Ölkədəki siyasi abu-havanı psixonevroloq analiz etdi
Azərbaycan siyasətində emosionallığın yüksək səviyyədə olması siyasətçilərin davranışında əksini tapır. Hətta eyni siyasi düşərgənin nümayəndələri mətbuat səhifələrində bir-birlərinin ünvanına işlətdiyi ifadələrdə hisslərə daha çox yer verirlər.
Bunun səbələrinə aydınlıq gətirən psixonevroloq Anar Tağıyev simsar.az-a emosional hallarda iki amilin fərqləndirilməsinin vacibliyini deyir: “Bu siyasətçilərin timsalında da görünür. İnsanın həqiqi münasibəti ilə emosional münasibəti arasında böyük fərq var. Emosional insan çox səhv edər, emosiya az olarsa, deyilən fikirin təsir gücü çox olar. Bir siayətçinin başqa siyasətçiyə aqressiv cavabı onun haqqında yalnış fikir formalaşdırır”.
A.Tağıyevin fikrincə, hər bir insan normal yaşaması, çalışması üçün emosialarını idarə etməyi bacarmalıdır: “Bizim cəmiyyətdəsə emosiyanı ya içində boğurlar ya da aqressivlik nümayiş etdirirlər. Siyasətçilərin hamısında emosionallıq var ki, bu siyasətçiyə yaraşmayan haldır. Digər ölkələrlə müqayisədə Azərbaycanda əsəb xəstələrinin çoxluq təşkil edir. Bu, mentel keyfiyyətlərdən irəli gəlir. Adam öz övladı üçün pul qazanmalı, həmin övlad da böyüyüb öz uşağı üçün çalışmalıdır və bu beləcə davam edir... Gələcəyi düşünmək yaxşıdır, amma insanın özünü sərbəst hiss etməsi də onun və gələcək övladının sağlamlığı üçün şərtdir”.
A.Tağıyev qeyd edir ki, bugün əsəb yaradan səbəblərdən başlıcası insanların normal istirahət etməməsidir: “Azərbaycanda rahat istirahət etmək anlamı yoxdur. Çox gərgin həyat tərzi keçirirlər, yalnız iş, pul qazanmaq barədə düşünürlər. Beynini yalnız işə kökləyən, evə gələndə, istirahət vaxtlarında da iş barədə düşünən adamın əsəbdən qurtulması mümkün deyil. Çox ölkədə olmuşam, şənbə-bazar günləri insanlarda canlanma hiss edilir. Bizdəsə hamı məzuniyyəti gözləyir, amma işləyə-işləyə istirahət etmək, işindən zövq almaq lazımdır”.
A.Tağıyevin əsəbləşən insanın ilk anda nə etməli olduğunu da diqqətə çatdırır: “Bu qaydanı unutmaq olmaz: dərhal cavab vermə! Qarşındakı nahaq olsa belə, əsəblərin gərgin olduğu vaxtı cavab qaytarmaq olmaz. Çünki bu vaxt deyilən fikir 99 faiz düz olmur. İmicini qoruyub saxlamaq istəyən hər bir şəxs onu təhqir etsələr də, bir neçə dəqiqə dillənməməlidir”.
İkinci qanun müşahidədir: “Adam sanki bir dəqiqə öz bədənindən çıxıb kənardan özünə və qarşısındakı insana baxmalı, aralarındakı dialoqa, sifət cizgilərinə diqqət etməlidir”.
Psixonevroloq sözlərinə görə, bunlara vərdiş edən adamlar az əsəbləşər, daha sakit həyat keçirə bilər.
Arifə Mikayılova