Abel Məhərrəmov etiraz edən tələbələrə etiraz etdi
Bir qrup gəncin “Facebook” sosial şəbəkəsi vasitəsilə martın 14-ü saat 13-14.00 radələrinə Bakı Dövlət Universitetinin (BDU) qarşısına təyin etdiyi icazəsiz etiraz aksiyası ilə bağlı polis əraziyə nəzarəti gücləndirib.
BDU rəhbərliyi və Yasamal rayon Polis İdarəsinin gördüyü tədbirlər sayəsində tələbələr aksiyanı keçirə bilməyib.
“Bakı Dövlət Universitetində tələbələrin icazəsiz piket keçirmək istəməsi və Yasamal Rayon Polis İdarəsinin rəisinin orda olması ilə bağlı məlumatlar düzdür”.
Bu barədə mətbuata açıqlamasında idarənin növbətçisi Mübariz Bayramov deyib. Onun sözlərinə görə, gənclərin yığıncağı qanunsuz keçirildiyindən bunun qarşısı alınır.
Azadlıq radiosunun verdiyi məlumata görə, Bakı Şəhər Polis İdarəsinin rəis müavini Yaşar Əliyev və rektor Abel Məhərrəmov da hadisə yerinə gəlib.
Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova
Simsar.az-a açıqlamasında bildirib ki, heç bir icazəsiz aksiyadan söhbət gedə bilməz. Universitetdə həyat öz axarında davam edir.
Universitetin rektoru Abel Məhərrəmov isə deyib ki, tələbələr davamlı şəkildə ona müraciət ediblər ki, bir qrup gəncin belə pozuculuq əməllərindən hiddətləniblər və özləri buna qarşı aksiya keçirmək istəyirlər: «Sadəcə, biz buna əhəmiyyət vermək istəmirik. Bakı Dövlət Universitetinin 22 minlik heyəti ölkə prezidenti İlham Əliyevi dəstəkləyir”. A.Məhərrəmov deyib ki, BDU-nun bir nəfər də tələbəsi 11-12 mart aksiyalarında iştirak etməyib və etməyəcək.
Ramil