Seymur Orucovdan iki ziddiyyətli açıqlama
AXCP sədri Əli Kərimlinin evi qarşısında keçirilən aksiyada hansı qurumda təmsil olunan gənclərin iştirak etdiyi hələ də dəqiq bilinmir.
Yayılan xəbərlərdə deyilirdi ki, həmin gənclər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri olub.
Dünən YAP Gənclər Birliyinin sədri Seymur Orucovun simsar.az-a açıqlaması yerləşdirilib. azxeber.com-a istinadən yaydığımız xəbərdə S.Orucov aksiyanı onların təşkil etmədiyini deyib: “Aksiyanı YAP Gənclər Təşkilatı keçirməyib. Müstəqil gənclər öz fikirlərini ifadə ediblər. Onlar Əli Kərimliyə olan aqressiv münasibətlərini bldirmək üçün bu addıma əl atıblar.
Bu gün isə Trend-ə açıqlamasında S.Orucov tam fərqli münasibət sərgiləyib. O deyib: “Aksiya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin fəalları tərəfindən təşkil olunub: “Gənclər Əli Kərimlinin vətəni satmağına, xaricdən dəstək alaraq milləti səhv yola aparmağına, Qarabağ kimi problem qala-qala şəxsi mənafeləri önə çəkməyinə etiraz olaraq bu aksiyanı keçiriblər. Gənclər Əli Kərimlinin bu hərəkətlərini heç cür qəbul etmirlər. Polisin müdaxiləsi nəticəsində askiyanı tam başa çatdıra bilmədik, ancaq gənclər öz etirazlarını bildiriblər”.
Anar İsaoğlu