"İTV rəngarəng deyil" - "Başqa deputatlar İTV-nin fəaliyyətindən razılıq etdilər"
Son günlər müxtəlif qurumları və ayrı-ayrı şəxsləri açıq tənqid atəşinə tutan deputat Fəzail Ağamalı parlamentin bugünkü iclasında İctimai Televiziya və Radio Yayımları Şurasını hədəf seçib.
Simsar.az - ın əməkdaşının məlumatına görə, parlamentdə İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibinin dəyişməsi ilə bağlı müzakirələr zamanı deputat bildirib ki, İTV-də rəngarənglik çatışmır: “İTV-də eyni fikirlər səsləndirilir, eyni adamlar çıxış edirlər. Nə qədər belə olmalıdır? İctimai televiziya ona görə belə adlanılr ki, cəmiyyətin bütün sahələrini əhatə etsin. İTV niyə Milli Məclisdə müzakirələr zamanı bütün düputatların çıxışlarını vermir? İTV ölkədə gedən bütün prosesləri işıqlandırmalıdı. İctimai Televiziyanın Yayım Şurasının rəhbərliyindən xahiş edirəm ki, ayrı-seçkilik yaratmasın”.
Əməkdaşımız deputatın təqidi fikirlərinə İctimai Televiziyanın Yayım Şurasına növbəti dəfə üzv seçilən, bu günə qədər şuranın sədri olan Cahangir Məmmədlinin münasibətini öyrənib.
Belə ittihamları hər kəsin özünəməxsus fikri olması ilə əsaslandıran C.Məmmədli deputat Nizami Cəfərovun həmin iclasdakı fikrini xatırladıb: "Hər kəsin fikrinə hörmətlə yanaşıram, ancaq Fəzail müəllimdən sonra Nizami Cəfərov çıxış edib dedi ki, televiziyadan hamının razı qalması mümkün deyil. Başqa deputatlar da İTV-nin fəaliyyətindən razılıq etdilər".