Sabah nə edəcəklərini heç qrupun yaradıcıları da bilmir
“Facebook” sosial şəbəkəsində yaradılan “11 Mart - Böyük Xalq Günü” qrupunun martın 11-də keçirəcəyi virtual etiraz aksiyası ətrafında ajiotaj səngimək bilmir. Müxalifət partiyaları virtual aləmdəki çağırışları real etiraz kimi qələmə versələr də, 11 martın adi günlərdən biri olacağı şübhə doğurmur.
Çoxluq aksiyaya qatılmır
“11 Mart - Böyük Xalq Günü” qrupunun profilində qeyd olunur ki, qrup aksiyaya 40 mindən çox istifadəçini dəvət edib. 5 min nəfər etiraz aksiyasında iştirak edəcəyini, 7 min 500 nəfər isə iştirak etməyəcəyini bildirib. 3 min 250 nəfərin cavabı “bəlkə iştirak etdim» olub.
Xaricdən idarəçilik
“11 Mart - Böyük Xalq Günü” qrupunu gənc fəallar Elnur Məcidli, İsa Yusifli, Bəxtiyar Hacıyev, Həbib Müntəzir, Arzu Qeybulla, Məcid Mərcanlı yaradıb. Bəxtiyar Hacıyev istisna olmaqla qrupun bütün üzvləri xaricdə yaşayır.
Bəs, 11 martda nə baş verəcək? Bu gün əvvəlki günlərdən nə ilə fərqlənəcək?
«Biz heç kimi haranısa dağıtmağa, yandırmağa təşviq etməmişik”
Elnur Məcidli bildirib ki, 11 mart aksiyası üçün yer, zaman və yaxud aksiyanın forması göstərilməyib: «Biz heç kimi haranısa dağıtmağa, yandırmağa təşviq etməmişik. Xalq 11 martı necə yaşamaq istəyəcəksə, elə də olacaq. Ola bilsin, kimsə evdə oturub çay içəcək, kimsə sosial şəbəkədə fəallıq edəcək, kimsə də etiraz səsini küçədə qaldıracaq».
Əli Əhmədov: “Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər”
Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov 11 martın adi günlərdən biri olacağını deyib. O, mətbuata açıqlamasında bildirib: «Son vaxtlar bir neçə müxalifət partiyasının nəzarətində olan və xüsusilə də ölkədən kənardakı dairələrlə əlaqəyə malik bir qrup gənc sosial şəbəkələr vasitəsilə müəyyən çağırışlar edir, təxribatçı ideyalar ortaya atırlar. Birmənalı şəkildə bildirmək istəyirəm ki, Azərbaycan gəncləri bu ideyaları dəstəkləmirlər. Belə çağırışlara səs verənlərin sırasında çoxlu sayda ermənilər var. Azərbaycan torpaqlarını işğal etmiş ermənilər tərəfindən dəstəklənən bir ideyanın ölkəmizin əleyhinə olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın xeyrinə olan ideyalar heç vaxt ermənilər tərəfindən dəstəklənməz».
“Xaricdə yaşayan bir qrup adamın inqilab baş verən ölkələrlə paralellər aparması gülüş doğurur”
"Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının(UGT) sədri Fərid Şahbazlı hesab edir ki, sosial şəbəkələrdə bir qrup fürsətçil adamın Azərbaycan gəncliyi adından danışması yolverilməzdir: "Azərbaycan gəncliyinin aydın və qəti mövqeyi var: gəncliyimiz ölkədə aparılan siyasi və iqtisadi islahatları dəstəkləyir və bu islahatların reallaşması prosesində birbaşa iştirak edir. Gənclərimizin özünü ifadə etməsi və potensialını inkişaf etdirməsi üçün bütün zəruri şərtlər mövcuddur. Belə olan halda özləri xaricdə yaşayan bir qrup adamın gəncləri meydanlara səsləməsi, inqilab baş verən ölkələrlə paralellər aparması sadəcə gülüş doğurur. Azərbaycan gəncliyi belə təxribatçı qüvvələrin məkrli planlarının reallaşmasına imkan verməyəcək".
“Bu günün təbliğində bizim də günahlarımız oldu”
İrəli Gənclər Təşkilatının fəalı Faiq Qurbanov 11 martın əsassız yerə reklam olunduğunu düşünür: «Bu günün təbliğində bizim də günahlarımız oldu. Gərək fikir verilməyəydi. Üç-dörd nəfər yığışıb öz aralarında söhbət ediblər. Siyasətçilər də bunu ictimailəşdirdilər. Bütün hallarda sabah heç nə baş verməyəcək. Yalançı hay-küydür».
RAMİL