“İngiltərə universitetlərində bir illik təhsil haqqı 20 min funt-sterlinqdir. İsa Qəmbərin bu qədər pulu varsa, buyursun!”
Nazirliyinin sektor müdiri Əlipaşa Zeynalov: «Tələbələri mitinqə cəlb etmək üçün müxtəlif variantlar üzərində düşünürlər ki, bu da nəticəsiz olacaq»
Müsavat Partiyası Avropa ölkələrinin diplomatik nümayəndələrinə Azərbaycanda siyasi fəaliyyətinə görə ali məktəblərdən çıxarılmış tələbələrin Avropa universitetlərində ali təhsil alması üçün müraciət edəcək.
Müsavat Partiyası Divanının iclasında bu barədə qərar qəbul olunub.
Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektor müdiri Əlipaşa Zeynalov Simsar.az-a açıqlamasında Müsavat Partiyasının bu ideyasını cəfəng adlandırıb: «Tələbələri mitinqə cəlb etmək üçün müxtəlif variantlar üzərində düşünürlər ki, bu da nəticəsiz olacaq. Müxalifət özünü yığışdırsın, belə variantlara əl atmasın. Tələbələr xaricdə təhsil almaq istəyirlərsə, oxusunlar, dövlətə xidmət etsinlər. Bu halda dövlət onların xərclərini üzərinə götürür».
Ə.Zeynalov bildirib ki, Müsavat Partiyasının xarici universitetlərdə tələbə oxutdurması prinsipcə mümkündür: «Buna pul lazımdır. İngiltərə universitetlərində bir illik təhsil haqqı 20 min funt-sterlinqdir. İsa Qəmbərin bu qədər pulu varsa, buyursun!».
Ə.Zeynalov qeyd edib ki, ümumiyyətlə, tələbələrin mitinqlərdə iştirakının qarşısı alınmalıdır: «Tələbənin mitinqdə nə işi var? Gedib dərsini oxusun, elmini artırsın. Mitinq, küçə yürüşləri tələbələrə heç nə vermir. Müsavat Partiyasına məsləhət görərdim ki, tələbələri elmdən, təhsildən ayırmasın».
RUSLAN