Qızxanım Quliyevanın məktubunda onun və ailəsinin yaşadığı zülmlərdən bəhs olunur
Mənzil ala bilmədiyi üçün 19 ildir üç ailə ilə 36 kvadrat metir sahəsi olan evdə yaşayan, ikinci qrup Qarabağ əlili İbrahim Quliyevin anası Qızxanım Quliyeva yaşadığı ərazinin deputatı Səməd Seyidova açıq məktub ünvanlayıb. Simsar.az həmin məktubu olduğu kimi dərc edir.
Oğlum 19 ildir ikinci qrup Qarabağ əlilidir. Milli Orduda hərbi xidmətini başa vurandan sonra, 1993-cü ildə ikinci dəfə Zəngilan rayonunda könüllü xidmətdə olub və müharibədən daha ağır vəziyyətdə qayıdıb. İki dəfə başından kontuziya alıb. Gözünün biri görmə qabiliyyətini itirib, başından yaralandığı üçün hər iki qulağından 19 ildir çirk gəlir. İndiyə qədər çox həkimə aparmışıq, heç kəs əməliyyatı boynuna götürməyib. Oğlumu müalicə etmirlər, heç olmasa ev versinlər.
Qiymətli nəyim vardısa, oğlumun müalicəsi üçün hamısını satmışıq. Üstünə hər gün təcili yardım gəlir. Pulu ancaq dava-dərmana çatdırıram. 36 kvadrat metr sahəsi olan evdə üç ailə yaşayırıq: əlil oğlumun 13-14 yaşlarında iki övladı, digər oğlanlarım və nəvələrim. 19 ildə müraciət etmədiyim yer qalmayıb. Heç birindən müsbət cavab almamışam. Elə deyirlər “gözləyin”, nə qədər gözləmək olar?
Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndərmişəm, prezidentimizə teleqramlar vurmuşam, məktubla müraciət etmişəm. Sonuncu dəfə də xəbərnaməylə üç məktub göndərmişəm. Prezident Admnstrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Rizvan Əliyevə göndərdiyim məktublara cavab almadım. Fevralın 16-da yenidən müraciət etdim. Cavab gəldi ki, məktubunuzu almışıq. Daha heç bir tədbir görülməyib.
Xətayi Rayon İcra Hakimiyyətində də növbəyə yazılmışam. Lakin bu 19 ildə eyni kateqoriyadan olan cəmi üç nəfərə ev verilib. Bundan sonra biz neçə il gözəməliyik ki, mənim oğlum ev alsın. Xətai Rayon İcra Hakimiyyəti elə bil ayrıca respublikadır. Əlillərlə heç vaxt maraqlanmır. Dəfələrlə getmişəm, göz yaşı tökmüşəm, amma məni qəbul etməyiblər. Məktub da göndərmişəm, amma nə fayda. Heç maraqlanmırlar ki, ərzaidəki əlillərə kömək üçün harasa müraciət etsinlər. Oğlum belə olmasaydı, heç bir qapıya getməzdim. Niyə qanunlara məhəl qoymurlar? Vətən uğurunda vuruşanlara belə münasibət göstərməzlər. Axı oğlum sağlamlığını müharibədə itirməsəydi, bir işin qulpundan yapışıb, ev alardı, balalarını, bizi dolandırardı. İbrahim Quliyev 70 manat prezident, 150 manat əlillik təqaüdü alır. Bu pul da müalicə üçün xərclənir. Övladlarının hərəsinə 10 manat pul verirlər. Onu da mən necə dava-qırığınla düzəltdirmişəm. 220 manat təqaüdlə, desinlər, necə yaşamaq olar?!
Səhiyyə Nazirliyi oğlumu müalicə üçün poliklinikaya göndərdi. Poliklinikada nə müalicə... Orada yalnız adi dərmanlar verirlər. İkinci qrup əlili dərmanla müalicə etmək mümkün deyil.
Göstərirlər ki, əlillərə, kasıb ailələrə qayğı var, onlara evlər ayırırlar. Amma kimi dindirirsən, deyir, mənzil verilməyib. Bəs bu evlər hara gedir? Əlillər Cəmiyyətinə gedirəm. Dəhşətli mənzərədir. Vətən uğrunda canını qoyan əsl əlillər hamısı pis vəziyyətdədir. Eləsi də var ki, ev ala bilib, amma yenə də növbədən çıxmır ki, ikinci dəfə yenidən alsın. Belələri çoxdur. Bir vicdanlı komissiya təşkil olunsa, bunları yoxlasa, görərlər vəziyyəti... Əlim hər yerdən üzülüb, əlacım kəsilib. Ürək ağrısı tapmışam.
Nə günahı var mənim balamın? Pis iş görüb? Vətəninin müdafiəsində sağlamlığından keçib. Gərək ona elə baxılsın ki, elə qayğı göstərilsin ki, böyüyən uşaqlarda vətənə məhəbbət olsun.
Bircə əlacım sizə qalıb, cənab Səməd Seyidov. Yaşadığım ərazinin deputatı kimi sizdən oğluma kömək etməyinizi istəyirəm.
Qızxanım Quliyeva
18. 03. 2011