Martın 13-də Qobustan rayonu ərazisində Şıxzəyirli palçıq vulkanında püskürmə baş verib
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, şahidlər bildirib ki, püskürmədən öncə partlayış səsi eşidilib, palçıq brekçiyası püskürüb, sonra isə alov görünüb.
Alovun hündürlüyü 50 m-dən yüksək olub. Baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə FHN-in mütəxəssisləri və xilasediciləri dərhal hadisə yerinə göndərilib.
Hazırda Şıxzəyirli palçıq vulkanında alovun hündürlüyü xeyli azalıb və iki ocaqda 1-2 m hündürlükdə müşahidə olunur. Aktivləşmə getdikcə azalmaqdadır. Vulkan ətrafında mövcud olan bəzi sobkalarda palçıq axını müşahidə olunur.
Krater ətrafında dərin çatlar müşahidə olunur.
Vulkan püskürməsi kənd əhalisi üçün təhlükə törətmir.
Mütəxəssislər araşdırmaları davam etdirirlər.