Rusdilli yazıçılara qarşı münasibət müzakirəyə çıxarıldı
Martın 31-də Milli Kitab Mükafatının keçirdiyi müsabiqənin onluğa düşən əsərləri bəlli oldu. Müsabiqə onluğa düşə bilməyən müəlliflərin bir sıra narazılıqları və yazıçı Natiq Rəsulzadə bu müsabiqəyə cavanların deyil, orta və yaşlı nəslin qatılmasının vacib olması fikri ilə yadda qalıb.
N.Rəsulzadə həmçinin rus dilli yazıçılara ögey münasibətin olduğundan da şikayətlənib.
Yazıçının bu mövqeyinə millət vəkili, rus dilli yazıçı Elmira Axundova və tərcüməçi Tofiq Abdin Simsar.az vasitəsi ilə münasibət bildirir.
“Adlarını çəkmirəm, amma siz də bilirsiniz bunu”
Yazıçı Natiq Rəsulzadə: “Mən rusdilli yazıçıyam. Bunu da heç vaxt nöqsan kimi qəbul etməmişəm və etmərəm. Azərbaycanda 10 yaxşı tanınmış nasir varsa, onun 5-i rusdillidir. Adlarını çəkmirəm, amma siz də bilirsiniz bunu. Rusdilli yazıçılara çox ögey münasibət var. Bəzən eşidirik deyirlər, rusdillidir, ona birinci, ikinci mükafat düşmür. Nədi, rusdilli bəyəm xalq düşmənidir”?
“Rus dilli yazıçılara qarşı heç bir biganəlik yoxdu”
Millət vəkili, yazıçı Elmira Axundova: “Rus dilində yazmağıma baxmayaraq, mən hər zaman yazdığım əsərləri Azərbaycan dilinə tərcümə etdirmişəm. Axı bizim dövlət dili Azərbaycan dilidir, istədik-istəmədik, gərək öz dilimizdə yazaq, yaradaq. Bu yaxınlarda “Yalanlar tarixi” adlı əsərim “Exo” qəzetində rus dilində dərc olunub. Mən öz vəsaitim hesabına həmin əsəri azərbaycan dilinə tərcümə etdirdim ki, cavanlar da oxusun. Rus dilli yazıçılara qarşı heç bir biganəlik yoxdu. Belə olsaydı, Azərbaycan Yazıçılar Birliyində təkcə öz dilimizdə olan jurnallara vəsait ayrılardı. Ancaq rus dilində olan jurnallara da axı bir o qədər vəsait ayrılır və onlar dərc olunur, oxucuları da çoxdur. Rus dilində çap olunan əsərlərə, kitablara heç kim qadağa qoymur”.
“Natiq Rəsulzadə bu fikrini görəsən hansı aspektdən deyib?
Şair-publisist Tofiq Abdin: “Azərbaycanda rus dilli yazıçıların oxucusu çoxdur. Mən deməzdim onlara qarşı biganəlik və ögey münasibət var, əksinə, onları oxuyanların sayı digərlərindən daha çoxdur. Natiq Rəsulzadə istedadına bələd olduğum yazıçıdır, rus dilli yazıçılara ögey münasibət var fikrini görəsən, o, hansı aspektsdn deyib? Azərbaycan Yazıçılar Birliyində ədəbiyyat qəzeti rus dilinə də tərcümə olunur. O zaman necə ola bilər ki, onlara ögey münasibət var? Sadəcə, hazırda rus dilli yazıçıların sayı bir xeyli azalıb”.
Aynurə Həsənova