud problemləri masa, kompüter arxasında həll etmək lazımdır. Təkliflər vermək lazımdır.
- Partiyanızın təklifləri hökumət orqanları tərəfindən qəbul edilirmi?
- Bizim verdiyimiz bütün təkliflər qəbul edilib.
- Sizcə başqa müxalifət partiyalarının təklifləri niyə qəbul edilmir?
- Hər şey təklif verməyin formasından asılıdır.
- Başqa partiyalar təklifləri düzgün vermir?
- Mən başqa partiyaların fəaliyyəti haqqında fikir bildirmək istəmirəm.
- Asim müəllim, Siz ixtisasca həkimsiz. Sağlamlığın nə olduğunu bizdən daha yaxşı bilirsiniz. Bayaqdan fikir verirəm artıq üçüncü siqareti çəkirsiz… - Təəssüf ki, çox çəkirəm. Nəsə öyrəncəliyəm. Amma əsəbi insan deyiləm. Çox səbirliyəm. Bilirəm ki, siqaret cana ziyandır. Bunu sizdən də yaxşı bilirəm. Amma ata bilmirəm.
- Bir müddət öncə Amerika səfərindən qayıtmısız. Səfər barədə qısaca məlumat verə bilərsiz?
- Biz səfər zamanı müxtəlif tədbirlərdə iştirak etdik. Bu tədbirlərdən biri də Azərbaycan mədəniyyətini Amerika ictimaiyyətinə çatdırılması ilə bağlı oldu. Türksoyun tədbirində də iştirk etdik. Siyasi araşdırma mərkəzlərində, tanınmış universitetlərdə, insan haqları təşkilatlarında, Konqresdə görüşlərim oldu.
- Amerika səfərindən qayıdan kimi ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşdüz. Bu görüş səfərlə bağlı idi?
- Görüşdə ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, partiyamızın fəaliyyəti müzakirə olundu və səfər təəssüratlarımı səfirə danışdım. Uzun illərdir biz cənab Brayza ilə tanışıq. O, ABŞ-ın Qafqaz regionu ilə bağlı ən təcrübəli diplomatıdır. Enerji, Dağlıq Qarabağ münaqişəsi, Avroasiya, Cənubi Qafqazla bağlı sahələrdə ən yüksək görəvlərdə çalışıb.
- Amma Brayza Minsk Qrupunun həmsədri kimi hansısa uğura imza ata bilmədi…
- Çox təəssüf edirəm ki, münaqişə hələ də həll olunmayıb. Beynəlxalq təşkilatlar bu məsələdə hüquqi nihilzmə yol verirlər. Burada beynəlxalq hüququn normaları çox yüksək surətlə pozulur. Münaqişənin arxasında çox ciddi və güclü hərbi qüvvələr dayandığı üçün beynəlxalq təşkilatlar da münaqişənin həllində aciz qalırlar.
- Bir neçə gün öncə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Beynəlxalq Forumda siz də iştirak etmisiz. Belə bir foruma ev sahibliyi edən ölkənin özünün daxilində mədəniyyət - xüsusilə də siyasi mədəniyyət hansı səviyyədədir?
- Öncə bildirim ki, belə bir tədbirin həyata keçirilməsi Azərbaycanın beynəlxalq missiyasının tərkib hissəsidir. Bizim çox zəngin mədəniyyətimiz var. Xalqımız etnik və dini mədəniyyəti çox gözəl qavrayıb. Bu sahədə hətta dünyanın aparıcı xalqlarına örnək ola bilərik. Çox gözəl olardı ki, etnik və dini mədəniyyətimiz, tolerantlığımız siyasi həyatımıza da sirayət etsin. Bu da təhsilin inkişafından asılıdır. Təhsildə ciddi problemlər var.
- Belə xəbərlər yayılır ki, prezidentin korrupsiyaya qarşı mübarizəsindən sonra təhsildə rüşvətxorluq yığışdırılıb. Doğrudanmı belədir?
- Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə sistemli şəkildə aparılmalıdır. Yaxşı olmayan sistemdə ayrı-ayrı fərdlərin yerini dəyişməklə nəyəsə nail olmaq çətindir.
- Uzun illərdir parlamentdə siyasi partiyaların dövlətdən maliyyələşmə məsələsi müzakirə olunur. Qanunun qəbuluna nə mane olur?
- Digər dövlətlərdə olduğu kimi, bizdə də siyasi partiyaların ölkənin həyatında rolu yüksək olmalıdır. Partiyaların dövlət büdcəsindən maliyyələşməsinə ciddi ehtiyac yaranıb. Partiyalara dövlət dəstəyinin olmaması müxtəlif xoşagəlməz hallara gətirib çıxarır. Təcrübə göstərir ki, ən demokratik, düzgün yol demokratik institutların dövlət tərəfindən maliyyələşməsidir.
- Azərbaycanda ən yaxşı qərargah sizin partiyanındır. Hətta hakim partiyanın belə füsünkar qərargahı yoxdur. Belə olan halda sizin dövlətin puluna nə ehtiyac var?
- Xoş sözlərə görə təşəkkür edirəm. Qərargahın yaxşı olması hər bir partiyanın imkanlarından asılıdır. Biz orta təbəqənin partiyasıyıq. Bizdə iş adamları, təəssübkeşlər, yaradıcı şəxslər çox olduğuna görə bəzi məsələləri həll edə bilirik. İmkanlarımız əla olmasa da, babatdır. Əgər dövlət dəstəyi olarsa, bizim fəaliyyətimiz daha da güclənə bilər.
- Partiyanızda diqqətimi cəlb edən iş qrafiki oldu. Bura daha çox dövlət qurumunu və ya xirici şirkəti xatırladır. Səhər 9-da iş başlayır, 18.00-da sona çatır. Altı-bazarı da öz yerində. Amma digər partiyalarda belə ciddi sistem yoxdur. Bu fərqi nə ilə izah etmək olar?
- Biz burada çalışan insanların hüquqlarına çox ciddi hörmət edirik. Normal istirahəti, həyatı olmayan insanın uğurlu siyasi fəaliyyəti qeyri-mümkündür. Çalışırıq işlərimizi elə quraq ki, boş-boş tədbirlər keçirməyək, planlı hərəkət edək.
- Partiyanız maliyyə hesabatı verirmi?
- Hər seçki ərəfəsində maliyyə hesabatı veririk. Maliyyə şəffaflığı ilə bağlı hansısa problemimiz yoxdur.
- Üzvlükhaqqı yığırsız?
- Üzvlükhaqqı var. Çox azdır. Amma partiya daha çox imkanlı üzvlərin hesabına maliyyələşir. - İmkanlı adamın Demokratik İslahatlar Partiyasına pul ayırmağa nə marağı var?
- Onların marağı bizim dəyərlərin cəmiyyətdə bərqərar olmasıdır.
- Partiyanızın hakimiyyətə gəlməsini nə vaxta planlaşdırıtsız?
- Hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir. Seçkilərdə qələbə qazanmaq mümkün olsa, hər bir partiya, o cümlədən bizim partiya hakimiyyətə gələ bilər. Hətta seçki sistemi tam mükəmməl olmayan ölkədə belə, güclü müxalifət qalib olar.
- Əgər bir tərəf davamlı şəkildə 90 faizdən artıq səs toplayırsa, ona qalib gəlmək mümkündürmü?
- Əlbətdə mümkündür. Faiz nisbətini dəyişmək lazımdır. Elə etmək lazımdır ki, xalqın, cəmiyyətin inamını qazanıb 90 faiz səsi sən qazanasan. Mən də bu istiqamətdə çalışıram. Hər şey şəraitdən və bizim hazırlığımızdan asılıdır.
- Bəzi siyasilər hesab edir ki, ərəb dünyasında cərəyan edən proseslər Azərbaycanda da təkrarlana bilər. Siz necə düşünürsüz proseslərin ölkəmizə təsiri varmı?
- Azərbaycan ərəb dünaysnın tərkib hissəsi deyil. Biz Cənubi-Şərqi Avropaya aidik. Ona görə də, ərəb ölkələrində baş verənlərin Azərbaycana təsir edəcəyini düşünmürəm. Bununla belə, hökumətin sosial məsuliyyəti olmalıdır. Sosial məsuliyyəti itirəndə belə xoşagəlməz hadisələr baş verir. Bu gün Azərbaycana şüurlarda inqilab lazımdır Mən Azərbaycanın inkişafını küçələrdəki qarşıdurmalarda deyil, şüurlardakı inqilablarda, təkamüldə görürəm.
- Hakimiyyətlə islamçı təşkilatlar arasında gərginlik hələ də qalmaqdadır. Dini təşkilatların fəallaşması nə vəd edir?
- Din siyasətdən ayrı olmalıdır. Harda ki, dini qüvvələr siyasi proseslərə qarışır orada mütləq qarşıdurmalar olur. Hicaba qoyulan qadağanı başa düşürəm. Axı məktəbli uşaqlar hicabın mahiyyətini bilmir, onlara valideynləri zorla geyindiriblər. Əgər vahid məktəbli forması qanunla tənzimlənibsə, buna əməl olunmalıdır. Bunu siyasi istismar kimi dövlətə və Konstitusiya sisteminə qarşı istifadə edən dini qüvvələr varsa, onlara öz niyyətlərini həyata keçirməyə imkan verilməməlidir. Heç bir xarici ölkə Azərbaycanın daxili işinə qarışa bilməz. Azərbaycana inqilab idxal etmək mümkün olmayacaq. Kimlərinsə xülyası var ki, Azərbaycanda islami rejim quracaqlar, bu, mümkün deyil.
- Azərbaycan Qərbə inteqrasiya etmək üçün hansı dəyərlərdən imtina etməlidir?
- Sovet dövründən qalma ənənələrdən imtina olunmalıdır. Bir sıra mənfi təcrübələr var ki, aradan qalxmalıdır. Bundan ötrü gənc nəslin təhsilinə xüsusi önəm verilməlidir. Neftdən gələn gəliri insan kapitalına çevirmək lazımdır. Gənclikdən siyasi iddiaların tonqalında odun kimi istifadə edənlər var. Bu olmamalıdır. İstənilən siyasi aksiya yüksək mədəniyyətə söykənməlidir. Kiminsə evinin qarşısında keçirilən aksiya və ya küçədə şüşələrin sındırılması məndə təəssüf doğurur.
Ruslan Xəlil
13 Aprel, 2011 15:59 ⁄ Baxılıb: 2114 ⁄ Çap
Bu bölmədə
|
|
|