|
CƏLİLABAD RƏHBƏRLİYİ ÖLƏNLƏ ÖLDÜRƏNİN YAXINLARINI ÜZ-ÜZƏ QOYUR?
Cəbhəçi oğlunun polis oğlunu bıçaqlaması hadisəsi barəsində yeni məlumatlar
Aprelin 5-də Cəlilabad rayonunda məktəb yoldaşını bıçaqla qətlə yetirən Vasif Mirələmovun ailə üzvlərinin təhlükəsizlik məqsədilə rayondan çıxmaları xəbəri yayılıb.
Simsar.az-a Cəlilabaddakı mənbədən daxil olan məlumata görə isə qətlə yetirilən Cavanşir Həsənlinin ailəsi Mirələmovlar ailəsinə qarşı düşmənçilik etmək fikrində deyil. Mənbə onu da bildirir ki, Qətli törədən 15 yaşlı V.Mirələmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad şöbəsinin rəhbəri Təzəxan Mirələmovun oğlu olduğu üçün rayon rəhbərliyi məsələni siyasiləşdirərək cəbhəçinin evi qarşısında etiraz aksiyası təşkil edib.
Öldürülən yeniyetmənin atasının keçmiş polis əməkdaşı olması da hadisəyə siyasi don geyindirməyə əsas verib. Müxalifətin aprelin 2-də keçirdiyi mitinqdə qətli törədən V.Mirələmovun atası T.Mirələmov asayiş keşikçiləri tərəfindən döyülüb. Müxalifət mətbuatında onun döyüldüyünü əks etdirən şəkilləri dərc olunub. Rayondalı sözügedən ölüm hadisəsi isə aksiyadan 3 gün sonra baş verib. Ara söhbətlərində belə deyilir ki, keçmiş polis oğlu ilə cəbhəçi oğlu arasında münaqişə bu zəmində yaşana bilər.
Rayon Polis Şöbəsindən verilən məlumat isə bu ehtimalları heçə endirir. Məlumatda deyilir ki, V. Mirələmov öldürdüyü C.Həsənlinin qardaşı ilə mübahisə edib. Cavanşir qardaşını müdafiə məqsədi ilə Vasifə sillə vurub. Bundan sonar Vasif evdən bıçaq götürərək C.Həsənlini öldürüb.
Artıq Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda baş vermiş qətllə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Cəlilabad rayonunda aprelin 5-i rayon sakini Vasif Mirələmov münaqişə zəminində həmyerlisi Cahangir Həsənova bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən C.Həsənov orada ölüb.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən V.Mirələmov tutulub.
Hadisə iştirakçılarının hər ikisi orta məktəb şagirdidir. Hadisəni törədən V.Mirələmov AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmovun oğludur. Qətlə yetirilən C. Həsənovun atası Həsən Həsənov isə əvvəllər polis nəfəri olub. O, 10 il əvvəl daxili işlər orqanlarından xaric edilib.
Baş vermiş hadisə ilə bağlı Cəlilabad Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Ruslan RAMİL
6 Aprel, 2011 16:36 ⁄ Baxılıb: 1427 ⁄ Çap
Bu bölmədə
|
|
|