“Xəstəyəm” “Yaxşı eşitmirəm”, “Başım qarışıqdı”, “Xeyir işim var”…
İctimai Palata aprelin 2-də mitinq keçirmək niyyətindədir. Təşkilatçılar bəyan edirlər ki, bütün hallarda keçiriləcək bu aksiya iştirakçıların sayına görə əvvəlki mitinqlərdən fərqlənəcək.
Bəs ziyalılar nə düşünür? Onlar mitinqə qatılacaqmı?
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Simsar.az-a açıqlamasında bildirib ki, aprelin 2-də mitinq keçiriləcəyi barədə məlumatı olsa da, orada iştirak etmək niyyətində deyil.
- Yaxşı bilirəm ki, mitinqlərin sonu nə ilə qurtara bilər. Ona görə çalışıram aksiyalardan kənarda qalım. Bu o demək deyil ki, biz mübarizədən imtina edirik. Sadəcə, mübarizəmizi başqa müstəvidə aparırıq. Həm də səhhətim yaxşı deyil. Yeri gəlmişkən deyim ki, İctimai Palatanın mahiyyəti mənə çatmır. Bu, əslində ictimai yox, Siyasi Palatadır. Paltarını dəyişmiş siyasi partiyaların birliyidir.
Tanınmış müğənni Akif İslamzadə xəstə olduğunu deyib danışa bilmədi:
-Mən xəstəyəm. Danışa bilmirəm. Sonra əlaqə saxlayarsınız”.
«2 aprel mitinqində iştirak edəcəksinizmi» sualına aktyor Rasim Balayev sualla cavab verdi: “Aprelin 2-si mitinqdir? Harada keçirilir?”
Qısa izahdan sonra Rasim Balayev rayondan təzə qayıtdığını və mətbuatdan xəbərsiz olduğunu bildirdi: “Səsinizi yaxşı eşitmirəm. Sonra danışarıq”.
Politoloq Qabil Hüseynli mətbuata açıqlamasında 2 aprel mitinqinə qatılmayacağını deyib:
-Hazırda başım çox qarışıqdır. Ailədə xeyir işimiz var. Qayğılarım çoxdur. Bu səbəbdən mitinqdə iştirak edə bilməyəcəm.
Cümşüd Nuriyev indiki vəziyyətdə mitinq keçirilməsinin tərəfdarı deyil.
- Aksiyalar partiyaların maraqlarına cavab verir, millətin deyil. Ona görə də, ziyalılar mitinqlərdə iştirak etmir. Cəbhəçilər ziyalıları küsdürüb. Vaxtilə onlar ziyalıların cəmləşdiyi Milli Elmlər Akademiyasının bağlanması məsələsini qaldırmışdı. Ziyalı küçəyə çıxmağı özünə sığışdırmır. 40 yaşından sonra küçədə şüar səsləndirmək, polislə qarşıdurmaya getmək şərq kişisinə yaraşmır. Alimin küçədə nə işi var…
Amma C.Nuriyevin özü sonuncu dəfə 2011-ci ilin fevralında aksiyada iştirak edib: «İran səfirliyinin qarşısındakı mitinqdə iştirak etmişəm.
Ramil MƏMMƏDLİ