TQDK sədri: “Bəzi deputatlar bizim qanunların humanistliyindən sui-istifadə edirlər”
Tələbə Qəbulu üzrə Dövlət komissiyasının sədri Məleykə Abbaszadə deputat Fəzail Ağamalının «Hər il BDU-nun hüquq fakültəsinə, Tibb Universitetinə TQDK xətti ilə tələbələr qəbul edilir. Həmin tələbələr 100-150 min manatadək rüşvət verib qəbul olunurlar” ittihamlarını APA-ya müsahibə verməklə cavablandırıb.
“Sözsüz ki, belə bir əsassız və böhtan xarakterli ittihamla rastlaşan hər bir insan özünü müəyyən mənada aciz hiss edir. Yəqin, bilirsiniz ki, bu halda məhkəməyə müraciət etmək olmaz, çünki bu ittiham Milli Məclisdə deputat tərəfindən səsləndirilib. Ümumən bizim qanunlar hər hansı deputat tərəfindən parlamentdə səslənən belə ittihamları məhkəmə qaydasında araşdırılmasına yol vermir. Görünür, bəzi deputatlar bizim qanunların humanistliyindən sui-istifadə edirlər. Bəlkə də belə bir quru böhtana ən gözəl cavab sükut olardı. Lakin çox götür-qoydan sonra mən bu cəfəngiyata cavab vermək qərarına gəldim. Əslində bu, öz gərgin əməyi, biliyi hesabına yüksək nəticə göstərib ali məktəblərə qəbul olunan hər bir gəncin ünvanına səslənən böhtandır. Mən isə bir insan və vətəndaş kimi, minlərlə Azərbaycan tələbələri ilə birgə təhqir olunmuşam”.
Bu fikirlərlə başalayan müsahibədə TQDK sədri rəhbərlik etdiyi qurumun fəaliyyətində son dərəcədə şəffaflıq olduğunu bildirir. “Kim qəbul olunur, kim kənarda qalır, nə qədər bal yığıb - bütün bu məlumatlar internet vasitəsilə əldə oluna bilər” deyən M.Abbaszadəhər il respublikanın bütün şəhər və rayonları üzrə məzunların qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi məlumat kitabçaları hazırladıqlarını xatırladıb:
“Hər bir belə kitabda bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbinin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapır. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və orta məktəblərinə paylanır. Biz burada nailiyyətlərlə yanaşı, problemləri də göstəririk və göstərməliyik. Mən çox arzu edərdim ki, hörmətli deputatımız onun seçildiyi bölgə üzrə hazırlanan belə məlumatlarla tanış olsun. Biz bölgələrdəki qış aylarında keçirilən bu görüşlərə böyük məsuliyyətlə hazırlaşırıq. Hər bir rayonun müəllimləri də bizim bu araşdırmalara əsaslanaraq öz işini elə bil kənardan qiymətləndirir. Etiraf eləmək lazımdır ki, riyaziyyatın, ana dilinin və digər fənlərin şagirdlər tərəfindən mənimsəmə faizləri böyük maraqla qarşılanır. Bu məlumatlar həm ayrı-ayrı fənlər, həm də ayrı-ayrı məktəblər üzrə dolğun bir mənzərəni yaradır. Biz bu işi görmüşük, görürük və görəcəyik. Əgər bu, kiminsə xoşuna gəlmirsə, o, demək deyil ki, biz hamımız həqiqətə göz yummalıyıq”.
M.Abbaszadə müsahibəsində F.Ağamalıya məsləhət edərək deyib ki, TQDK-da korrupsiya ilə bağlı hansısa konkret fakt ona bəllidirsə, korrupsiya ilə mübarizə aparan müvafiq quruma müraciət edə bilər: “Mənə şəxsən belə faktlar məlum deyil”.
Aylin