Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

KƏNDLİLƏR MAL-QARADAN İMTİNA EDİRLƏR

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov kəndlinin çıxış yolu olmadığını deyir

Vahid Məhərrəmov: «Ucuz yem istehsal olunmalı, kəndliyə gübrələr pulsuz verilməli, su problemi həll edilməlidir»


Qış aylarında mal-qaranın gündəlik xərcləri kənd ailəsinin gündəlik məsrəflərindən çoxdur. Xərclər artsa da heyvandarlıqda məhsuldarlıq ildən-ilə azalır. Quraqlıq, xəstəlik, baxımsızlıq ucbatından inəklərin, camışların südü «ərşə» çəkilib.

Kürdəmirin Dəyirmanlı kənd sakini Nəciməddin kişi bildirir ki, ötən ilin yayında bir inəyi dabaq xəstəliyindən tələf olub, digər 3 inəyi bahalı dəvə-dərmandan sonra ölümdən qurtulsalar da, arıqlayıblar, məhsuldarlıqları aşağı düşüb: «İki inəyim sağılır. Hərəsindən gün ərzində cəmi dörd-beş litr süd alıram. İndi mal saxlamaq sərf etmir».

Kəndlərdə mal-qaradan imtina edənlərin sayı son illər artmaqda davam edir. Səbəb yuxarıda qeyd etdiyimiz kimi xərclərin çoxluğu, məhsuldarlığın olmamasıdır.

Fazil adlı Kürdəmir sakini artıq üç ildir heyvan saxlamır: «Sərf eləmir. Örüş yeri yoxdur. Otun, yemin, dərmanın qiyməti bahadır. Mal saxladın gərək, avarası olasan, ağır zəhmət çəkəsən. İşini-gücünü atıb malın dalına düşəsən, çobanlıq edəsən. Mənim buna nə vaxtım var, nə də həvəsim».

Dörd inəyi olan başqa bir kənd sakini deyir ki, hər gün iki yonca, bir ot, bir saman kipi (preslənmiş ot) və üç manatlıq yem məhsulları (kəpək, çiyid, arpa yarması və s) istifadə edir ki, bu da gün ərzində 15 manatdan çox edir. Qışda hər ay orta hesabla 400-500 manat mal-qaraya pul xərcləyən kənd sakinləri bu pulla il ərzində ağartı məhsullarına olan tələbatlarını ödəyə bilərlər.

Bazarda yonca kipi 3-5 manat arasında dəyişir.

Adi ot 2-3 manat, saman kipi 1 manatdır. Arpa yarması, çiyid, qarışıq yemin kiloqramı 50 qəpik - 1 manat arasında dəyişir.
Həmçinin dərmanların bahalığı, heyvanlara quluğun əziyyətini nəzərə alsaq mal-qara saxlamağın nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Zəhmətin böyüklüyü və gəlirin azlığı üzündən kənd sakinləri xarici ölkələrə, Bakıya üz tuturlar.

Bu cür vəziyyət Azərbaycan kəndlərini hara aparır?
Kəndlinin torpaqdan, heyvandarlıqdan uzaq düşməsinin qarşısını necə almaq olar?

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov kəndlinin başqa çıxış yolunun olmadığını düşünür: «Kəndli ya ziyanla mal-qara saxlamalıdır, ya da şəhərli kimi yaşamalıdır».
«Dövlət bu halda kəndliyə hansı yardımları göstərə bilər» sualına isə Ç.Fərəcovun cavabı belə oldu: «Dövlət neyləyə bilər? Hər kəs dövlətə sağmal inək kimi baxır. Çətinlik var, amma həyat davam edir. Ruhdan düşmək lazım deyil. Gördüz, inzibati yolla da olsa, yumurtanın qiymətini saldıq. Amma südün qiyməti qalxmalıdır. Necə olur, bir litr Şollar suyu 80 qəpiyə satılır, südün litri isə 1 manatdır».
Ç.Fərəcov bildirir ki, ümid yalnız Allahadır: «Torpaqlar deqradasiyaya uğrayıb. Məhsuldarlıq aşağıdır. Təşəbbüs qaldırmışıq ki, qarğıdalının hər hektarına görə, kəndliyə 80 manat verilsin. İndi görək də».

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə düşünür ki, Nazirliyin şöbə müdiri belə danışmamalıdır: «Mal-qaranın tələf olmasına, məhsuldarlığın aşağı düşməsinə görə məsuliyyəti nazirlik daşıyır».

V.Məhərrəmova görə, heyvandarlığın dirçəldilməsi üçün bitkiçilik inkişaf etdirilməlidir: «Arpa, buğda, qarğıdalı əkilmirsə yemin qiyməti baha olacaq. Bu təbiidir. Ucuz yem istehsal olunmalı, kəndliyə gübrələr pulsuz verilməli, su problemi həll edilməlidir».

Ekspert hesab edir ki, Azərbaycanda 3 milyona yaxın iribuynuzlu mal-qaranın saxlanılmasına ehtiyac yoxdur: «Hökumət kəndlinin üç inəyini bir cins inəklə dəyişməlidir ki, həm məhsuldarlıq artsın, həm də otlaq sahələri məhv olmasın. Bundan başqa tələf olan mal-qaraya görə, kəndliyə kompensasiya verilməlidir».

RUSLAN






11 Mart, 2011  16:10 Baxılıb: 2261 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16